adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

İlham İsmayıl: Vay o gündən ki, bu dəyişiklik olmaya...

21909 | 2019-07-25 09:30
"Onların yerişi də, onların bütün görünüşü də, az qala hər addımda deyirdi. Biz qocayıq, qoca, ilahi, biz necə də qocayıq”. Bu, Dostoyevskinin "Alçaldılmış və təhqir olunmuşlar” romanından qoca və iti Azorka haqqında deyilən sözlərdir. Hər gün Qarabağın işğal altında olması əzabı məni üzsə də, Ağdamın işğalı günü özümü daha yazıq hiss etdim və millət olaraq Dostoyevskinin romanının adının bizə necə uyğun gəldiyini görüb, kiçik interpretasiya ilə: "biz acizik, aciz, ilahi, biz necə də acizik”-düşündüm.

Biz işğala adət edilirik. Öz siyasətimiz də, dünya siyasəti də maksimum çalışır ki, bizi işğala boyun əydirib, şərəfsiz bir tarixə imza atdırsın və dünya durduqca millət olaraq natamamlıq kompleksini içimizdə yaşatsın. Natamamlıq kompleksini biz onsuz da 26 ildir özümüzdə daşıyırıq, amma hələ də ümidimiz ölməyib, fikirləşirik ki, kimlərinsə uydurduğu " beynəlxalq vəziyyətin” dəyişməsi deyil, özümüzün nə vaxtsa müsbətə doğru dəyişməmiz vacibdir ki, vətənimizi azad edə bilək. Vay o gündən ki, bu dəyişiklik olmaya və natamamlıq kompleksini hər addımda hiss edəsən. Qaça da bilməzsən, Allah insana unutmamaq kimi qabiliyyət verib və sonsuzadək unuda bilməyəcəyin xəcaləti, təhqiri yaşamağa, daha doğrusu sürünməyə məcbur olacaqsan. Fərd olaraq da, millət olaraq da. Bu günlərdə bir gənc dedi ki, xaricə gedib başqa bir millətin qızı ilə evlənmək, milliyyətini də danmaq istəyir ki, övladları da bilməsin ki, atasının vətəni haradır. Dedi ki, mən içimdəki şərəfsizliklə ölüb getmək istəyirəm. Dedi ki, istəmirəm məğlub millətin kompleksi uşaqlarıma keçsin, onlar da mənim kimi əzabla yaşasın. Dəhşətdir! Faktiki korroziyaya uğramaqdır.

Hər addımda dövlət, millət adına qürursuzluqla rastlaşmaq, yaşamaq çox əzablıdır. Ona görə xalq əsgərinin əlindən silah alınmasını belə ağrılı qarşılayır, bunu özünə təhqir bilir, əski parçasına çevrildiyini düşünür. Adını "təxribatdan qaçdıq” deyib, yasalamağa ehtiyac yoxdur. Hansı təxribatdan? Bu günlərdə İran Böyük Britaniyanın gəmisini izahat vermədən həbs etdi, limanına apardı. Bir həftə əvvəl İranın gəmisinə əl qoyan Britaniyaya cavab verdi. İranın ABŞ-la gərginliyinin pik həddində olmasına baxmayaraq, dövlətin qürurunu, ləyaqətini qorumaq naminə İran ən kəskin addımı atmaqdan çəkinmədi. "Evronyus” kimi səviyyəli xəbər proqramı İran vətəəndaşlarının bu hadisəyə münasibətini öyrənəndə, hər kəs dövləti ilə qürur duyduğundan danışdı, heç kim iqtisadi böhrandan, qarşıdurmaya səbəb olan siyasətdən, sosial problemdən gileylənmədi.

İranın böyük dövlət olmasını sübut kimi gətirənlər, bizim kiçik olduğumuzu deyib, müqayisənin səhv olduğunu söyləyənlər, bilin ki, Böyük Britaniya, ABŞ da İrandan çox böyük və güclüdür. İrana bir dövlət olaraq heç bir simpatiyam olmasa da, onun bu hərəkəti təqdirolunandır. Bizim düşmənimiz Ermənistan da Böyük Britaniya deyil ki? Sayı bizdən 4 dəfə az olan, bizdən kiçik dövlətdir, arxasında kimin olmasından asılı olmayaraq. Dövlətin qüruru, şərəfi böyük, kiçikliyə baxmır, öləndə də ayaq üstə ölmək lazımdır, uduzanda da mərd kimi uduzmaq lazımdır. Heç olmasa gələcək nəsil bilər ki, vətən torpağından ötrü xalq, hətta dünyanı qarşısına aldı. Yoxsa, bəzi siyasilər təbliğ edir ki, ”Qarabağda qan tökmək mənasızdır”. Çörçil deyir ki, "necə uzun və ağır olsa da, millətə qələbə lazımdır, nəyin bahasına olursa olsun, nələrə başa gəlsə də.., qələbə lazımdır”. Və həmin Çörçil deyir ki, "ehtiyyatlılıq hər şeydən əvvəldir” şüarı ilə müharibəni heç vaxt udmaq olmaz”. Bunu hər ik dünya müharibəsinin qalibi deyir.

Qələbəni qürurlular qazana bilər. Paşinyan ilk dəfə Şuşaya gəlib parad keçirəndə qürurumuza toxundumu? O vaxt milləti qınağa doldurmaq məqsədilə onun bizi qorxaq bildiyini yazdım. Üstümə düşdülər. O gündən bəri Paşinyan Qarabağı su yoluna döndərib, artıq Şuşada yallı gedir və biz qınağa dolmamışıq, əksinə, laqeydlik, biganəlik daha da artıb, yəni kütlə oluruq. Məni qınayanlar isə kütlə təfəkkürünün daşıyıcısı olub, "bir tikə çörəyin dalınca qaçdıqlarını” etiraf ediblər, yazdıqları isə nökər xislətindən o yana deyil.

Aydın məsələdir ki, qələbə uduzmaq qədər asan deyil, çətindir, böyük canlı itkilər ola bilər, amma onu da bilmək lazımdır ki, qalibin heç vaxt yaraları ağrımır. Sabah isə, Qarabağın vuran əli Ağdamın işğal günündə bütün yaralarım daha da sızıldayır, əzab verir. Sabah və neçə ki, belə davam edəcək bütün sabahlar bizim üçün məğlubiyyət günləridir və Şəhidlər Xiyabanını ziyarət etməklə təsəlli tapmaq olmur. Bütün yaraların sağalması üçün millətə qələbə lazımdır. Tarix sübut edib ki, xalqına qələbə qazandıra bilməyənlər sonda xalqın üzərində qələbə çalmağa çalışır, bu aksiomadır. Düşməni əzə bilməyən, sonda xalqı əzməyin yollarını arayacaq, rəhimsiz olanlara səlahiyyət verəcək və o zaman qorxu içində əzilən xalq kütləyə çevriləcək. Kütlə təfəkkürü ilə qələbə əldə olunmur, kütlə yalnız çörək arxasınca gedir, düşmən üstünə getmir.

Biz aciz deyilik, bizi aciz edirlər.

TƏQVİM / ARXİV