YAZANLAR iTTiFAQI, YOXSA YAZIçILAR iTTiFAQI?

AQİL ABBAS
28089 | 2010-02-25 04:36
Milli Məclisə yaradıcılıq təşkilatları ilə bağlı bir qanun layihəsi təqdim olunmuşdu. Mədəniyyət Komitəsi tərəfindən hazırlanmış qanun layihəsinin müzakirələri zamanı bəzi deputatlar da qanun layihəsinin əleyhinə getdilər. Və qanun layihəsinin müzakirəsi də elə yarımçıq qaldı. Hələ ki təkrar müzakirəyə qaytarılmayıb. Deyəsən qaytarılması da heç gözlənilmir.
   
   Və layihənin əleyhinə çıxan deputatlar əsas bir məsələni arqument gətirirdilər ki, yaradıcılıq təşkilatlarına dövlət himayəsi lazım deyil, onlara elə bir şərait də yaratmaq lazım deyil. Yazıçıdı da, getsin kitabını satsın dolansın, bəstəkar mahnısını satsın dolansın, rəssam əsərini, heykəltəraş da heykəlini və sair və ilaxır. Və bir də əsas gətirirdilər ki, dünyanın heç bir ölkəsində belə qurumlar fəaliyyət göstərmir.
   
   Mən yenidən həmin mövzuya qayıtmaq istəmirəm, həmin mübahisələrə qoşulmaq da istəmirəm. Amma onu deyə bilərəm ki, Banqladeşlə Zimbabveni çıxmaq şərtilə, dünyanın demək olar ki, bütün ölkələrində bu və ya başqa şəkildə belə qurumlar fəaliyyət göstərir. Və yaradıcı insanlar üçün Zimbabve və Banqladeşi çıxmaq şərtilə, dünyanın bütün ölkələrində müxtəlif ödüllər, mükafatlar, adlar təsis olunub.
   
   Yəni hər bir xalq çox gözəl bilir ki, onu yaşadan, ruhunu, mənəviyyatını ölməyə qoymayan, qanını təmiz saxlayan və sabaha daşıyan onun ədəbiyyatıdı, musiqisidi, memarlığıdı və sair və ilaxır. Ona görə də xalq yaradıcı insanlara həmişə təmiz başqa bir gözlə baxıb. Bu söz bir Tanrı sözüdü: "Peyğəmbərlərdən sonra şairlər gəlir". Yeddi böyük peyğəmbəri deyə bilmərəm, əslində elə şairlər qalan peyğəmbərlərdən də öndə gəlir. Və təbii ki, şair deyəndə söhbət elə şairdən getmir, yaradıcı insanlardan gedir. Yəni Sokrat şair deyil, Əflatun şair deyil, İbn-Sina şair deyil.g
   
   Bu günlərdə mən "Şair xalqın xalqsız şairləri" adlı silsilə yazılar yazmışdım. Müəyyən fikirləri orda demişəm, ona görə təkrar eləmək istəmirəm.
   
   Amma bir fikri xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycan xalqını min illərdi qoruyan, bu günə gətirib çatdıran, onu müstəqilliyə qovuşduran və indən belə də min illərlə yaşadan təkcə onun sərkərdələri deyil, onun yaradıcı insanlarıdı. Və bu yaradıcı insanlar sərkərdələrin görə bilmədiyi işləri də görə biliblər. 200 ilədək rus işğalı altında qalan bu xalq yaradıcı insanlarına görə dilini, mədəniyyətini, mənəviyyatını, ruhunu, soyunu qoruyub saxlaya bildi.
   
   Ulu Öndər Heydər Əliyev heç də nahaqdan hakimiyyətdə olduğu bütün illərdə yaradıcı insanları göz üstə saxlamırdı. Siyasət sərkərdəsi, millət sərkərdəsi olan Heydər Əliyev söz sərkərdələrinin də millətin həyatında necə böyük rol oynadığını hamıdan gözəl bilirdi. Hələ 70-ci illərdə Azərbaycandakı yazıçılara və bəstəkarlara, rəssamlara və heykəltəraşlara göstərilən qayğı digər müttəfiq respublikaların heç birində göstərilmirdi. Onlara Sosialist Əməyi Qəhrəmanı adı alırdı, SSRİ-nin və Azərbaycanın Ali Sovetlərinə deputat seçdirirdi, onları qoruyurdu, onlara arxa dururdu ki, onlar da bu milləti qorusunlar, bu millətə arxa dursunlar. Yaradıcı adamlarımıza geniş meydan açırdı ki, onlar sözlərini deyə bilsinlər.
   
   Ulu Öndərin siyasətini layiqincə davam etdirən möhtərəm prezidentimiz İlham Əliyev də hakimiyyətə gəldiyi ilk gündən yaradıcı insanları həmişə diqqət mərkəzində saxlayıb. Onların ən adi məişət problemlərinə belə diqqət göstərib və diqqət göstərməkdədir. Yəni dövlət yaradıcı insanlara həmişə qayğısını əsirgəmir.
   
   Amma çox təəssüf ki, dövlətin bu qayğısını yaradıcı insanlara çox görənlər az deyil. Bir məşhur atalar sözü var: "Ağanın pulu gedər, nökərin canı". İndi ağanın yaradıcı insanları bağrına basması niyə xislətində nökərçilik olanları ağrıdır, başa düşmürəm?
   
   Və ən çox da hücuma məruz qalan Yazıçılar İttifaqıdır. Mən İttifaq yazıram, Birlik yazmıram. Çünki Azərbaycan Yazıçılar İttifaqı mənə elə gəlir ki, İttifaq olanda daha möhtəşəm idi. Birlik olanda elə Birliyə çevrildi. Yəni mən o vaxt ad dəyişməsini başa düşmədim, elə indi də başa düşmürəm.
   
   Və həmişə Yazıçılar İttifaqının üstünə bir hücum olub. Bu İttifaqı dağıtmağa, məhv etməyə çalışıblar. Və çox güman ki, Ulu Öndər hakimiyyətə gəlməsəydi Yazıçılar İttifaqı elə dağılacaqdı. Bu yerdə görkəmli yazıçımız Anarın xidmətlərini də danmaq Allahsızlıq olardı.
   
   Mən Yazıçılar İttifaqının fəaliyyətindəki uğurlardan və nöqsanlardan yazmaq fikrində deyiləm. İttifaq pisiylə, yaxşısıyla göz qabağındadı.
   
   Və görkəmli yazıçımız Elçin "525-ci qəzet"in 18 fevral nömrəsində "Yazıçılar Birliyi, ədəbiyyatımız və özümüz" adlı məqaləsində həm Yazıçılar İttifaqının tarixi haqqında, həm fəaliyyəti haqqında, görülmüş işlər haqqında və görülməsi lazım olan işlər haqqında çox ciddi bir məqalə ilə çıxış edib. Və həmin məqalədə həm də həlli vacib bir çox məsələlərə toxunub.
   
   Onu da qeyd edək ki, bu yaxınlarda akademik Ramiz Mehdiyev də silsilə məqalələrlə çıxış eləmişdi. Və həmin məqalələrdə yaradıcı təşkilatların fəaliyyəti də geniş yer almışdı, yaradıcı təşkilatların fəaliyyətində nöqsanlar göstərilmiş və bu nöqsanların aradan qaldırılması üçün müəyyən yollar da işarə edilmişdi. Və həmin məqalələrdə Yazıçılar İttifaqının fəaliyyəti də ciddi tənqid olunmuşdu. Akademikin silsilə yazıları ictimaiyyətdə geniş əks-səda doğurdu, mətbuat buna böyük reaksiya verdi.
   
   Elçinin məlum məqaləsində də çox ciddi problemlər qoyulub. Təbii ki, bir yazıçı kimi Elçin Yazıçılar İttifaqı ilə bağlı, ədəbiyyatımızla bağlı, onu düşündürən və əslində elə bütün yazarları düşündürən problemlərə bir işıq salıb.
   
   Mən məqalə haqqında geniş yazmaq istəmirəm, amma Elçin müəllimin qaldırdığı müəyyən məsələlərə öz münasibətimi bildirmək istəyirəm.
   
   Elçin müəllim yazır: "Bu gün Yazıçılar Birliyinin 1500 (mətbuatda hətta 1700 rəqəmi də gözümə dəyib, ancaq bu gün mətbuata cani-dildən inanmaq, təəssüf ki, mümkün deyil!) nəfərdən çox üzvü var (Çingiz Abdullayev də bunu tez-tez yada salır) və mən bu rəqəmin qeyri-ciddiliyi barədə deyilənləri təkrar etmək istəmirəm: danılmazı isə odur ki, biz Yazıçılar Birliyinin həqiqi sənət ocağı kimi ədəbi nüfuzunu artırmaq üçün bu çətin və həlli mürəkkəb vəziyyətdən çıxmalıyıq".
   
   Mən ötənlərdə qeyd eləmişdim. Yazıçılar İttifaqının üzvlərinin sayı ölkədə beş-altı partiyanı çıxmaq şərtilə, digər partiyaların üzvlərinin sayından çoxdur. Və heç bir siyasi partiyadan da zəif deyil. Hər bir siyasi partiya öz ziyalıları ilə həmişə öyünüb, yazarları, şairləri ilə öyünüb, alimləri ilə öyünüb. Yazıçılar İttifaqının üzvləri sırasında şöhrətləri Azərbaycandan da çox-çox kənarda yayılmış onlarla yazıçı, şair və alim var. Bu başqa bir yazının mövzusudur, qayıdaq Elçin müəllimin məqaləsinə.
   
   Elçin müəllim təklif edir ki, növbəti qurultay Yazıçılar İttifaqının müəyyən bir kvotasını müəyyən eləsin. Elçin müəllim bu kvotanın 300 nəfərdən ibarət olmasını təklif edir, amma onu da qeyd edir ki, bu 170 də ola bilər, 230 da. Və daha sonra təklif edir ki, xüsusi bir Komissiya yaradılsın və həmin Komissiya İttifaqın hazırki üzvlərini attestasiyadan keçirmək üçün qəti və tələb olunan dərəcədə sərt qaydalar müəyyən etsin.
   
   Əslində Yazıçılar Birliyi Yazıçılar İttifaqı olanda belə bir Komissiya fəaliyyət göstərirdi və həmin Komissiya da "qəti və tələb olunan dərəcədə sərt qaydalar müəyyən etmişdi". Və o qaydalar tətbiq olunanda Yazıçılar İttifaqının üzvlərinin sayı gərək ki, heç 300-ə çatmırdı.
   
   O boyda Sovet İttifaqı dağılırdısa, adi bir Yazıçılar İttifaqı bu dağılmanın qarşısında duruş gətirə bilməzdi. Ona görə "qəti və tələb olunan dərəcədə sərt qaydalar müəyyən edən" Komissiyalar da daha qəti və tələb olunan dərəcədə sərt qaydalar tətbiq edə bilmədi. Nəticədə məsələ gəlib bu həddə çatdı.
   
   Kvota məsələsi bir qədər çətin məsələdir. Çünki belə bir kvotanı müəyyən eləmək olmaz ki, ölkədə yaradıcı insanların sayı 300-ü keçməsin. Yəni bir istedad ortaya çıxarsa, artıq kvota dolubsa, onun üzünə qapıları bağlamaq ən böyük haqsızlıq olardı. Amma ona da inanıram ki, "qəti və tələb olunan dərəcədə sərt qaydalar" tətbiq olunarsa İttifaqın üzvlərinin sayı 250-ni keçməz.
   
   Ölkənin bütün strukturlarında hər il attestasiyalar keçirilir. Və attestasiyadan keçməyənlər bir çox hallarda məhkəmələrə müraciət edirlər, bəzən məhkəməni udanlar da, uduzanlar da taleləri ilə barışmalı olurlar və başqa sahələrdə iş axtarırlar.
   
   Bunu Yazıçılar İttifaqında tətbiq etmək olarmı? Təbii ki, olar. Amma məsələnin başqa bir tərəfi var. Ölkədə qəzet bolluğu, hərənin əlində bir qəzet. Yazıçılar İttifaqının o 1500 üzvünün bəlkə də 500-nün əlində qəzet var. Və əllərində qəzet olanların da 90 faizi mətbuata dəxli olmayan, ədəbiyyata dəxli olmayan, istedadsız adamlardı. Qoruq yox, qaytaq yox. Bircə həftəyə Yazıçılar İttifaqının sədrini də, katiblərini də Kliniki xəstəxanaya göndərərlər, orda da bilirsiniz çox bahalıqdı, yazıçıların da əli aşağı.
   
   Elçin müəllim çox ciddi məsələ qaldırıb. Amma bunu həyata keçirmək üçün gərək Yazıçılar İttifaqının rəhbərliyi inqilab eləyə və bu inqilaba da əyninə kəfən geyinib gedə.
   
   O dönəmdə bir hədd vardı. Birini qoyub o birisinə gedim. Şuşada fəaliyyət göstərən "Məclisi-üns"ə üzv olmaq üçün ən azı müxtəlif şairlərdən 2000 beyt şeir əzbər bilməliydin. Bu imtahanı verəndən sonra səni o Məclisə buraxırdılar. Eləcə də Şamaxıda, Bakıda fəaliyyət göstərən ədəbi məclislərdə də bir ölçü vahidi varmış. Hətta yarışlar da keçirilirmiş.
   
   Belə bir lətifə də var. Miri adlı bir şair ədəbi məclisə özünü soxmaq istəyirmiş. Amma qəbul eləmirmişlər. Nəhayət, bir gün onu imtahana çağırırlar. Böyük ədiblər oturub. Deyirlər ki, Miri, bədahətən bir şeir de. Miri də sinəsini gərib deyir:
   
   - Məclisi arəstədi öz Mirisiylə...g
   
   Nə qədər eləyir arxası gəlmir. Tez özünü verir çölə, özünü yetirir qonşuluqdakı Mirzə Ələkbər Sabirə. Deyir ki, Sabir, ölmüşəm məni yerdən götür, misranın arxasını deynən.
   
   Sabir də deyir ki, əvvəlini de görüm.
   
   - Məclisi arəstədi öz Mirisiyləg
   
   Sabir gülür və beyti tamamlayır:
   
   - Ə, get denən ki, Miri də qələt eləyib, həm ölüsü, həm dirisiylə.
   
   Bəli, o dönəmdə bir hədd vardı. Mətbuatda neçə min misra şeirin çap olunmalıydı və ya neçə çap vərəqi nəsrin. Bunlar hələ yetmirdi və Yazıçılar İttifaqının ən azı 15 ildən artıq üzvlük stajı olan üç nəfərdən də zəmanət almalıydın, bundan sonra sənədlər qaldırılırdı Komissiyaya və həmin Komissiya da "qəti və tələb olunan dərəcədə sərt qaydalar" tətbiq edirdi. Və Elçin müəllimin özü də uzun illər o Komissiyanın üzvü olub. Və yeri gəlmişkən, o "qəti və tələb olunan dərəcədə sərt qaydalar"ı mənə də tətbiq eləyib və xeyir-duasını verib və ondan sonra Yazıçılar İttifaqının üzvü olmuşam.
   
   Hörmətli Elçin müəllim, çox ciddi məsələ qaldırmısınız, amma onun tətbiqi çox çətindi. Amma mümkündü.
   
   Elçin müəllimin məqaləsində maraqlı təkliflərdən biri də Yazıçılar İttifaqının gələcəkdə özünü maliyyələşdirməsidir. Və Elçin müəllim hətta təklif edir ki, Yazıçılar İttifaqı növbəti qurultayında katiblərdən birini iqtisadçı seçsin.
   
   Elçin müəllim yazır: "Bacarıq, təşəbbüskarlıq, səriştə bazar iqtisadiyyatının təməlini təşkil edən atributlardandır və mən özümə sual verirəm: nə üçün bu gün Yazıçılar Birliyi öz üzvlərinə daha effektli, maddi (mənəviyə təsir edən maddi!) xidmət göstərmək, milli ədəbiyyatımızın nəşrini, təbliğini genişləndirmək, klassik və müasir dünya ədəbiyyatını, özümüzün fars, ərəb dilli klassiklərimizi (Nizamidən, Xaqanidən üzü bu tərəfə) xüsusi sifarişlərlə yenidən və keyfiyyətli şəkildə tərcümə etdirmək, öz ədəbi orqanlarının, həm də xarici dil kimi yalnız rus dilində yox, ingilis və digər dillər də daxil olmaqla sayını artırmaq, məxsusi yaşayış binası tikmək, üzvlərini xarici ezamiyyətə göndərmək, əlaqədar beynəlxalq tədbirlərdə aktiv iştirak etmək və s. naminə vəsait əldə olunması üçün tamam şəffaf bir bizneslə məşğul olmasın, misal üçün, beynəlxalq işbirliyinə söykənən poliqrafik holdinq yaratmasın, yaxud öz adına, hörmətinə layiq başqa bir münasib biznes sahəsi tapmasın?"
   
   Hörmətli Elçin müəllim, İttifaqı təmizləmək çox çətin olsa da, amma bu göstərdiyiniz məsələləri həll eləmək o qədər də çətin deyil.
   
   Təbii ki, dövlət də bu sahədə Yazıçılar İttifaqına kömək göstərməlidir. Məsələn, möhtərəm prezidentimiz İlham Əliyevin sərəncamı ilə dünya və Azərbaycan yazarlarının latın qrafikası ilə kitablarının nəşri çox sevindirici bir hadisəyə çevrildi. Özü də yüksək tirajla, kitabxanalara pulsuz paylanması, məktəblərə pulsuz paylanması və sair və ilaxır. Həmin məsələ Yazıçılar İttifaqına həvalə olunsaydı çox yaxşı olardı, İttifaq bu nəşrlərdən əldə olunan gəlirlə ayağa qalxardı və çox böyük işlər görə bilərdi. Yuxarıda qaldırdığınız problemlərin həllində çox vacib bir rol oynayardı bu. Hələ də gec deyil.
   
   Bir möhtəşəm nəşriyyat vardı - "Yazıçı" nəşriyyatı. Bu nəşriyyatda istedadsız adamların kitablarına yer yox idi. Bir şair var, deyəsən 46 kitabı çıxıb, Anarın qapısını yerindən çıxarır ki, niyə mənə xalq şairi adı almırsan? Halbuki heç məhəllə şairi də deyil. Vaqif Səmədoğlunun deyəsən beşmi, altımı kitabı çıxıb, olsun Ramiz Rövşən, olsun Vaqif Cəbrayılzadə. Onların da kitablarının sayı ona çatmır. Anarın qapısını sındıran həmin şair "Yazıçı" nəşriyyatında bircə kitab çap elətdirə bilərdimi? İndi həmin nəşriyyatı bərpa elətdirmək mümkündü Yazıçılar İttifaqının tabeçiliyində, təbii ki, özünün mətbəəsi ilə. Və ordan gələn gəlirlə də göstərdiyiniz o gəliri də, göstərdiyiniz o problemlərin həllinə yönəltmək mümkündü.
   
   Müəllif Hüquqlarını Qoruma Agentliyi də Yazıçılar İttifaqı ilə birgə işləməlidir. Dünyanın bütün sivil ölkələri ilə bu agentlik müqavilələr imzalamalıdır ki, Azərbaycan yazıçılarının, şairlərinin (o cümlədən bəstəkarlarının, rəssamlarının) xaricdə ya oğurluq, ya doğurluq çıxan kitablarının qonorarı ölkəyə gəlsin. Bu həm yazıçıların maddi vəziyyətini yoluna qoyar, həm də elə büdcəmizə də xeyli gəlir gətirə bilər.
   
   Azərbaycanın onlarla yazıçı və şairinin hər il dünyanın müxtəlif ölkələrində onlarla və daha çox kitabları nəşr olunur. Kitabımız nəşr olunanda elə sevinirikg Amma onun qonorarını ala bilirikmi?! Elə şəxsən, Elçin müəllim, sizin, heç uzağa getməyək, qardaş Türkiyədə neçə-neçə kitabınız nəşr olunub (özü də yüksək tirajla), pyesləriniz tamaşaya qoyulub, qonorar almısınızmı? Yüz faiz əminəm ki, yox. Çünki onu bilirəm ki, bizim Türkiyə dövləti ilə belə bir müqaviləmiz yoxdu.
   
   Bir Ədəbiyyatı Təbliğ Bürosu vardı. Şair və yazıçılarımız ordan dolanırdılar. Mən hələ Azərbaycandan kənarı demirəm, elə ölkənin daxilində görüşlər keçirilirdi və o görüşlərə görə Ədəbiyyatı Təbliğ Bürosuna pul ödənirdi, görüşlərdə iştirak edən şair və yazıçılar da onun müəyyən faizini alırdılar. Yəni, bu büronun işini gücləndirmək çox vacibdi. Azərbaycanda ali məktəblər, böyük holdinqlər, şirkətlər, müəssisələr, zavod və fabriklər, yəni bunlar şair və yazıçılarla görüşmək istəmirmi? Və əslində bu şair və yazıçıları yox, elə onların özlərinə xeyir gətirə bilər, böyük bir reklamdı. Reklamdır ki, Vaqif Səmədoğlu, ya Çingiz Əlioğlu, ya Ramiz Rövşən, indi durub ad saymayaq, "Azərsun" holdinqi şərəfləndirib onun müəssisələrində işçiləri ilə görüşüb. Heç şeir oxumayıblar ey, oturub çay içiblər.
   
   Vallah-billah, rayonlarda, kəndlərdə camaat bir şair, bir yazıçı, bir bəstəkar görəndə az qalır gözünə təpsin.
   
   Yəni, Yazıçılar İttifaqı Azərbaycanın holdinqləri ilə, böyük şirkətləri ilə müqavilələr bağlaya bilər, onların reklamını da təşkil edə bilər.
   
   Hörmətli Elçin müəllim, yəni sizin qaldırdığınız problemlərin həlli mümkündü.
   
   Bir məsələni də deyim ki, hamımız Yazıçılar İttifaqının üzvüyük, heç birimiz üzvlük haqqını ödəmirik. Necə olur ki, bir partiya üzvü iki ay üzvlük haqqını ödəməyəndə onu partiyadan çıxarırlar, amma Aqil Abbas nə bilim, 20 ildi üzvlük haqqını ödəmir, onu Yazıçılar İttifaqından çıxarmırlar? Hamımız deyirik ki, Yazıçılar İttifaqı bizə borcludu, bəs bizim Yazıçılar İttifaqına borcumuz yoxdu? Elə bu məsələni qaldırıb Yazıçılar İttifaqını təmizləmək olar.
   
   Elçin müəllim, sizin məqalənizin dərcindən bir həftədən çox vaxt keçib. Mətbuatı izləyirəm görüm yazarlarımız sizin məqaləyə nə reaksiya verəcəklər . Amma təəssüf ki, reaksiyanı görmürəm. Yalnız dünən bizim qəzetdə Elçin Hüseynbəyli kiçik də olsa öz münasibətini bildirib.
   
   Bilirsiniz niyə? Hamının ürəyində söz var, demək də istəyir, amma qorxur. Nədən?
   
   Bax, siz bir məqalə yazdınız, ilk reaksiya bu oldu ki, Elçin müəllim bu məqaləni ona görə yazıb ki, Yazıçılar İttifaqının sədri olmaq istəyir.
   
   Mən ötənlərdə Yazıçılar İttifaqı ilə bağlı məqalə yazmışdım, müəyyən təkliflərimi demişdim. İttifaq da mənlə düşmən oldu və mətbuata da çıxartdılar ki, guya mən Yazıçılar İttifaqının sədri olmaq istəyirəm, ona görə.
   
   İndi ona görə, sizin məqaləyə və məqalədə qoyulan problemlərə yazarlar münasibət bildirmək istəmir.
   
   
   
    P.S. Qəzetimiz Elçin müəllimin məqaləsi ilə bağlı hər hansı bir yazarın münasibətini çap etməyə hazırdı.

TƏQVİM / ARXİV