adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
05 Iyul 2019 17:00
25262
KRİMİNAL
A- A+

Bakıda azyaşlını şantaj edib 610 min manatını alan dəstə üzvlərinə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq və hədə-qorxu ilə tələb etmədə ittiham olunan Famil Qafarov, Rahid Tarverdiyev və Elmar Əliağazadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Adalet.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə F.Qafarov 9 il, Ş.Tarverdiyev 8 il, E.Əliağazadə isə 6 il azadlıqdan məhrum edilib.

İttihama görə, dəstə üzvləri Füzuli rayon sakinini silahla hədələyərək onun külli miqdarda pul və qızıl-zinət əşyalarını ələ keçiriblər.

Rayon sakini, 2000-ci il təvəllüdlü R.Rüstəmov Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək bildirib ki, 2016-cı ildən etibarən mütəmadi olaraq bir qrup şəxs tərəfindən pul və qızılları əlindən alınıb.

Şikayət əsasında üç nəfər - Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü R.Tarverdiyev, 1992-ci il təvəllüdlü, Şirvan şəhər sakini F.Qafarov və 1993-cü il təvəllüdlü, Astara rayon sakini E.Əliağazadə məsuliyyətə cəlb olunublar.

Məlum olub ki, bu üç nəfər yeniyetmədən üst-üstə 359 min dollarlıq (610 min manatdan çox) qızıl-zinət əşyalarını ələ keçiriblər.

Həmin şəxslər əvvəlcə fırıldaq yolu ilə R.Rüstəmovdan 1000 dollar və və 139 260 dollar dəyərində qızıl-zinət əşyaları alıblar. Sonradan F.Qafarov oyuncaq silahla R.Rüstəmovu hədələyərək onun 219 800 dollar dəyərində qızıl məmulatlarını ələ keçirib.

Bununla yanaşı, təqsirləndirilən F.Qafarov zərərçəkmiş kimi tanınan 16 yaşlı gəncin videogörüntülərini çəkərək həmin görüntüləri atasına göstərəcəyini deyib.

Cinayət işində A.Rüstəmovla yanaşı, onun atası Xəqani Rüstəmov və Şamama Qocayeva da zərərçəkmiş qismində tanınır.