adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
04 Iyul 2019 17:46
46347
ƏDƏBİYYAT
A- A+

Dağbəyi Əsədov: Sönən arzular































Sönən arzular

Hara uzanırsan, gedirsən belə,
Ey ana yurduma gedən arzular...
Hərdən də kükrəyib dönürsən selə,
Məndən aralanıb gedən arzular.

Hər axşam, hər səhər məni dindirib,
İlxının içindən bir köhlən seçib,
Yəhərini qoyub məni mindirib,
Ağ atlı oğlana dönən arzular.

Çapıb xəyalımla, uçub quş kimi,
Gedib ana yurda yetən arzular.
Hərdən də başımdan çıxır huş kimi,
Dumanlar içində itən arzular.

Hər gün "Süsən"imdən çiçək dərirsən,
Yenib "Kəhriz"imdən su da içirsən.
Elə bil kükrəyən Mavdan selisən,
Yatanda yox olub gedən arzular.

Yenə ürəyimin düz içindəsən
Vətən! Vətən! - deyib qüssələnirsən.
Axır bu ürəyi iki böləssən,
Qalıb öz içimdə sönən arzular.

Dübək daşı

Yuxuda gördüyüm kəndimizdəki
dübək daşı...

Köhnə kənd - babamın ulu məskəni,
Yuxumda gəlmişəm, qəbul et məni.
Yadıma saldıqca olub-keçəni,
Yaman kövrəlirəm, yaman, neyləyim?

Qərib baxışında bir heyrət duydum,
Ağ saçlı qocaya oxşatdım səni.
Yetim uşaq kimi boynumu burdum,
Çəkdin qucağına sən öz nəvəni.

Baxdım hələ dözür çinar ağacı,
Ot basmış cığırlar, yollar tanışdı.
Nəvəyə babamın uçuq daxması,
Həzin pıçıltı ilə nağıl danışdı.

Gözümə sataşdı bir dübək daşı,
Dilim kilidlənib, könlüm anladı.
Xəyalən gözümün önündən keçib,
Qovuz taclı qızlar dəstə bağladı.

Orda bir qız gördüm: doğma nənəmdi,
Dönüb baxdı mənə - öz nəvəsinə.
Öpüb üz-gözümdən qovuz da verdi,
Qayıdıb qoşuldu öz dəstəsinə.

Köhnə dübək daşı bəlkə də səndə,
Neçə qız-gəlinin izi qalıbdır.
Yəqin ki, indi də köksün altında,
İlanlar, əqrəblər məskən salıbdır.

Məbədim mənim

Su alaydı yer üzünü ayrıdan,
Ləpələrin qucağında gedəydim.
Səni gəzib çağırardım ucadan:
- Yurdum, yuvam, beşiyim hey, Zəngilan,
Ana yurdum, məbədim hey, Zəngilan!

Əlim çatmır o yerlərə, neyləyim,
Tanrıma var taleyimdən gileyim.
Nə vaxt görən gün görəcək güneyim,
Qar sinəli quzeyim hey, Zəngilan,
Ana yurdum, məbədim hey, Zəngilan!

Görüşməyə can atıram, çatmıram,
Ümidliyəm, ümidimi qırmıram.
Ona görə qəm gölündə batmıram,
Xarı güllü, Süsənim hey, Zəngilan.
Ana yurdum, məbədim hey, Zəngilan!

Yamacında çiyələyin dərilmir,
Kölgəlikdə kəklik otun sərilmir.
Ala yoncan, alma yoncan biçilmir,
Can dərmanlı çiçəyim hey, Zəngilan,
Ana yurdum, məbədim hey, Zəngilan!

Günəş doğa, məstlə tezdən çıxaydı,
Dağ dalından oğrun-oğrun baxaydı.
Şəfəq olub qucağına axaydım.
Yellənməyən beşiyim hey, Zəngilan.
Ana yurdum, məbədim hey, Zəngilan!

32 İstəyim var - uşaqlığa dönəydim,
Çubuq tapıb at əvəzi minəydim.
Dağa qalxıb yamacından yenəydim,
Mavdan elim, ellərim hey, Zəngilan,
Ana yurdum, məbədim hey, Zəngilan!

Sən o yanda, mən bu yanda dinmirik,
Hər ikimiz qolu bağlı əsirik.
Can deyilik, bir quruca nəfəsik,
Qürub edən günəşim hey, Zəngilan,
Ana yurdum, məbədim hey, Zəngilan!

Bir at minib yalmanına yataydım,
Çapa-çapa o yerlərə çataydım.
Koroğlunun daş yaddaşın qucaydım,
Cənnət bağım, beşiyim hey, Zəngilan,
Ana yurdum, məbədim hey, Zəngilan!

Torpağından mayalanıb can aldım,
Balan olub lay-layınla boy atdım.
Yeddi ildə yetmişcə il qocaldım,
Kölgələnmiş həsrətim hey, Zəngilan,
Ana yurdum, məbədim hey, Zəngilan!

Çıx Tatarın başı üstə ucalan,
Tənhalıqdan yalqız qalıb qocalan.
Tək saqqızın kölgəsinə yan alan,
Köç eləyən karvanım hey, Zəngilan,
Ana yurdum, məbədim hey, Zəngilan!

33 Yada düşdü başı qarlı dağlarım,
Miyən dərə, Yağlı dərə yaylağım.
Seyrangahım, obalarım, oylağım,
Şanda balım, pətəyim hey, Zəngilan,
Ana yurdum, məbədim hey, Zəngilan!

Üz qoyacam o dağların üzünə,
Kaş yenəydim zirvəsindən düzünə.
Sarılardım Xanazurun pirinə,
Qibləm mənim, aləmim hey, Zəngilan,
Ana yurdum, məbədim hey, Zəngilan!

Çeşmə gözüm, söylə, görüm necəsən?
Axırsanmı, yoxsa batıb getmisən?
Yağılara zəhər olub içil sən,
Büllur gözlü çeşməlim hey, Zəngilan,
Ana yurdum, məbədim hey, Zəngilan!

Qazançının Qazan adı soyumdu,
Xustub dağı keçmişimin boyudu.
O yurd Dədə Qorqudumun yurdudu,
Burla xatun nənəlim hey, Zəngilan,
Ana yurdum, məbədim hey, Zəngilan!

Qonaq gedib Leşkarımda olaq, gəl,
O bulağın dolmuş gözün açaq, gəl,
Gün batanda Əsgülümü aşaq, gəl,
Haray deyək ellərim hey, Zəngilan,
Ana yurdum, məbədim hey, Zəngilan!

34 Turş suların Noxuddudu, Seyidlər,
Yüz yaşadı o sulardan içənlər.
Şəfa tapdı Qotur suya gedənlər,
Vənni suyum, Həsrətim hey, Zəngilan,
Ana yurdum, məbədim hey, Zəngilan!

Əzəmətim, vüqarımdı Hərtizim,
Əsgülümlə Süsən mənim əkizim.
Əkizlərin göz yaşıdı Kəhrizim,
Kəhriz suyum - pəhrizim hey, Zəngilan,
Ana yurdum, məbədim hey, Zəngilan!

Sinəsindən beş çay axır, min bulaq,
Dostum, gedək o yerlərə ol qonaq.
Sahilləri oba, orman, çilçıraq,
Bərgüşadım, Həkərim hey, Zəngilan,
Ana yurdum, məbədim hey, Zəngilan!

Külək əsir həzin-həzin bu axşam,
Tənha qalıb xəyallara dalmışam.
Gül ətrini mən Arazdan almışam,
Oxçu çayım, Bəsitim hey, Zəngilan,
Ana yurdum, məbədim hey, Zəngilan!

Şəhid olub neçə ərən, igidin,
Vətən! - deyib, itkin düşdü Sabirin.
Son məqamda torpağını yeyənin,
Şir ürəkli Adilim hey, Zəngilan.
Ana yurdum, məbədim hey, Zəngilan!

35 Bu dünyanın işi belə bilinmir,
Şər yeriyir, xeyir durub gözləyir.
Haqsızlıqlar yer üzündən silinmir,
Xoş niyyətli diləyim hey, Zəngilan,
Ana yurdum, məbədim hey, Zəngilan!

Zaman gedir, təkərləri dayanmaz,
Torpağından yad ellərə pay olmaz.
Qan tökməsək səni kimsə alammaz
Uğurunda öləyim hey, Zəngilan.
Ana yurdum, məbədim hey, Zəngilan!

Allah, mənə bir ömür ver qayıdım,
Cidalının pir başına dolanım.
Doğulduğum Çəmən yurda yollanım,
Ordan səni seyr edim hey, Zəngilan.
Ana yurdum, məbədim hey, Zəngilan!

O gün ola - bağlı yollar açılsın,
Ana yurdum al şəfəqə boyansın.
Obalarda şənliklərin qurulsun,
Toy-büsatı diləyim hey, Zəngilan,
Ana yurdum, məbədim hey Zəngilan!

Dağbəyiyəm, sinəmdə var yurd dağı,
Ağırlaşıb qəm yükümün sandığı.
Qayıtmasa keçmişimin oylağı,
Nakam ölüb gedəyim hey, Zəngilan...
Ana yurdum, məbədim hey Zəngilan!


İlk məhəbbətim

Deyirlər acısı, şirini olur,
Acısı bal dadır ilk məhəbbətin.
Hərdən ürəyimin başına qonur,
Nəbzimlə vurandı ilk məhəbbətim.

Gör neçə illərdi süzülüb gəlir,
Məndən aralanıb üzülə bilmir.
Kökü ürəyimdə çözülə bilmir,
Mənimlə qalandı ilk məhəbbətim.

Hər zaman mənimlə qoşa gəzəndi,
Qoşa kədərlənib, qoşa güləndi.
Ölsəm, o mənimlə qoşa öləndi,
Mənimlə qalandı ilk məhəbbətim.
Bir ömür evində il qalaqlanıb,
İllərin içində gün qalaqlanıb.
Bir günün içində tez yaraqlanıb,
Boy atıb çıxandı ilk məhəbbətim.

O, ilk məhəbbətin havasındayam,
O, gül yanaqlının sorağındayam.
O, xoş duyğuların qanadındayam,
Duyğular dağımdı ilk məhəbbətim.

O, gənclik çağımın ilk vüqarıdı,
O, körpə arzumun qönçə barıdı.
O, sevgi bağımın ilk nübarıdı,
Dünyada varımdı ilk məhəbbətim.

O, mənim köksümdə, ürəyimdədir
O, mənim bəxtimdə, taleyimdədir.
O, mənim dilimdə, diləyimdədir,
Axan göz yaşımdı ilk məhəbbətim.

Dünyada hər nəyə həsəd aparsam,
Aya baxışımdı ilk məhəbbətim.
Susuz səhralarda fəryad qoparsam,
Yağan yağışımdı ilk məhəbbətim.

Dağ desə çaparam, yollar açaram,
Fitnə-fəsadlara uyub baxmaram.
Onda itirmişəm, indi taparam,
Fərhada Şirindi ilk məhəbbətim.


Sən yadıma düşəndə

Görüş üçün qanadlanmaq istərəm,
Gəlib sənə qovuşmağı istərəm.
Tənha qalıb ağlamağı istərəm,
Sən əzizim, sən yadıma düşəndə.

Axan çayın şırıltısı səsindi,
Sahildəki çəmənliklər sinəndi.
Elə bildim bütün dünya mənimdi,
Sən əzizim, sən yadıma düşəndə.

Çiçəklərin yaxşısını seçərəm,
Tellərinə bircə-bircə düzərəm.
Gül dəstəsi bağlamağı istərəm,
Sən əzizim, sən yadıma düşəndə.

Gözlərinə göz oxşarı tapmadım,
Yanağının oxşarına baxmadım.
Gözəllərin kəlamına varmadım,
Sən əzizim, sən yadıma düşəndə.

Sinəm dağlı ayrılığın əlindən,
Yad olmuşam nəfəsindən, səsindən.
Ayrılmıram bir quruca əksindən,
Sən əzizim, sən yadıma düşəndə.


Bilmirəm

Gülüm, həsrətindən donub qalmışam,
Hara gedəcəyəm, özüm bilmirəm.
Həsrətin oduyla mən qalanmışam,
Necə odlanacaq canım, bilmirəm.

Səni gözləyəcəm, gəlməsən də sən,
Gedə bilməyəcəm görüş yerindən.
Sən gələ bilməsən, gülüm biləsən,
Necə olacaqdır halım, bilmirəm!

Yanıb köz olacam, külə dönəcəm,
Küləyə qarışıb dilə gələcəm.
Səni çağıracam, səni gəzəcəm,
Tapa biləcəmmi, bilə bilmirəm.

Bir zərrə olsam da səni tapacam,
O, al yanağında hopub qalacam.
Məni kül eylədin, indi cansızam,
Axan göz yaşını silə bilmirəm.