adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
15 Iyul 2019 15:07
47585
MƏDƏNİYYƏT
A- A+

Səhnə həyat nurumdur

Bir ailədə iki böyük sənətkarların olması və iki xalq artistinin övladı olmaq taleyi qismətimə nəsib olub. Elə bu sənətə gəlməyimin də əsas səbəbkarları məhz mərhum valideyinlərim xalq artistləri, qocaman səhnə ustaları olan Məhəmməd Burcəliyev və Sədayə Mustafayeva olublar. Özümü dərk edəndən bu qocaman səhnə ustaları ilə birgə Gəncə Dövlət Dram Teatrına gedir, tamaşalarına baxır və müşahidələr edirdim. Elə bu gün də oxucularımıza məhz xalq artisti Sədayə Mustafayeva haqqında xatirələrimi bölüşmək istəyirəm. Qeyd etməliyəm ki, bu böyük bir məsuliyyət və şərəfli bir tarixin araşdırılmasında mühüm əhəmiyyətə malikdir.

Sədayə Mustafayeva ilk öncə deyim ki, xoşbəxt taleli sənətkarlarımızdan biri olub. Ömrünün 78 ilinin 64 ilini Azərbaycan mədəniyyətinin inkişafına həsr edən səhnə ustasının 54 illik səhnə fəaliyyəti Gəncə Dövlət Dram Teatrının tarixi iləbağlıdır.

Sədayə İsmayıl qızı Mustafayeva 1926-cı il iyul ayının 15-də Şəkidə anadan olub. Böyük Vətən Müharibəsi başlanmazdan üç il əvvəl 11 yaşında olarkən anası dünyasını dəyişib. Beş illik orta təhsilini bitirdikdən sonra Böyük Vətən Müharibəsi başladığından atası İsmayıl ilə qardaşı Məhəmmədi müharibəyə yola salıb və Şəkidə fəaliyyət göstərən İpəkçilik kombinatında Lətifə adlı bir ustanın yanında usta köməkçisi kimi işləməyə başlayıb.O illəri xatırlayan Sədayə Mustafayeva yazırdı: "Böyük Vətən Müharibəsi başlayanda mənim 14 yaşım vardı. Atam və qardaşım müharibəyə yollandığından evdə qalan bir qardaşım və bacıma mən baxmalı oldum. Atamın dostu Nəsib kişi vəziyyətimizin çıxılmaz dərəcədə ağır olduğunu görüb mənə dedi ki, gəl səni aparım sənət məktəbinə. Həmin məktəbin şagirdləri toxuculuq kombinatında istehsalat təcrübəsi keçir və bundan ötrü az miqdarda əmək haqqı alırdılar. Mən razılaşdım və Lətifə adlı bir ustanın şagirdi oldum. Toxuculuq kombinatında maşınlar primitiv bir üsulla işlədilirdi. Bir dəfə dəstəyi fırladanda "çornik” çıxıb üzümü yaraladı. Fəhlələr dedilər ki, bu balaca boylu, çəlimsiz qızın belə yerdə işləməyi mümkün deyil. Həm də ipək kombinatında işlədiyim müddət ərzində müəssisənin dram dərnəyinə yazıldım.”


Sədayə Mustafayeva 1940-cı ildə Şəkidə boyu çox uca olduğundan və həmişə də səmaya baxdığından Günəbaxan Muxtar adı ilə tanınan bir şəxsin vasitəsi ilə Şəki Dövlət Dram Teatrına aktrisa kimi gətirilib. Bu teatrın səhnəsində ilk dəfə olaraq Səməd Vurğunun "Vaqif” tarixi dramında rəqqasə kimi səhnəyə çıxıb. Sonralar bu teatrın səhnəsində Səməd Vurğunun "Vaqif”də Gülnar, Süleyman Sani Axundovun "Eşq və intiqam”da Qəmər obrazları ilə diqqəti cəlb edib. Aktrisa həmçinin burada Yusif Vəliyev, Məmmədkəbir Hacıoğlu, İbrahim Azəri, Rzabala Rzayev, Məşəmməd Xalıqov, Məmməd Tahirov, Hökumə Qasımova, Bilqeyis Ələsgərova, Şirinbacı Cəfərova kimi aktyorlarla birlikdə fəaliyyət göstərib, Kazım Ziya, Ələsgər Ələkbərov kimi sənət korifeyləri ilə tərəfmüqabili olub.Bir müddət maraqlı obrazlar qaleriyası yaradan Sədayə Mustafayeva daha sonra fəaliyyətini Ağdaş Dövlət Dram Tearında davam etdirib.Aktrisa Ağdaş Dövlət Dram Teatrının səhnəsində Səməd Vurğunun "Fərhad və Şirin”də Şirin, İlyas Əfəndiyevin "Bahar suları”da Turac və başqa obrazları ilə səhnəyə çıxıb. Bu teatrın səhnəsində İsmayıl Dağıstanlı kimi səhnə ustası ilə tərəfmüqabili olmaq aktrisanın taleyinə nəsib olub. Hətta Sədayə Mustafayeva öz xatirələrində yazır ki, İlyas Əfəndiyevin "Bahar suları” pyesindəki Turac obrazına görə Ağdaş camaatı onu daima Turac deyə çağırıblar. Ağdaş Dövlət Dram Teatrı bir müddət sonra bağlanıldığından aktrisa fəaliyyətini Göyçay Dövlət Dram Teatrında davam etdirməli olub. Bu teatrın səhnəsində Yusif Məmmədov, Yusif (Əliyev) Yulduz kimi sənətkarlarla birlikdə çalışıb.


Özünümaliyyələşdirmə sistemində çətinliklərlə üzləşən Göyçay Dövlət Dram Teatrı 1949-cu ilin sonlarında bağlandığından üç dövlət teatrlarından Naxçıvan, Gəncə və Gənc Tamaşaçılar teatrlarından dəvət alan aktrisa fəaliyyətini davam etdirmək üçün 1950-ci ilin mart ayında Gəncə Dövlət Dram Teatrının direktoru, respublikanın xalq artisti Məhəmməd Burcəliyevin dəvəti iləGəncə Dövlət Dram Teatrını seçib və bu teatra aktrisa kimi gətirilib. Xalq artisti Məhəmməd Burcəliyev öz xatırələrində aktrisa haqqında yazırdı: "Sədayə Mustafayevanın sorağını çoxdan eşitmişdik. Onun Şəki, Ağdaş və Göyçay teatrlarında oynadığı rollardan yaxşı xəbərdar idik. Buna görə də 1950-ci ilin mart ayında mən onu Gəncə teatrına dəvət etdim. Artıq püxtələşən professional səviyyəyə yüksələn bir aktrisanın bizim kollektivə gəlməsi hamımızın sevincinə səbəb oldu. Doğrudur, teatrda Barat Şəkinskaya, Rəmziyyə Veysəlova, Ətayə Əliyeva kimi istedadlı qadın sənətkarlarımız vardı. Lakin bununla belə Sədayə bizim kollektivə öz səsi, öz nəfəsi ilə yeni abu-hava gətirə bildi.”

Gəncə Dövlət Dram Teatrın səhnəsində 400-dən artıq maraqlı obrazlar qalereyası yaradan aktrisanın "Vaqif” də Xuraman, Gulnar, "Aydın”da Gültəkin, "Pəri Cadu”da Pəri, "Solğun çiçəklər”də Sara, Pəri, Gülnisə, "Otello”da Emilya, "III-Riçard”da Yelizaveta, "Sokratla söhbətlər”də Ksantipa, "İtgin gəlin”də Səbihə, "Yad qızı”da Həcər xanım, "Dairəni genişləndirin”də Aliyə, "Təbilçi qız”da Nila, "Kəndçi qız”da Bənövşə, "Dəli Kür”də Şahnigar, "Ana vüqarı”da Ana, "Bəraət”də Rəşidə xanım, "Atayevlər ailəsi”də Dilşad xanim, "Xan qızı"da Xurşudbanu Natavan, "Qonşular”da Mətanət, "Almaz”da Almaz, "Sən həmişə mənimləsən”də Nargilə, "Mahnı dağlarda qaldı”da Rəxşəndə xanım obrazları yaradıcılığının ən gözəl nümunələrindəndir.

Gəncə Dövlət Dram Teatrının səhnəsində 15 aprel 1958-ci ildə tamaşaya qoyulan maraqlı səhnə əsərlərindən biri də A. Ginzburqun "Qanq qızı” adlı 4 pərdəli, 8 şəkilli dramıdır. "Qanq qızı” ("Kəmalə”) Rabindranat Taqorun "Fəlakət” romanı əsasında qələmə alınıb və xalq artisti Ələkbər Seyfinin tərcüməsidir. Tamaşanın quruluşçu rejisoru, respublikanın əməkdar incəsənət xadimi Həsən Ağayev, rəssamı,respublikanın əməkdar incəsənət xadimi Bəhram Əfəndiyev, bəstəkarı isə S. Yudakovdur. Aktrisa bu pyesdə Kəmalə obrazını böyük ustalıqla tamaşaçılara təqdim edə bilib. Sədayə Mustafayevanın Kəmaləsi böyük məhəbbətlə sevən, lakin zahirən çox müti görünən, son dərəcə saf bir surətdir. Yelkənli qayıqda Romeşlə (xalq artisti Ələddin Abbasov)olan söhbəti o qədər təbii, sadə, həm də incə bir formada təqdim olunurdu ki, tamaşaçı Kəmaləyə valeh olur, onun xoşbəxt olmasını arzulayırdı.


Sənətşünaslıq doktoru, profesor İnqilab Kərimov aktrisa Sədayə Mustafayevanın "Qanq qızı” dramında yaratdığı Kəmalə obrazı haqqında yazırdı: " "Qanq qızı” tamaşasının müvəffəqiyyətindən söhbət gedərkən Sədayənin Kəmalə obrazı diqqət mərkəzində idi. Sədayənin ifasında Kəmalə dərin məhəbbətlə sevən, öz sevgisi yolunda bütün çətinliklərə sinə gərən mərd bir qız idi. Kəmalə - Sədayə sıxıntı çəksədə, istəyinə nail olur və tamaşaçıya xatırladır ki, həyatda heç şey asanlıqla əldə edilmir. Tükənməz səbr, möhkəm iradə ilə köhnəliyə, fəlakətlər doğuran çürük adətlərə qarşı durmaq və onu kökündən dağıtmaq lazımdır.”

Qeyd etmək lazımdır ki, "Qanq qızı” dramında saf təbiətin övladı olub, bütün qəlbi ilə, varlığı ilə azadlığa can atan sadə bir kəndli qızı olan Kəmalə obrazını xalq artisti Sədayə Mustafayeva olduqca mürəkkəb xarakterə malik bütün incəliklərinə qədər açılan oyun tərzi ilə təqdim edə bilirdi.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, tarixi mərhələlər həmişə hadisələr bolluğuna və maraqlı səciyyəsinə görə bədii ədəbiyyatın daima diqqət mərkəzində olur. İdeyası bəşəri, sənətkarlığı yüksək, əhatəsi dünyəvi olan əsərlər zamanın gerçəkliyini daima təsdiqləyir, xoşbəxt taleli edir. Bu qəbildən olan müəlliflər toplusunun və ya el ədəbiyyatının yaratdığı əsərlər ilkin orjinal köynəyindən çıxaraq, əsas qayəsini saxlamaqla incəsənətin müxtəlif janrlarında dönə-dönə özünü təcəssüm etdirir. Belə xoşbəxt bir tale xalq yazıçısı İsmayıl Şıxlının "Dəli Kür” romanına da nəsib olub. İlk öncə deyim ki, romanı Əməkdar jurnalisti, tərcüməçi, dramaturq, publisist Mailə Muradxanlı səhnələşdirib.İki hissəli pyes Gəncə Dövlət Dram Teatrının səhnəsində 21 may 1986-cı ildə quruluşçu rejisor, xalq artisti Vaqif Şərifovun traktofkasında səhnəyə qoyulub. Xalq artisti Sədayə Mustafayeva bu pyesdə Şahnigar obrazını yaradıb. Tamaşa boyu hadisələr fonundayüksək həyat eşqli Şahnigarın acınacaqlı taleyi uzun müddət tamaşaçıların yaddaşından silinmir. Bu dövrdə Azərbaycan qadınlarını bir ictimai bəla bərabərləşdirirdi: hüquqsuzluq. Bu qədər nikbin, həyata bağlı, insana təmaslı olan Şahnigar bədbəxtdir. Bu bədbəxtlik birinci onun doğma qardaşı Cahandar ağadan irəli gəlir. Məhz bu qorxudan irəli gələrək Şahnigar öz sevdiyinə yox, başqa birisinə ərə gedib. Səhnədə Sədayə Mustafayevanın oynadığı Şahnigar obrazı öz şuxluğunu son məqamda isə sarsıntılarını böyük bir məharətlə canlandırmaqla göstərir və tamaşaçıya böyük ustalıqla təqdim etməyi bacarırdı.

Azərbaycanın görkəmli teatr rejisoru, aktyoru və pedaqoqu, SSRİ xalq artisti, sənətşünaslıq doktoru, professor Mehdi Məmmədov 1983-cü ildə İşıq nəşriyyatı tərəfindən çap edilən "Onun sənət ulduzu” kitabında xalq artisti Sədayə Mustafayeva haqqında yazırdı: "Azərbaycan aktrisasının səhnəyə gəlişi, bu meydanda qələbələr qazanması, əlbəttə, böyük hadisədir, qızıl hərflərlə yazılmağa layiq qəhrəmanlıq dastanıdır. Məhz aktrisa Sədayə Mustafayeva teatra böyük inamla, etiqatla gələrək ürəyinin məhəbbətini, yüksək arzularını özü ilə bərabər sənətin mehrabına gətirə bilib.”

Bu gün xüsusi olaraq qeyd etmək lazımdır ki, Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərən xalq artisti Pərvanə Qurbanova, aktrisalardan Fizulət Rzayeva, Sona Vəliyeva, Şuray Nəvai kimi və başqa əksər aktyor eləcə də aktrisa heyəti də məhz Sədayə Mustafayevanın sənət məktəbinin yetirmələridir.Bu yetirmələr də hər zaman öz sənət müəllimlərini böyük hörmət və ehtiramla yad edirlər.

Xalq artisti Sədayə Mustafayeva həmçinin Azərbaycanfilmin istehsalı olan iyirmidən artıq filmə çəkilib. "Qanun naminə”də Xatun, "Mən ki gözəl deyildim”də Gözəl, "Şərikli çörək”də Şamama, "Qaynana”da Mülayim, "Ölsəm bağışla”da Ana, "Ağ atlı oğlan”da Mirvari nənə, "Həm ziyarət, həm ticarət”də Suğra xala, "Biri vardı, biri yoxdu”da Qadın, "Gün keçdi”də Əsmərin anası, "Qızıl ayaqlı qaz”da Şəfiqənin anası, "Var olun, qızlar”da Rüstəmin anası, "Firəngiz”də Məsmə,"Gümüşü furqon”da Mədinənin anası, "İlıq dənizdə buz parçası”da Təqaüdçünün anası, "Cin mikrorayonda”da Ana, "İşarəni dənizdən gözləyin”də Komandanın anası, "Şəhərli biçinçilər”də Humay, Amerika kinemotoqrafçılarının istehsal etdiyi "İlk körpü”də Əsmər obrazları aktrisanın böyük ustalıqla yaratdığı və yaddaşlarda yaşanan mahir Ana surətləridir.

Sədayə Mustafayeva Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 1958-ci ildə əməkdar artist, 1981-ci ildəxalq artisti fəxri adlarına və 2003-cü ildə isə Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdünə layiq görülüb.

Unudulmaz sənətkar Respublikanın xalq artisti Sədayə Mustafayeva 2004-cü il avqust ayının 13-də Gəncə şəhərində vəfat edib.

Ruhun şad olsun Ana!


Anar Burcəliyev,

Teatrşünas