QƏBƏLƏDƏ PiANO FABRiKiNiN TiKiLMƏSiNƏ NiYƏ DiLXOR OLURSUNUZ?

AQİL ABBAS
39426 | 2010-03-09 21:57
Qəbələdə Piano fabriki tikilir. Yəqin ki, bu Piano fabriki adlansa da, həm də fortepiano istehsal edəcək. Və bu, fabrikdə ən azı yüzdən artıq adam çalışacaq yeni bir istehsal müəssisəsinin açılması deməkdir, büdcəyə nə qədər xeyir gətirəcək. Və təbii ki, bu fabrik təkcə 100-150 adamın çalışması demək deyil, həm də bir infrastrukturadı. Pianolar üçün ağac emalı lazımdır, nə qədər adam bu ağac emalı ilə məşğul olacaq. Bunun daşınması var, satılması və bazarda ucuzluq yaratması var və daha bilmədiyim nələr... mən iqtisadçı deyiləm.
   
   Biz piano və fortopianoları xaricdən, özü də çox baha qiymətə alırıq. Və bu da bir faktdır ki, Azərbaycandakı hər bir ziyalının evində mütləq bir piano olur. Özü də onu deyim ki, piano həm də təkcə musiqi aləti kimi evə gətirilməyib, hətta bir bəzək əşyasına çevrilib. Təbii ki, evdə piano olarsa, artıq müəyyən yaş həddinə çatan uşaq da başlayır piano ilə oynamağa.
   
   Gözümü açıb evimizdə piano görmüşəm. Nə atam pianoda ifa edə bilib, nə anam. Onlar da yəqin ki, dəbə görə almışdılar. Amma bu piano səkkiz bacı-qardaşın hamısında musiqiyə bir sevgi oyatdı. Deyə bilərəm ki, hamımız pianoda nəsə ifa edə bilirdik, hətta sonra iki bacım və bir qardaşım piano təhsili də aldı.
   
   Yeri gəlmişkən, dünyanın ən məşhur pianoçuları içərisində azərbaycanlıların xüsusi çəkisi avropalıların xüsusi çəkisindən bəlkə də artıqdır. Fərhad Bədəlbəyli, Zöhrab Adgözəlzadə, Murad Adgözəlzadə kimi pianoçu dünyada barmaqla sayılacaq qədərdi. Eləcə də rəhmətlik Vaqif Mustafazadə kimi, Gülarə xanım Əliyeva kimi, Zaur Əliyev kimi pianoçularımız olub. Və bu gün Konservatoriyamızda dünya ünlü sənətçilərimiz var.
   
   İndi bilmirəm yenə piano həm bir musiqi aləti kimi, həm də evin dizaynına gözəllik verən bir əşya kimi əvvəllər olduğu kimi sevilir, yoxsa yox.
   
   Qısası. Piano fabrikinin tikilməsi təkcə iş yerlərinin açılması ilə məhdudlaşmayacaq, həm də dünya musiqi mədəniyyətinin beşiklərindən biri olan Azərbaycanda mədəniyyətimizin inkişafında öz rolunu oynayacaq.
   
   Və təbii ki, istehsal elədiyimiz pianolar təkcə Azərbaycan bazarı üçün deyil, həm də xarici bazarlar üçün nəzərdə tutulur. Bu da Azərbaycanın dünyada bir mədəni ölkə olmasının göstəricilərindən biridir.
   
   Mən özüm də bir neçə dəfə piano almaq istəmişəm, mağazaları gəzmişəm, amma qiymətlərini öyrənəndə görmüşəm ki, gücüm çatan həddə deyil. İşlənmiş "Belarus" pianosu 1000 dollardı. İşlənmişi ha. Mən hələ fortopianonu demirəm.
   
   İndi Azərbaycan özü piano istehsal edib ucuz qiymətə satıb musiqisevərləri sevindirsə, pis olar? Buna niyə dilxor olursunuz ki?
   
   Qəzetlər Piano fabrikinin tikilməsinə elə bir təpki göstərirlər ki, adam çaşıb qalır.
   
   Maraqlıdır ki, buna da ən çox ona görə daralırlar ki, bu fabriki açan ordan para qazanacaq. Bu adi bir məsələdi də. Hər hansı bir iş adamı bir yerə para yatırırsa, təbii ki, ordan da para götürməlidir. Amma onun büdcəyə verəcəyi xeyir, işçilərə verəcəyi xeyir, Sosial Müdafiə Fonduna verəcəyi xeyir özünün götürəcəyindən qat-qat artıq olacaq.
   
   Musiqi məktəblərindəki pianoların çoxu ömrünü başa vurub. Nə qədər orasını-burasını döyəcləyirlər, yenə xeyri yoxdu. Bəzi musiqi məktəblərində demək olar ki, bircə piano qalıb. 30-40 şagirdə bir piano düşür ki, bu da o deməkdir ki, heç şagirdlər pianoya yaxın dura bilmirlər. Xaricdən piano almaq da çox baha başa gəlir. İndi Azərbaycan çox ucuz qiymətə piano istehsal eləyib özünün musiqi məktəblərini, eləcə də musiqisevərləri təmin edərsə, burda nə pis bir şey var?
   
   Nəinki yeni bir zavod-fabrikin, hətta adi bir kiçik sexin də açılmasına sevinmək lazımdır. Bu həm ölkənin iqtisadi inkişafına xidmət edir, həm də işsizliyi aradan qaldırır. Lap bir kiçik müəssisədə 40-50 adamın işlə təmin olunması təkcə 40-50 adamın işlə təmin olunması demək deyil. Həmin müəssisədən yüzlərlə, minlərlə insan yararlanır.
   
   Gənc bir iş adamı Hilal Məmmədov Ağcabədi rayonunun Hindarx qəsəbəsində nar şirəsi istehsal edən kiçik bir müəssisə açıb. Burda 40-a yaxın insan işlə təmin olunub. Amma gəlin məsələnin kökünə gedək. Həmin bölgədə yerləşən kəndlərdə hər il yüz tonlarla, bəlkə daha çox nar yetişdirilir. Və bu nar yetişdirənlər nə qədər nar yeyə bilərlər, nə qədər nar şirəsi içə bilərlər? Bazara çıxarmaq da o dərəcədə sərf eləmir. Daşınma xərcləri, Bakıya gətir, sata biləcəksən, sata bilməyəcəksən, nə bilim daha nələr... Allahın neməti tökülüb qalırdı ortalıqda və çürüyürdü. İndi minlərlə kəndli uzaqbaşı 10-15 kilometr yol qət eləməklə yetişdirdiyi məhsulu normal qiymətlərlə həmin müəssisəyə təhvil verir. Deməli, bu müəssisə təkcə 30-40 adama deyil, həm də minlərlə adama xeyir verir.
   
   Ağcabədi böyük heyvandarlıq rayonudur. Ət məhsullarını bazara çıxarmaq asandır, amma süd məhsulları tökülüb qalırdı ortada. Nəticədə heyvandarlar süddə itirdikləri zərəri ətin üzərinə gəlirdi və ət bahalaşırdı.
   
   İndi Ağcabədidə dünya standartlarına cavab verə biləcək iki böyük Süd Emalı Zavodu tikilib. On adda süd məmulatı buraxacaq bu zavodların istehsal elədiyi məhsullar təkcə Azərbaycanda deyil, xarici bazarlarda da satılacaq. Artıq zavodlar demək olar ki, hazır vəziyyətdədi, yaxın zamanlarda istifadəyə veriləcək. Və bu iki zavodda 300 nəfərdən artıq insan çalışacaq və işsizliyin aradan qaldırılmasında nə qədər rol oynayacaq. Bir rayonda 300 adamın işlə təmin olunması kiçik rəqəm deyil.
   
   Amma yuxarıda qeyd etdiyimiz kimi, axı bu müəssisələr 300 adama deyil, minlərlə heyvandarlıqla məşğul olan kəndliyə də xidmət edəcək. Onlar məhsullarını normal qiymətə zavoda sata biləcək, bu da onların maddi rifah halının yaxşılaşdırılmasında mühüm rol oynayacaq. Eyni zamanda bu ölkə iqtisadiyyatına müəyyən bir xeyir gətirəcək. Təbii ki, bu zavodu tikənlər də xeyir götürəcəklər. Qoy xeyir götürüb varlansınlar. Ölkədə varlı adamların sayının artması pis haldı?! Və mənə də çox xoşdur ki, həm nar şirəsi istehsal edən müəssisənin , həm də bu zavodların Ağcabədidə tikilməsində az-çox əməyim olub.
   
   Yeri gəlmişkən. Bərdə və Ağcabədi rayonlarında hər il min tonlarla xurma (Qarabağda buna pırnıx deyirlər) elə ağacların üstündəcə çürüyüb tökülür. Bundan riçal almaq mümkündür.
   
   Eləcə də Bərdə, Ağcabədi rayonlarında hər il min tonlarla badımcan istehsal edilir. Badımcan kürüsü də ən çox sevilən ərzaq növlərindən biridir.
   
   İş adamları bu bölgədə həm xurmadan riçal almaq üçün, həm də badımcandan kürü istehsal edə biləcək kiçik müəssisələr tikə bilərlər. Və yaxud da onları xam məhsul kimi xaricə də çıxara bilərlər.
   
   Məsələn, İmişlidə Şəkər zavodu açıldı. Təkcə elə Ağcabədidə nə qədər kəndli indi şəkər çuğunduru əkir və bundan da böyük gəlir əldə edir.
   
   Bir yazıda hər şeyi yazmaq mümkün deyil. Qeyri-neft sektorundan danışırıq. Qeyri-neft sektorundan da ən əhəmiyyətlisi kənd təsərrüfatıdı. 70-80-ci illərdə Azərbaycan neftin hesabına milyoner olmamışdı. Kənd təsərrüfatı məhsullarının, xüsusilə pambıq və üzümün, subtropik bitkilərin hesabına. Əgər kənd təsərrüfatını yenidən biz 70-80-ci illərin səviyyəsinə qaldırsaq, neftdən də çox gəlir əldə edə bilərik. Həm də insanların şəhərə axını dayanar. Bu da ayrı bir yazının mövzusudu, biz vaxtaşırı bu mövzuya müraciət edirik və gələcəkdə də müraciət edəcəyik.
   
   İş görənə xeyir-dua verərlər, dilə-dişə salmazlar. Və sabah o iş görənlərin əli soyuyar, bu da heç xoş olmaz.
   
   Sonda. "Jalə" şirələrini istehsal edən şirkətin rəhbərliyindən xahiş edirik ki, bu şirələri 1 manata yox, 3 manata satsınlar. İstehsal etdiyiniz şirələri xalqa ucuz satmağınız müxalifəti yaman dilxor edib.

TƏQVİM / ARXİV