adalet.az header logo
  • Bakı 12°C
11 Iyul 2019 16:35
21596
ƏDƏBİYYAT
A- A+

ŞAİRLİK CAN YANĞISIDIR

Mən köhnə dostun, gözəl yazıçı, incəruhlu şair, kamil ədəbiyyat adamı (bu insan ədəbiyyatın bütün lanrlarında qələmini sınağa çəkmişdir) Əziz Kərim haqqında bir neçə dəfə yazmışam.

Nəşriyyatımızda çap olunan çoxsaylı kitabları gözlərimin ütüsündən keçib, o kitabların bir çoxu mənim "Ön söz”lərimlə işıq üzü görüb.

Bax, indi də onun bu növbəti kitabının da ("Odlu nəğmələrim”) odu, hərarəti mənə sirayət elədi, bir neçə kəlmə deməyi özümə vicdani borc saydım.

Hələ ilk gənclik illərindən amansız göz xəstəliyinə düçar olan, gözünün birini tamam itirən, sonralar o biri gözünün işığı da çəkilməyə başlayan bu ədəbiyyat fədaisi tək, zəif gözünün olub-qalan işığı hesabına bütün ömrü boyu yazıb-yaratmış, çox məzmunlu və gərəkli, çoxsahəli bir ədəbi irsə sahiblənmişdir. İndiyədək onun iyirmi kitabı çap olunmuş və bir çox əsərləri də öz nəşrini gözləyir.

Onun demək olar ki bütün yaradıcılığına bələd olsam da, bu kitabı sənətkarlıq baxımından mənə daha yaxşı təsir bağışladı.

Şairlik can yanğısıdır.

Sözləri, cümlələri sadəcə qafiyənləndirmək hər bir peşəkarın əlindən gəlir, elə peşəkar olmayanın da.

Əziz Kərimin həcmcə iri, bu qalın kitabında çox nazik, incə duyğuları dilə gətirən şeirlərə, misralara bol-bol rast gəldim və bu məndə onun içdən gələn şairliyinə həqiqi bir inam yaratdı.

...Tənhalığın bu daşlarından

Oyanar könlüm.

Eşidərəm bir ürək yanğısını,

Bir göz yaşlarının nəğməsini.

Eşidərəm nəğməmdə sənin səsini.

Yaxud:

...Bir nəğmə eşqiylə mən

Hər gün alovlanıram.

Kamanda inildəyib

Sarı simdə yanıram.

Belə yaranır mənim

Sevimli nəğmələrim.

Bir gün gələr ki, yəqin

Günəşdən boylanaram.

Dodaqlardan süzülüb

Ürəklərdə yanaram!

Əziz Kərimin şeirlərindəki poetik bitkinlik bədiiliyin, çox hallarda lirizmin bütün şərtlərini özündə ehtiva edir. Bu şeirlərin yazıldığı tarixə baxıram. Ən azı qırx il, otuz il bundan əvvəl qələmə alınmasına baxmayaraq bu gün də təzədir, yenidir. Yaxşı deyirlər ki, əsil şeirin yaşı olmur.

Əziz Kərim bir şair kimi öz məsuliyyətini əlinə qələm götürdüyü gündən dərk edib. O, yaxşı bilib ki, əsil şeir sevgidən doğulur, sevgi qədər yaşarlı olur.

Əzizin öz şeirinə müraciətiylə dediyi misralara üz tuturam:

Əllərini ver əlimə,

Barmaqlarından ovucuma

Səssiz bir sevgi axsın.

Gözlərini çəkindirmə gözümdən

Ömrüm mənim qoy mənə baxsın.

Yaşarsan xatirələrimin

Heç kəsin görə bilmədiyi

Varaqlarında.

Gəl,

Həsrətə son qoyulası

Bir ömürlük məhəbbət gətir

Dodaqlarında.

Gəl yazım ol, səpələn üstümə

Od ol, yandır, alışdır məni,

Qoy aləm baxsın tüstümə!

Külək ol,

Sındır qapılarımı,

Gəl, hələ yaza bilmədiyim

Şeirlərim mənim.

Gəl mənim böyük məhəbbətim,

Amansız "düşmənim”!

Məncə heç bir izaha ehtiyac yoxdur. Bu şeir müəllifin şeirə hansı bir qayə, hansı bir daxili ehtiyacla yanaşmasının əyani sübutudur.

Şeirimizin minillikləri ötən ədəbi və əbədi örnəkləri bir şair kimi Əziz Kərimi daim düşündürür, bu örnəklərə özünün də qatılmasını cani-dildən arzulayır:


Bilirəm ki, böyükdür

Xalqımın söz qüdrəti.

Kaş yaşada biləydim

Mən də bu səadəti.


Əziz Kərimin "Köçür, sevgilim” şeiri lirik şeirlərimizin sonsuz imkanlarından yaddaqalan, dəyərli bir nümunədir. Onun bir şair kimi sevgisi, romantikası bu şeirdə daha çox gerçəkləşir, 44 il bundan öncə yazılmış bu şeir bugünki məhəbbət lirikasının ən yaxşı örnəklərindən biri sayıla bilər.


Məni uzaqlara köçür sevgilim,

Orda çəmən olsun, orda dağ olsun.

Məni uzaqlara köçür, sevgilim,

Orda bütün yollar çilçıraq olsun.


Məni uzaqlara köçür, sevgilim,

Ora nə səs qatsın, nə əl, nə ayaq.

Məni uzaqlara köçür, sevgilim

Orda yazı qışı, bir qarşılayaq.


Qoy gedim ən təmiz duyğularımla,

Bu nə ayrılıqdır, nə həsrət, nə qəm,

O yerin bir anlıq od-alovunu

Yüz bahar oduna mən dəyişmərəm.


Məni uzaqlara köçür, sevgilim,

Baxıram ürəyim həsrətlə vurur.

Orda yazılmamış misralarım var,

Orda oxunmamış min nəğməm durur.

Əziz Kərim yaradıcılığında öyüləsi, önə çıxarılası şeirlər, misralar yetərincədir.

Bu kitabın özəlliyi, gözəlliyi bundadır ki, bütöv bir ömrün töhvəsidir, şair indi ömrünün bu ixtiyar çağında keçdiyi poetik cığırlara təzədən nəzər salır, haçansa yazdığı nəğmələrin oduna-közünə təzədən bələnir, yaşadığı işıqlı duyğuların sehrinə, möcüzəsinə yenidən heyran kəsilir.

Mən bu kitabın ilk oxucusu, redaktoru, naşiri kimi onu deyə bilərəm ki, "Odlu nəğmələrim” həm Əziz Kərimə, həm də qədirbilən şeir-sənət bilicilərinə dəyərli bir hədiyyə olacaqdır.