adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
11 Iyul 2019 16:43
22646
ƏDƏBİYYAT
A- A+

Veterana medallar təqdim olundu

Elə tədbir və təqdimatlar olur ki, uzun müddət həm yaddaşımızda qalır, həm də tez-tez xatırlanır. Bu günlərdə Azərbaycan Vətən Müharibəsi İctimai Birliyinin Zəngilan rayon şöbəsinin təşkil etdiyi yaddaqalan bir təqdimetmə mərasiminin iştirakçısı oldum və xoş anlar yaşadım. Yeri gəlmişkən deyim ki, bu ictimai təşkilatın rəhbərliyi gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətində əməli işlər aparır. Bu işlərdən biri də Qarabağ müharibəsinin od-alovundan keçmiş iştirakçılara təşkilatın təsis etdiyi "Müharibə veteranı" və "Milli Ordu-100" medallarının təqdim olunmasıdır.

Bu günlərdə Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin Zəngilan rayon şöbəsinin sədri Azad Musayev və Zakif Abbasov Qarabağ müharibəsinin veteranı Vüqar Xankişiyevə medallar təqdim etdilər. Mərasimdən əvvəl Azad Musayev bizimlə söhbətində dedi ki, getdikcə cəmiyyətimizdə veteranların hörmət və nüfuzu artır. Xalqımız torpaq uğrunda vuruşan bu insanlara hörmətlə yanaşır. Dövlət tərəfindən də Qarabağ müharibəsinin iştirakçılarına daim qayğı göstərilir. Bu ilin aprel ayından ölkə başçısının veteranlara 80 manat civarında Prezident təqaüdünün təsis edilməsi haqqında imzaladığı sərəncam dediklərimizə əyani sübutdur. Azərbaycan Vətən Müharibəsi İctimai Birliyinin rəhbərliyi də veteranlara göstərilən qayğı və diqqəti daha da artırmaq üçün "Müharibə veteranı" və "Milli Ordu-100" medalları təsis edib. Bu medalların müharibə veteranlarına təqdim olunması üçün təşkilatın rayon və şəhər şöbələri də səmərəli işlər görür. İndiyə qədər yüzlərlə müharibə veteranına medallar təqdim olunub. Və bu iş böyük dinamika ilə davam etdirilir. Bu gün isə medalları Qarabağ müharibəsi veteranı Xankişiyev Vüqar İbrahim oğluna təqdim edəcəyik. Bu medallar onların igidliyinə verilən qiymətdir. Əminlik hissi ilə deyirəm ki, hünərləri ilə bundan artığına da layiqdirlər.

Qısa tanışlıqdan sonra Azərbaycan Vətən Müharibəsi İctimai Birliyinin Zəngilan rayon şöbəsinin sədri Azad Musayev və şöbənin sədr müavini Zakif Abbasov medalları müharibə veteranı Vüqar Xankişiyevə təqdim etdilər.

Vüqar Xankişiyevlə söhbət zamanı öyrəndim ki, o, 1993-cü ildən 2005-ci ilə qədər Daxili Qoşunların sıralarında xidmət edib. Onun döyüş yolu Füzulidən, Ağdamdan və başqa bölgələrdən keçib. O ağır, o çətin günlərdə Vüqar bir hərbçi kimi üzərinə düşən döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gəlib.

– Zəngilan rayonunun Babaylı kəndində dünyaya göz açmışam, – deyə müharibə veteranı Vüqar Xankişiyev bizimlə söhbətə başladı. – 1993-cü ildən bəri dədə-baba yurdumuzun erməni işğalçılarının tapdağı altında qalması müharibə veteranı kimi məni çox narahat edir. Neçə illərdir ki, doğma ocaqlarımızın həsrətini çəkirik. Kəndimizə qayıdacağımız günü intizarla gözləyirik. Müharibələr insanlara ağır, sağalmaz yaralar vurur. İnsan üçün ən ağrılı zərbə elə bilirəm ki, doğma yurdundan didərgin düşməsidir. Bu gün ordumuz əvvəlki illərdəki ordu deyil. İndi Silahlı Qüvvələrimiz çox güclüdür. İşğal olunmuş torpaqlarımızı azad etmək qüdrətindədir. Mən də bir müharibə veteranı kimi torpaqlarımızın azadlığı uğrunda döyüşə hər an hazıram.

Müharibə veteranı Vüqar Xankişiyevin üzündən sevinc qarışıq bir qürur yağırdı. İnsan belədir, ona qayğı və diqqət göstəriləndə, layiq olduğu qiyməti alanda, yalnız xoş hisslər keçirir.

Vahid MƏHƏRRƏMOV