adalet.az header logo
  • Bakı 21°C
18 Iyul 2019 10:24
28753
MƏMLƏKƏT
A- A+

XİLASKAR “ALOVÇU”

Bakının 7-ci mikrorayon ərazisində gənc qız özünü hündürmərtəbəli binadan atmaq istəyib.


Adalet.az xəbər verir ki aprel ayının 7-də, saat 18:30-da Bakının 7-ci mikrorayon ərazisində 18 mərtəbəli binada L.R qızı intihara əl atıb. O, özünü binanın damındaki xüsusi tikilinin içərisindən, yəni pəncərə sayıla biləcək yerindən ataraq canına qəsd etmək istəyib.

Bu zaman həmin ərazidə xidmət aparan, "Alov” mühafizə xidmətinin 6-cı dərəcəli dəstə komandiri, leytnant Quliyev Qulam Tamerlan oğlu öz sayıqlığını itirməyərək, gənc qızın olduğu mərtəbəyə qalxaraq, onun həyatnı xilas edib.

Hadisə barəsində danışan Qəhrəman "Alovçu” bildirib ki, onu gördüyü iş sadəcə vəzifə borcudur: "Mən uzaqdan gördüm ki, xanım binadan özünü atmaq istəyir. Dərhal qızın olduğu mərtəbəyə qalxdım, xanım artıq yarımtiklidən sallanaraq aşağı düşmək üzrə idi. Özümü itirmədən tez qızdan yapışıb, özümə tərəf çəkdim. Az qala ikimizdə hündürlükdən düşəcəkdik. Şükürlər olsun ki,hər şey yaxşı sonlandı.Onun həyatını xilas edə bildim. Bir anlıq düşündüm ki, mən kiməsə həyat verdim. Əslində belə hadislərə qarşı diqqətli olmaq hər bir Azərbaycan vətəndaşının borcudur. Mən belə hadisə ilə ilk dəfə rastlaşırdım”.

İntihar etmək istəyən qızın atası redaksiyamızda olarkən "Alov” mühafizə xidmətinin əməkdaşı Quliyev Qulamın bu hərəkətini qəhrəmanlıq adlandırıb və ailəsi adından ona təşəkkür edib: "Mənim və ailəmin gözündə Qulam Quliyev qəhrəmandı. O, mənim balamı yenidən həyata qaytarıb. Buna görə də mən və ailə üzvlərim Qulam Quliyevə minnətdarlığımızı bildiririk. Əgər həmin vaxt Qulam gəlib çatmasaydı, qızım ölə də bilərdi. Çox şükür indi qızım bizimlədir”.