adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
18 Iyul 2019 14:48
30014
GÜNDƏM
A- A+

«AZƏRYOLSERVİS» ACS-nin SƏDRİ CƏNAB SALEH MƏMMƏDOVA

Bakıdan Astaraya Avropa standartlarına uyğun gözəl bir yol çəkilib. Sürücü günahı olmasa , bu yolda heç bir qəza mümkün deyil. Həm də Bakı-Astara arasındakı məsafə 50 kilometrə yaxın azalıb. Ordan da iki yol ayırılır üzü dağlara – biri Yardımlıya, biri də Lerikə. Hər ikisi də rahat bir yoldu. Dövlət vətəndaşlarının rahatlığı və təhlükəsizliyi üçün lazımi qədər pul ayırıb, «Azəryolservis» ASC-nin işçiləri də öz üzərlərinə düşən işin öhdəsindən ləyaqətlə gəliblər.

Düzdür, dağ yolları olduğuna görə hərdən uçqunlar olur və dərhal da aradan qaldırılır.

Tanrı heç vaxt görə bilməcəyimiz cənnəti Lerik və Yardımlının timsalında elə bu dünyada bizə bəxş edib. Və burda turizmi inkişaf etdirmək həm bölgənin daha da inkişafı üçün, həm də əhalinin işlə təminatı üçün böyük bir rol oynaya bilər və az-çox da belə məkanlar var, özü də yüksək səviyyədə fəaliyyət göstərir.

Yardımlı ilə Lerikin arası 45 kilometrdi və ara yol var – dağlardan, meşələrdən keçir. İndi həmin yol asfaltlaşdırılır. Yardımlıdan Bilnə kəndinə asfalt çəkilir. Bu kənd məşhur jurnalist Elşad Paşasoyun kəndidir. Lerikin də Yardımlıya sonuncu kəndi olan Xanagaha rayon mərkəzindən yol çəkilir. Orda da bir Bülüdül kəndi var . Bu kənddə də çox gözəl mineral bulaq var – Turşsu. Qismət olub mən də o bulağın gözündən su içmişəm.

İndi Bilnə ilə Xanagahın arasındakı 3,15 kilometr yol – bir su içim məsafədi, hələ ki əvvəlki kimi qalır. Bu da Leriklə Yardımlı arasındakı gediş-gəlişə çox böyük maneçilik törədir.

Bu məsələ ilə əlaqədar Elşad Paşasoy bir neçə dəfə mətbuatda çıxış elədiyindən mən təkrar eləmək istəmirəm.

Üzümü «Azəryolservis» ASC-nin sədri hörmətli Saleh Məmmədova tuturam.

Hörmətli Saleh müəllim, ölkəmizin yol infrastrukturunda çox böyük işlər görülüb və bu işdə kollektivinizin də böyük əməyi var. Buna görə sizə də, kollektivinizə də təşəkkür edirəm. Və xahişim də odur ki, Leriki Yardımlıya birləşdirən o 45 kilometr yolun artıq 42 kilometrə yaxınını yüksək səviyyədə tikmisiniz. Birləşmə üçün qalıb 3,15 kilometr. Bu da «Azəryolservis»in əlində bir su içimdi. Həmin məsafənin də plana salınması üçün Lerik və Yardımlı camaatının mənə müraciətini sizə çatdırmaq istədim.

İnanıram ki, tezliklə həm hər iki rayonun camaatını, həm də o gözəl yerləri görmək istəyən qonaqları sevindirəcəksiz.

Hörmətlə:

Aqil ABBAS,

Millət vəkili