adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
16 Iyul 2019 10:24
9129
GÜNDƏM
A- A+

Faiq QİSMƏTOĞLU: YOLLARIMIZ QANLI GÖLƏ ÇEVRİLİB

Sirr deyil ki, son vaxtlar ölkə ərazisində bir-birindən dəhşətli avtomobil qəzalar baş verib. Və təbii ki, bu hadisələr istər-istəməz həyəcan təbilinin çalınmasına səsləyir. Çünki heç kim təminat verə bilməz ki, bu cür ağır qəzalar təkrar baş verməyəcək. Əlbəttə, ağır qəzaların baş verməsinin müxtəlif səbəbləri var. Bu səbəblər bir deyil, bir neçədir. Ən azından baş verən qəzalarda sürücü, yol polisi və hərəkət iştirakçıları məsuliyyət daşıyırlar. Ancaq elə qəzalar var ki, bu qəzalarda məsuliyyəti birbaşa sükan arxasında əyləşmiş sürücü daşıyır.

Bir həftə bundan öncə Bakı-Astara yolunun Masallı rayonu ərazisindən keçən hissəsində mikroavtobusun iştirakı ilə baş vermiş ağır yol qəzası ölkədə çox böyük səs-küy yaratdı və insanları şoka saldı. Bu ağır qəzada 8 nəfər dünyasını dəyişdi, bir neçə nəfər isə ağır xəsarət aldı. Bəs bu qəzaya səbəb nədir? Qəzanın günahkarı sürücüdürmü, yol polisidirmi, hərəkət iştirakçılarıdırmi? Təbii ki, ilkin araşdırmalar göstərir ki, baş verən qəzada əsas günahkar sürücüdür. Çünki o, sürət həddini aşıb və nəticədə bu cür ağır qəza yaranıb. Hansı ki, "Yol hərəkəti haqqında” qanunda respublikanın avtomobil yollarında avtobus və mikroavtobusların maksimum sürət həddi saatda 90 km-dir. Mikroavtobus sürücüsünün dediyinə inansaq, o, maşını saatda 120 ilə idarə edirmiş. Ancaq ekspertlər bildirirlər ki, sürət 120-dən də artıq olub. Yüksək sürətlə hərəkət edən mikroavtobus qarşıdakı "Kamaz” markalı yük maşınına çırpılıb. Hətta şahidlərin dediyinə görə, mikroavtobus sürücüsü nəqliyyat vasitəsini yüksək sürətlə idarə etdiyinə görə, bəzi sərnişinlər yarı yolda düşüb digər mikroavtobusa miniblər.

Ancaq sürücü isə nə mikroavtobusdan düşən sərnişinlərin, nə də salonda olan digər insanların iradlarına məhəl qoymayıb. Və aldığımız məlumata görə, bu sürücü avtomobiıi yüksək sürətlə idarə etməyə çox böyük maraq göstərirmiş. Həmin sürücü sosial şəbəkədə yaydığı məlumatda yazıb ki, bu yaxınlarda bir mikroavtobus alacam, saatda 240-la gedəcək! Və həmin sürücü əvvəllər də yüksək sürətlə idarə etdiyi mikroavtobusun sürət göstəricisini sosial şəbəkədə yayıb. Təzə mikroavtobus aldı və 8 nəfəri də sürətin qurbanı elədi.


Bakı Nəqliyyat Agentliyinin yaydığı məlumata görə, həmin sürücü bu yaxınlarda adını çəkdiyimiz qurumdan "Fərqlənmə nişanı” vəsiqəsi alıbmış. Həmin sənədə əsasən bu sürücü ancaq Bakı şəhərində sərnişindaşıma hüququna malik imiş. Amma göründüyü kimi, o, rayona mütəmadi olaraq sərnişin daşıyırmış. Bu cür ağır qəzaların baş verməsində Yol Patrul Xidməti Alayının 11-ci tağımının məsuliyyəti var. Tağım komandiri Hikmət Qafarov yetərincə sərnişindaşıma ilə bağlı tədbirlər həyata keçirməyib. Yəni həmin sürücü vaxtında saxlanılsaydı məlum olardı ki, onun şəhərdən rayona sərnişindaşıma hüququ yoxdur. Əgər bu sürücü barəsində vaxtında tədbir görülsəydi, belə ağır qəza baş verməzdi. Deməli, burda adını çəkdiyimiz tağımın komandirinin və əməkdaşlarının da məsuliyyətsizliyi olub.

Yay vaxtı ilə əlaqədar olaraq havalar çox isti keçir. Bir çox sürücülər isə avtomobillərin şinlərini həddindən artıq doldururlar. İsti havaya tab gətirməyən bəzi avtomobillərin şinləri yüksək sürətlə hərəkət edərkən partlayır və ağır qəzalar baş verir. Son bir-iki həftə ərzində respublikanın avtobil yollarında təkərlərin partlaması nəticəsində avtomobillər idarəetmədən çıxıb və ölümlə nəticələnən qəzalar yaranıb. Bu hadisələr də adını çəkdiyimiz tağımın xidmət apardığı avtomobil yolunda baş verib.

Eyni zamanda, Hacıqabul-Horadiz avtomobil yolunda da son vaxtlar ağır qəzalar qaçılmaz olub. Çünki burda da həmin istiqamətdə xidmət aparan Yol Patrul Xidməti Alayının 12-ci tağımı yetərincə öz vəzifə borcunu icra edə bilmir. Hansı ki, isti havalarla əlaqədar olaraq rəhbərlik tərəfindən tağım komandirləri qarşısında mühüm tapşırıqlar qoyulub. Onlara bildirilib ki, havaların isti keçdiyi günlərdə avtobus və mikroavtobus sürücüləri ilə maarifləndirici söhbətlər aparsınlar, stasionar postlarda onların dincəlməsi üçün şərait yaratsınlar. Bu şərait əksər postlarda yaradılıb. Çox təəssüf ki, Hacıqabul-Horadiz avtomobil yolunda olan postda belə bir əlverişli şərait yoxdur. Tağım komandiri Şahmar Süleymanov öz üzərinə düşən vəzifəni yetərincə icra edə bilmir. Üstəlik də tağım əməkdaşları arasında normal mühit yaradılmayıb. Onlar kobud qayda pozuntularına qarşı kifayət qədər yüksək səviyyədə mübarizə apara bilmirlər. Elə bunun nəticəsidir ki, son vaxtlar bu istiqamətdə ağır qəzalar artıb. Bir neçə gün bundan əvvəl həmin yolun Sabirabad şəhərindən keçən hissəsində 90 NN 718 dövlət qeydiyyat nişanlı "BMV” markalı minik maşını idarəetməni itirib, dirəyə dəyib, sonra divara çırpılıb. Nəticədə qəza zamanı 3 nəfər dünyasını dəyişib.

Təbii ki, ağır qəzalar həm respublikanın avtomobil yollarında, həm də Bakı şəhərində tez-tez baş verir. Təsadüfi deyil ki, bu günlərdə həm Bakı şəhərində, həm də Baş Dövlət Yol Polisi İdarəsində 6 aylığın yekunları ilə bağlı keçirilən yığıncaqda ağır qəzaların baş verməsi ilə bağlı çox narahatlıqla danışılıb. Bir daha rəhbərlik Yol Patrul Xidməti Alayı və yol polisi qarşısında əsas vəzifə kimi ağır qəzaların qarşısının alınmasını müəyyənləşdirilib. Yığıncaqda qeyd edilib ki, həm respublikanın avtomobil yollarında, həm də Bakı şəhərində ağır qəzaların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülməlidir. Bu məsələlər Bakı şəhərində zaman-zaman öz həllini tapır.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bizimlə söhbətində bildirdi ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 6 ayı ərzində Bakıda ağır qəzalar azalıb, ölüm və yaralanma halları aşağı enib. Biz buna sutkanın 24 saatı həyata keçirdiyimiz qabaqlayıcı tədbirlər nəticəsində nail olmuşuq. Həm sürücülərlə keçirilən reydlər zamanı maarifləndirmə işlıri aparılıb, həm də qaydaları pozan sürücülər barəsində inzibati tərdirlər görülüb.

Vaqif Əsədov bir fikri də vurğuladı ki, qəzaların qarşısının alınmasında piyadalarla bağlı aparılan söhbətlər də öz müsbət nəticəsini verib. Belə ki, ilboyu Bakı şəhər yol polisi müəssisələrdə, məktəblərdə, uşaq bağçalarında maarifləndirici söhbətlər aparıb. Yol hərəkəti qaydalarına əməl edilməsi ilə bağlı onlara öz tövsiyələrini verib. Üstəlik də elə bir həftə olmayıb ki, yol polisi Bakının küçə və prospektlərində piyadalarla bağlı reydlər keçirməsin. Bu reydlər zamanı minlərlə piyada 20 manat civarında qanunu pozduğuna görə, cərimə edilib. On minlərlə piyada isə əməkdaşlarımız tərəfindən maarifləndirilib və onlara bildirilib ki, yolun təyin olunmuş yerindən – yeraltı və yerüstü keçidlərdən istifadə etsinlər. Təbii ki, əksəriyyət bizim təbliğat işlərindən nəticə çıxarıblar. Ancaq çıxarmayanlar da var. Və çox vaxt da çanaq elə yol hərəkəti qaydasını pozub təyin olunmamış yerdən keçən piyadaların öz başında çatlayır.

Göründüyü kimi, həm respublikanın avtomobil yollarında, həm də Bakı şəhərində ağır qəzaların qarşısını tamamilə almaq mümkün olmasa da, amma onu aşağı endirmək və azaltmaq elə də çətin iş deyil. Sadəcə olaraq, hansı yerdəki işlər düz qurulur, qanunlar tətbiq edilir, hərəkət iştirakçıları mütəmadi olaraq maarifləndirilir və onlar arasında izahat işləri aparılır, o yerlərdə ağır qəzaların qarşısı demək olar ki, alınır.

Başqa sözlə demiş olsaq, ağır qəzalar azalır. Bunu üçün isə birmənalı olaraq yol polisi, sürücü və hərəkət iştirakçıları öz üzərinə düşən vəzifəni yetərincə icra etməlidir. Bu vəzifə vaxtında yerinə yetirərsə, ağır qəzalar da azalar, sərnişinlər səriştəsiz və məsuliyyətsiz sürücülərin qurbanına çevrilməz, yollar qan gölü olmaz.