adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
09 Iyul 2019 12:01
8933
MƏMLƏKƏT
A- A+

Agentlik: Azərbaycanda 403 nəfər qida zəhərlənməsinə məruz qalıb, 2-si ölüb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətlərinin icrasına başladığı tarixdən etibarən 1003 nömrəli "Çağrı Mərkəzi”nə vətəndaşlar tərəfindən istehlakçı hüquqlarının pozulması və ümumilikdə 17 241 digər xarakterli müraciət daxil olub.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli qurumun fəaliyyətinin ildönümünə həsr olunan tədbirdə deyib.

Agentlik sədrinin sözlərinə görə, müraciətlərdən 359-u qida zəhərlənmələri ilə bağlı şikayətlər olub. Agentliyin əməkdaşları tərəfindən operativ qaydada aparılan araşdırmalar nəticəsində 167 qida zəhərlənməsi faktı öz kliniki təsdiqini tapıb, 403 nəfərin qida zəhərlənməsinə məruz qaldığı müəyyən edilib. Zərərçəkənlərdən 2-si vəfat edib.

Q.Təhməzli əlavə edib ki, qida təhlükəsizliyi nəzarəti sahəsində Agentlik tərəfindən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarış alınmaqla 277 planlı, 302 plandankənar (növbədənkənar) olmaqla ümumilikdə 579 yoxlama aparılıb və 390 iş üzrə inzibati tənbehvermə haqqında qərar qəbul edilib. İnzibati tənbehvermə haqqında qərarlardan 5-i şərti cərimə, 22-i xəbərdarlıq, 363-ü isə inzibati qaydada cərimə edilməsi barədə qəbul olunub və 9850 AZN-i şərti cərimə olmaqla, ümumilikdə 280 100 manat cərimə tətbiq olunub.

Q.Təhməzli qeyd edib ki, Agentliyin fəaliyyət göstərdiyi 1 il ərzində ixrac zamanı aparılan nəzarət tədbirləri hesabına məhsulların idxalçı ölkələr tərəfindən imtina halları əhəmiyyətli dərəcədə azalıb, fındıq məhsullarının Avropa İttifaqı tərəfindən 7 dəfə idxaldan imtina halı müşahidə edilib: "Halbuki 2017-ci ilin yanvar ayından Agentliyin fəaliyyətə başladığı tarixədək bu cür imtina hallarının sayı 36 idi. Aparılmış yoxlamalar nəticəsində Agentlik tərəfindən istehlak üçün yararsız 127 821 kq qida məhsulu və 3620 litr spirtsiz içki məhv edilib, 96 177 kq məhsul zərərsizləşdirilib və 1500 ton taxılın geri qaytarılması haqqında qərar qəbul edilib".

Agentlik sədri bildirib ki, baytarlıq nəzarəti sahəsində Agentlik tərəfindən ümumilikdə 124 yoxlama aparılıb və 54 inzibati tənbehvermə haqqında qərar qəbul edilib. İnzibati tənbehvermə haqqında qərarlardan 8-i xəbərdarlıq, 46-sı inzibati qaydada cərimə edilməsi barədə qəbul olunub və cəmi 15 500 manat cərimə tətbiq edilib.

Q.Təhməzli əlavə edib ki, baytarlıq nəzarəti tədbirləri nəticəsində, baytarlıq müfəttişləri tərəfindən müvafiq nöqsanların aradan qaldırılması ilə bağlı ölkə üzrə ümumilikdə, 46 187.5 kq ət və ət məhsulları məhv edilib, idxal edilmiş 58 200 kq məhsul isə ixracatçı ölkəyə geriyə qaytarılıb.

Agentlik tərəfindən Daxili İşlər Nazirliyi əməkdaşlarının köməyilə keçirilmiş əməliyyat tədbirləri nəticəsində mikrobioloji və orqanoleptik cəhətdən qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə cavab verməyən 5947 kq ət aşkar olunub.

Agentliyin fəaliyyət göstərdiyi dövrdə 112 sahibkardan 893 baytarlıq preparatının qeydiyyata alınması üçün 264 müraciət daxil olub. Müraciətlər üzrə 243 baytarlıq preparatının, 42 yem və 51 yem əlavəsinin sınaq təcrübələri başa çataraq qeydiyyata götürülüb, 545 məhsulun sınaq prosesi hazırda davam etdirilməkdədir, 12 adda baytarlıq preparatının qeydiyyatı isə dayandırılıb.

Nəzarət tədbirləri çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Milli İstinad Laboratoriyası və regional sınaq laboratoriyalarında patoloji material nümunələrinin ekspertizası həyata keçirilib və aparılmış təhlillər nəticəsində 4218 (4%) halda infeksion və invazion xəstəliklər aşkar edilib. Laboratoriya müayinələrinin nəticələrinə görə 1958 halda invazion xəstəliklər, 1562 halda brusellyoz, 225 halda xlamidioz, 287 halda pasterellyoz və 67 halda quduzluq xəstəlikləri aşkarlanıb.