adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
11 Iyul 2019 11:44
15562
ELM VƏ TƏHSİL
A- A+

Bakı Ali Neft Məktəbinin tələbələri “CanSat Azərbaycan 2019” müsabiqəsində 2-ci olub

"Azərkosmos" və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanda növbəti dəfə tələbələr arasında keçirilən "CanSat Azərbaycan 2019” model peyk müsabiqəsinin final mərhələsinin nəticələri açıqlanıb.

Adalet.az-ın məlumatına görə, müsabiqədə iştirak etmiş komandalar final mərhələdə "Peyk modellərinin uçuş sonrası hesabatı”nı təqdim edib. Komandalar yerli və beynəlxalq üzvlərdən ibarət münsiflər heyəti tərəfindən müsabiqənin meyarlarına uyğun olaraq qiymətləndirilib.

Qiymətləndirmənin yekununa əsasən 2-ci yerin qalibi Bakı Ali Neft Məktəbinin "Can of Duty” komandası olub. Ali Məktəbi müsabiqədə həmin komandanın üzvləri, Proseslərin avtomatlaşdırılması mühəndisiyi ixtisasının III kurs tələbəsi Fərid Həmidov, IV kurs tələbələri Rüstəm Həsənov, Mirəkrəm Ağalarov və Hüseyn Nəcəfov təmsil edib.

"Cansat Azərbaycan 2019” model peyk müsabiqəsi bu ilin yanvar ayından etibarən elan edilib və müsabiqədə ölkənin 15 universitetindən 38 komanda qeydiyyatdan keçib.

Artıq ikinci ildir ki baş tutan "CanSat Azərbaycan” müsabiqəsinin keçirilməsi ölkə gənclərinin kosmik texnologiyalar sahəsinə marağının artırılmasına xidmət edir, eləcə də, müsabiqə qaliblərinə gələcəkdə Azərbaycanı bu cür beynəlxalq yarışlarda layiqincə təmsil etmək imkanı verir.