adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
08 Iyul 2019 17:16
19096
ƏDƏBİYYAT
A- A+

“HƏR ŞEYİ OLDUĞU KİMİ...” DEMƏK... BU, VİCDAN İŞİDİR

Jurnalistikada hər zaman aktual olan, müasir səslənən bir mövzu var: Anadilli mətbuatımızın yaranması və inkişafı prosesləri. Bu mövzunun özü də çoxistiqamətlidir. Bu istiqamətlərin hər biri ayrıca tədqiqat predmetidir. Milli oyanış dövrü, xalqın qəflət yuxusundan ayılması, savadsızlığa qarşı mübarizə, yeni üsullu, dünyəvi məktəblərin açılması, xeyriyyə cəmiyyətlərinin yaranması və fəaliyyət istiqamətləri, maarifçiliyin ictimai şüura təsiri, mədəniyyət və incəsənətin təşəkkülü... Cümhuriyyətdən əvvəl və Cümhuriyyət dövründə, Sovetlər hakimiyyətində maarifpərvər qadınların təhsilimizin tərəqqisi yolunnda fədakar çalışmaları, eləcə də onlarının cəmiyyət həyatındakı yeri və rolu, mənəvi dəyərlərin qazanılması, gender bərabərliyi... bu sıradan bir çox məsələlərin tədqiqi və inkişafında milli mətbuatımızın rolu misilsizdir.

Bu mövzuların tədqiqatçılar tərəfindən mərhələlər üzrə işlənməsi Azərbaycan mətbuatının inkişafında böyük əhəmiyyət kəsb edir. Eləcə də araşdırmalar nəticəsində meydana gələn mükəmməl monoqrafiyalar, publisistik əsərlər milli mətbuatımızın tarixini başqa bir aspektdən tədqiq edən yeni nəsil tədqiqatçılardan ötrü səhih mənbə, özlərindən əvvəlki fikrə istinad etmək üçün istiqamətverici məxəzlərdir.

Bir tədqiqatçının isə adıçəkilən mövzunu qeyd etdiyimiz istiqamətlərin hər birində tarixi ardıcıllıqla, sistemli şəkildə əhatə etməsi böyük, çox böyük zəhmətdir. Görülən işlərin zaman-zaman, ardıcıl olaraq monoqrafiyalar, ensiklopedik toplular, publisistik kitablar kimi işıq üzünə çıxarılması da tədqiqatçının malik olduğu elmi təfəkkürünün, peşəkarlığının, prinsipiallığının, milli təəssüb hissinin bariz göstəricisidir. Həmçinin, Azərbaycançılıq məfkurəsini ruhunda, əməli fəaliyyətində vicdanla, böyük sevgi ilə yaşaması və çoxlu sayda əsərlərində yaşatması da tədqiqatçının heç bir maddi sərvətlə müqayisəyə gəlməyən mənəvi qazancıdır.

Bütün bunları xatırlatmağım əlbəttə, səbəbsiz deyil və mən bu fikirləri nəzərə çatdırmaqla həm də uzun illər elmi-ədəbi fəaliyyətini müşahidə etdiyim bir şəxsiyyəti, tarix elmləri doktoru, tədqiqatçı jurnalist, ləyaqətli ziyalı Sabir Gəncəlinin fəaliyyətini, elmi-ədəbi məhsullarını göz önünə gətirirəm.

Sabir Gəncəli (Məmmədov) 60 ilə yaxındır ki, bir qədər əvvəldə qeyd etdiyimiz sahələrdə bütün əziyyətlərə qatlaşaraq, səylə, səbr və təmkinlə, inadkarlıqla, eyni zamanda böyük həvəslə tədqiqatlar aparır, tarixin qaranlıq səhifələrinə işıq salır. Ən əsası da iki yüz ildən də çox tarixi bir dövrü araşdıran, milli oyanış dövrünün təbəddülatlarına, xalqın ictimai həyatında baş verən bütün hadisələrə özünün elmi araşdırmaları ilə cığır açan Sabir Gəncəli elmi-ədəbi yaradıcılığını özünəməxsus orijinallıqla inkişaf etdirmiş və bu gün də eyni həvəslə tədqiqatlarını davam etdirir. Bütün bunlar Sabir müəllimin yaradıcı axtarışlarının məhsulu olan 30-dan çox kitabında – monoqrafiyalar, ensiklopediyalar, tədqiqat xarakterli publisistik əsərlərində cəmləşib. Mən bu kitabların əksəriyyəti ilə tanışam. Hər biri də ideyası, elmi-bədii xüsusiyyətləri ilə m