adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 Iyul 2019 18:04
32994
İQTİSADİYYAT
A- A+

Bakıda Azərbaycan-Fransa biznes forumu keçirilib

İyulun 11-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Fransa Sahibkarlar Təşkilatı – MEDEF-in təşkilatçılığı ilə Azərbaycan-Fransa biznes forumu keçirilib.

Tədbirdə Azərbaycan və Fransa rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, tikinti, nəqliyyat, logistika, İKT, enerji, maliyyə, təhsil, turizm, ticarət, ətraf mühit, konsaltinq və s. sahələrdə fəaliyyət göstərən 150-dən çox sahibkar iştirak edib.

Tədbirdə çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Fransa əlaqələrinin inkişaf etdiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə səfərdə olan Fransa Sahibkarlar Təşkilatına – MEDEF-ə üzv olan şirkətlərin nümayəndələrini qəbul etməsinin ölkələrimiz arasında əlaqələrə verilən böyük önəmin göstəricisi olduğunu vurğulayıb.

Azərbaycan-Fransa iqtisadi əməkdaşlığının əsas istiqamətlərindən olan ticarət əlaqələri barədə məlumat verən İqtisadiyyat naziri bildirib ki, Azərbaycan Fransanın Cənubi Qafqaz regionu üzrə əsas ticarət tərəfdaşıdır. Təsadüfi deyildir ki, 2018-ci ildə Fransanın Cənubi Qafqazın 3 ölkəsi ilə ümumi dövriyyəsinin 62,4%-i məhz Azərbaycanın payına düşüb. 2019-ci ilin ilk 5 ayında iki ölkə arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 53%-dən çox artıb. Nazir qeyd edib ki, qarşılıqlı ticarət həcminin daha da artırılması, strukturununun diversifikasiyası, qeyri-neft məhsullarının Fransaya ixracının genişləndirilməsi üçün potensial böyükdür. Azərbaycanda sənaye, xidmət, rabitə, ticarət, bank və sığorta, kənd təsərrüfatı sahələrində 45 Fransa kapitallı şirkət fəaliyyət göstərir. Fransa şirkətləri Azərbaycanda həyata keçirilən və dəyəri 6,2 milyard dollar olan layihələrdə podratçı qismində iştirak edib.

İnvestisiyalar sahəsində də uğurlu əməkdaşlığı qeyd edən nazir Şahin Mustafayev Azərbaycan tərəfindən Fransaya 2,6 milyard ABŞ dolları, Fransa tərəfindən isə Azərbaycan iqtisadiyyatına 2,2 milyard ABŞ dollarından artıq investisiya yatırıldığını qeyd edib.

Şahin Mustafayev Fransa ilə iqtisadi əlaqələrlə yanaşı, humanitar sahədə də əməkdaşlığı diqqətə çatdırıb və bu istiqamətdə Heydər Əliyev Fondunun uğurlu fəaliyyətini vurğulayıb.

İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda həyata keçirilən islahatlar, əldə olunan nailiyyətlər, ölkəmizin geniş tranzit potensialı, reallaşdırılan regional layihələr barədə məlumat verib. Qeyd olunub ki, Azərbaycanın uğurları beynəlxalq maliyyə institutları tərəfindən də yüksək qiymətləndirilir. Belə ki, Dünya Bankının "Doing Business 2019” hesabatında Azərbaycan öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın islahatçı 10 ölkəsi siyahısına daxil edilib. Vurğulanıb ki, "Azərbaycan 2019 - Avropa İttifaqı Biznes Mühiti Hesabatı”nda Aİ şirkətlərinin 74%-i cari makroiqtisadi vəziyyəti güclü və qənaətbəxş, 90%-i isə makroiqtisadi vəziyyətin perspektivlərini yaxşı və sabit kimi qiymətləndiriblər. Avropa İttifaqının bu ilki "Azərbaycan investisiya məkanı kimi” sorğusunda isə iştirak etmiş şirkətlərin 75%-i "Azərbaycana yenidən investisiya qoyardızmı?” sualına müsbət cavab verib, ölkəmizdəki təhlükəsizliyi, siyasi v­ə sosial sabitliyi yüksək qiymətləndiriblər.

Nazir Şahin Mustafayev iki ölkə arasında iqtisadiyyatın bir çox sahələrində, o cümlədən ticarət və investisiya, kiçik və orta biznes, enerji, nəqliyyat, kənd təsərrüfatı, sənaye, təhsil, turizm, İKT, maliyyə sahələrində əməkdaşlıq imkanlarının geniş olduğunu bildirib, fransalı iş adamlarını bu imkanlardan yararlanmağa dəvət edib.

Fransa Sahibkarlar Təşkilatı - MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziö ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini qeyd edib, Azərbaycandakı biznes mühitinin əlverişliliyini vurğulayıb, "Doing Business 2019” hesabatındakı mövqeyindən məmnunluğunu ifadə edib. Keçirilən biznes forumun əlaqələrin inkişafı üçün səmərəli platforma olduğunu bildirən Jofrua Ru de Beziö ölkəmizin cəlbedici turizm potensialını, bir sıra rəqabətqabiliyyətli məhsulların, xüsusilə yüksək keyfiyyətli şərab istehsalçısı olduğunu vurğulayıb, iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşe ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib. Səfir Azərbaycanda aparılan iqtisadi islahatların xarici şirkətlər, o cümlədən Fransa şirkətləri üçün əlverişli imkanlar yaratdığını bildirib.

Sonra AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev Azərbaycanın biznes və investisiya mühitinə dair təqdimatla çıxış edib.

Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib, əməkdaşlığın genişləndirilməsi və yeni əlaqələrin qurulması barədə müzakirələr aparılıb.