adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
10 Iyul 2019 14:20
20292
ƏDƏBİYYAT
A- A+

Faiq QİSMƏTOĞLU: “KÖNÜL NƏĞMƏLƏRİ”

Əli Vahid Çaylını uzun müddətdi tanıyıram. Çox səmimi və ziyalı bir insandı. Həm də Əli Vahid Çaylı ilə biz 6-cı mərtəbədə qonşuluq eləyirik. Qonşu kimi də dəyərli ziyalıdı. Tez-tez deyir ki, gəl oturaq bir stəkan çay içək. Bir istəkan çay içəndə də yeni şeirlərini oxuyur, ya da təzə çapdan çıxmış kitabını hədiyyə eləyir. Əli Vahid Çaylının nə az, nə çox, düz 5 kitabı çapdan çıxıb.

Və sonuncu dəfə çay içəndə də axırıncı çapdan çıxmış "Könül nəğmələri” kitabını mənə bağışladı. Dedi ki, vaxtın olsa və şeirlər xoşuna gəlsə bir-iki kəlmə yazarsan. Sözün düzü, heç mənim də vaxtım bir o qədər yox idi. Amma dostun sözünü yerə salmadım və kitabı vərəqlədim. Bir-birindən gözəl və rəngarəng bayatılara, gəraylara, qoşmalara, rübailərə, aforizmlərə... rast gəldim.

Onun "Getdi”, "Mən”, "Şamaxınam”, "Bəlkə”, "Məni”, "Dünya”, "Bir gün”, "Nə var”, "Belə getsə”, "Qaçır”, "Qardaş”, "Yoxsa”, "Hayıf”, "Bu dünya”, "Dələduz”, "Agahdı Allaha”, "El qədrini bilək”, "Dönər”... şeirləri diqqətimizi çəkdi. Təbii ki, şeir yazmaq elə də asan deyil. Bunu hamıdan yaxşı şairlər bilirlər. Çünki mən şair deyiləm və ömrüm boyu da şeir yazmamışam. Ancaq şeir yazmasam da, yaxşı və pis şeiri ayırmağı bacarıram. Onun "Hayıf” şerində belə bir bənd var:

... Oğraşlar təpəni dağ elədilər,

Dəyişib qaranı ağ elədilər,

Alim hikmət dedi, lağ elədilər,

Pərt olub onun tək sınana hayıf...

Bu gün dünyanın mizan tərəzisi itib. Yəni alimin, şairin, ziyalının qiyməti bir o qədər də bilinmir. Ən azından ona görə ki, bir çox vəzifələrdə iki eşşəyin arpasını bölə bilməyən cahillər əyləşib və onlar da cəmiyyətə yuxarıdan aşağı baxır. Adamın ürəyi ağrıyır ki, bəs görəsən biz hara gedirik belə? Bu yol bizi hara aparır? Elə Əli Vahid Çaylının da ürəyini parçalayan, qəlbini yaralayan, iç dünyasını narahat eləyən bu qaranlıq yoldu. Şair çalışır ki, bu qaranlıq yola işıq salsın. İşıq sala bilirmi? Bunu oxucular deyə bilər.

Şairin belə bir şeiri də var: "Belə getsə”. Həmin şeirdən bir bəndi oxucuların diqqətinə çatdırırıq.

Əli Vahid Çaylı, gəl indi yaşa,

Arzular-diləklər çırpıldı daşa.

Oğrular, quldurlar çəkilir başa,

Əsir qalacaqdı düz, belə getsə.

Görünür şair Əli Vahid Çaylı tükü tükdən seçməyi də bacarır. Əsl şair odur ki, adi insanların görə bilmədiyini görsün və şeirə çevirsin. Bu şair vətənin hər daşını, hər qayasını, hər torpağını, hər gülünü, çiçəyini sevməyi bacarır. Və kədərin içində də bir işıq axtarır. Düzdür, o işıq çox çətinliklə üzə çıxır. Ancaq Əli Vahid Çaylı özü işıqlı adam olduğu kimi, dünyada da işıq axtarır.

Onun şeirlərini oxuduqca kövrək notlarla yanaşı, nikbin anlar da tapmaq olur. İnanmırsınız, özünüz bilərsiniz?! Amma bu şair axtardığını gec-tez tapır. Bu da onun tapdığı məqam:


Arzular içində seyrə çıxmışam,

Gecəli-gündüzlü səfərdəyəm mən.

Gah ulaq belində yük daşıyıram,

Gah qızıl yəhərli kəhərdəyəm mən.


Çaylıyam, ömrümdə etmərəm günah,

Günahı törədən tamahdı, tamah.

Üzümə müjdəylə açılır sabah,

Görürəm, nurlu bir səhərdəyəm mən.


Nə qədər gözəl və nə qədər də nikbin bir mənzərə! Kim istəməz ki, səhəri xeyrə açılsın? Kim istəməz ki, səhəri nurlu və işıqlı olsun! Əli Vahid Çaylının ürəyinin böyüklüyünə bir baxın ki, bu millətə, bu xalqa hər səhərin xeyirli olmağını arzulayır. Səhəriniz xeyirli olsun, ey gözəl dünyamız!..