adalet.az header logo
  • Bakı 13°C
11 Iyul 2019 16:54
46814
ƏDƏBİYYAT
A- A+

CİNAS BAYATILAR

Sevdim səni, bəxt tikəm,

Etdin məni bəxti kəm,

Ömür keçdi, gün keçdi,

Daha gecdı, bəxt tikəm.


Yer ağlar baxta, göy nə?

Sarı nə bağda, göy nə?

Taleyin köz-köz olub,

Yerınə bax da, göynə.


Eləmi, bu qədərmi?

Bu sevgi,bu qədərmi?

Gedib, yenə gəlirsən,

Bu yazı, bu, qədərmi?

Mən aşiq, sevgilim sən!
Ömrümsən, sevgilimsən,
Məni bir ömür boyu,
Beləcə sev, gülüm, sən!

Əzizim, gizlə dərdi,

Dərdi dərd gizlədərdi,

Öz gülünü ürəkdə

Qoru sən, gizlə, dər, di!


Əzizim, gözlə yarı,

Sev onu gözlə yarı,

Ürəkdən yarımasan,

Barı sən, gözlə, yarı.


Əzizim yarım, adım,

Qalıbdı yarım adım,

Alqış qarğışa döndü,

Mən yardan yarımadım.


Mən aşiq, yol yaxındı

Qəm qəm ilə yaxındı,

Ürək ürəkdən küsüb,

Yandır onu, yax indi.


Əzizim gülə yandı,

Od düşdü gülə, yandı,

Mənim bəxtsiz bəxtımə,

Yar gülə-gülə yandı.


Əzizim oda gəlsin,

Od tutsun, o da gəlsin,

Qırilan ürəyimdə,

Qoy tiksin oda, gəlsin.


Əzizim gözə sarı,

Dərdimi gözə sarı,

Yollarına baxmaqdan,

Gəlibdi gözə sarı.


Əzizim, bağla gəlim,

Çəmənlə, bağla gəlim,

Mən öləndə gözümü

Özün gəl, bağla, gəlim.


Əzizim yarı canım,

Yarından yarı, canım,

Özüm özümə düşmən,

Qalıbdı yarı canım.


Mən aşiq, yarı səndə,

Yarından yarı, sən də,

Qəlbim iki parçadı,

Qalıbdı yarı səndə.


Mən aşiq, kəsmə gülüm,

Nəzərdən kəsmə, gülüm,

Sənə gülən gözləri,

Xəncərlə kəsmə, gülüm!


Əzizim, ya da məni,

Satma sən yada məni,

Bu dünya mənim olar,

Salsan sən yada məni.


Mən aşiq, körpü sına,

Sel gələ, körpü sına,

Sən bilmədən daş atdın,

Ürəyin körpüsünə.


Əzizinəm ,söz bağım,

Söz çəmənim,söz bağım,

Görəsən nə dedim ki,

Tez qırıldı söz bağım.


Mən aşıqəm aran da,

Qaldım dağda, aranda,

Sehirli bir körpü var,

Sənlə mənim aramda.


Mən aşiq, yol da mənim,

Dərd, saçım yol da mənim,

Bu qəmli gözlərimi,

Qoymusan yolda mənim. aş



Mən aşiqəm, dərd daşı,

Verdiyın nə, dərd aşı,

Ürəyimdən dərdimi,

Bacarırsan, dər, daşı.


Mən aşıqəm dərdə, bax,

Dərmana bax, dərdə bax,

Vurulan yara dərin,

Istəyirsən, dər də, bax.


Mən aşiqəm dərdinə,

Cahil bilməz, dərdi nə,

Hami gəldi var üçün,

Bu dünyadan, dərdi nə?


Əzizim gülmək istər,

Bağıma gül ək, istər,

Bəsdi, gözün ağladı,

Ürəyim gülmək istər.


Mən aşiq, gül əkdi bu,

Yağışdı, küləkdi bu,

Səsimdən dərd göyərdi,

Dedilər, gül əkdi bu.