adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
04 Iyul 2019 17:20
20424
ƏDƏBİYYAT
A- A+

Başsız heykəl

(hekayə)

Kəndimizin kolxozu Marksın adını daşıyırdı. Di gəl ki, kənddə çox adam Marksın kimliyindən xəbərsiz idi. Heç sədr İsa da bilmirdi ki, Marksa nəyə görə dahi deyirlər. Amma kolxozun idarə binasının həyətində Marksın heykəli ucaldılan gündən sədr İsa gözətçi Dadaşı yanına çağırıb dönə-dönə tapşırmışdı ki, o kişinin heykəlini göz-bəbəyin kimi qoru. Elə qoru ki, böyür-başına mal-qara sürtüşməsin. Göydə uçan quşlar həyasızlıq eləyib üst-başını batırmasın. Gözətçi Dadaş da elə himə bənd idi. Kimin mal-qarası heykəlin həndəvərinə yönəlirdisə, aparıb ac-susuz saxlayırdı kolxozun tövləsində. Yiyəsi gəlib cəriməsini ödəyənə qədər mal-qaraya zulm eləyirdi. Hələ ki, quşlara əli çatmırdı... Adamlar gedib sədr İsaya nə qədər şikayət etsələr də, sözləri ötmürdü...

Gözətçi Dadaş hər gün eyni həvəslə gəlib bu heykəlin böyründə dayanırdı. Özü də bu heykələ elə həvəslə baxırdı ki, guya birinci dəfə görürdü. Gözətçi Dadaş bir dəfə poçtalyon Əzəli yanlayıb soruşmuşdu ki, kim bilməsə də sənin xəbərin olar: - Görəsən bu kişinin əsl peşəsi, sənəti nə olub?

Poçtalyon Əzəl çantasını çiynindən çıxarıb kənara qoydu ki, gözətçi Dadaşa arxayın-arxayın cavab versin: – Vallah mən də bizim kəndin tarix muəllimindən eşitmişəm ki, Marks böyük iqtisadçı olub. Amma bu cavab gözətçi Dadaşın ürəyincə olmadı. Yadına kolxozun iqtisadçısı çəpgöz Vəliş düşdü. Və dərhal soruşdu ki, yəni bizim çəpgöz Vəliş kimi.

Poçtalyon Əzəl də məzəsindən qalmadı: yox e, çəpgöz Vəliş böyük adamdı, baş iqtisadçıdır. Bunu deyəndən sonra əlini-əlinə sürtüb öz gülüşü ilə doyunca güldü. Uzun illər idi gözətçi Dadaş bu heykələ görə o qədər mal-qaranı danlamışdı ki... Elə o vaxtlar da Marksın bəxti gətirmirdi. Kəndin mal-qarası gəlib onun əl-ayağına sürtüşürdü.

Gözətçi Dadaş bir dəfə naşılıq eliyib sədr İisanın da camışını danlamışdı. Bu xəbər sədr İsanı bərk əsəbləşdirmişdi. Elə heykəlin böyründəcə gözətçi Dadaşın yaxasından yapışıb demişdi ki, mənim heyvanım da səndən ağıllıdır, yolunu azmısan, yalın artıq düşüb, heyvan oğlu heyvan...

Sədr İsa gözətçi Dadaşı söyə-söyə bir qədər yüngülləşirdi, hirsini-hikkəsini sovuşdururdu. Gözətçi Dadaş girəvə tapıb günahı özündən yayındırırdı, mal-qaranı lənətləyirdi ki, çər dəymişin hamısı bir-birinə bənzəyir.

Heykəlin həndəvərindəki ağaclara da gözətçi Dadaş qulluq eliyirdi. Və ağaclar böyüyə-böyüyə Marksın heykəlindən hündür görünürdü. Belə-belə şeylər də sədr İsanın gözündən yayınmırdı. Hər il o ağacların başını vurdururdu ki, Marksın boyundan yuxarı qalxmasınlar.

Gözətçi Dadaş heykəlin böyründəcə səssiz-səmirsiz dayanmışdı. Ayağındakı nimdaş qaloşun ucu ilə toyuq kimi torpağa eşənək vururdu. O tərəfdə qarğı atlarını səyridən kənd uşaqlarının gur səsi eşidilirdi: - Dadaş-Dadaş kəlləbaş, yarısı quru, yarısı yaş...

Gözətçi Dadaş sədr İsaya cavab qaytarmasa da, uşaqların qarasınca deyinirdi: - İt uşağı, it, kəndin sözünü deyirlər. Əslində kənd uşaqlarına fərqi yox idi. Hərəyə bir söz qoşub məzələnirdilər. Heç sədr İsanın özünü də dincə qoymurdular. Ardınca qışqırırdılar ki: - İsa – quyruğu qısa...

Günlərin bir günü kəndə xəbər yayılmışdı ki, Marksın heykəlini uçururlar. Adamlar bu xəbərin sorağına elə yığışırdılar ki, guya yas yerinə tələsirdilər. Elə bil Marksın ölüm günüydü. Heykəlin başını bədənindən ayırıb bir zibil maşınına yükləmişdilər. Əsrin dahisinə zulm eliyirdilər. Kənd adamları kənardan dayanıb mat-mat baxırdılar. Bir vaxtlar sədr İsa bu heykəlin böyründəcə alovlu nitqlər söyləyərdi, məktəblilər şeir deyərdi. Onda Marksın bəxtəvər günləri idi...

Marksın başını bir zibil maşınına yükləyəndən sonra nədənsə bədəninə toxunmadılar. Hərə bir söz uydururdu. Deyirdilər ki, sədr İsanın almadığı orden-medal qalmayıb. Təkcə heykəli çatışmırdı. Axırda Marksın yerinə göz dikdi. Nədənsə belə uydurmalar məktəbin tarix müəllimini daha çox əsəbləşdirirdi: - Sən Allah, sədr İsanı o boyda dahiyə tay tutmayın, gülməli danışmayın. Bunu deyəndən sonra gileyli-gileyli əlini yellədi:- Süleymana qalmayan dünya Marksa da qalmadı, - dedi.

Kəndin tarix müəllimi başı bədənindən ayrılan heykələ baxa-baxa universitetdə oxuduğu illəri xatırladı. Əziz müəllim yadına düşdü. Dialektik materializmdən dərs deyirdi. Bəlkə də Marksı dədəsindən çox istəyirdi. Marksdan elə danışırdı ki, guya "Kapital” olmasaydı, dünya dağılardı. Amma o boyda dahinin heykəlini uçururdular, başını bədənindən ayırırdılar heç nə dəyişmirdi. Dünya öz işindəydi. Kənd adamları elə bil kinoya baxırdılar.

Sədr İsa Marksın başsız bədəninə baxıb dərindən köks ötürürdü: - Deyəsən kolxoz oyununun axırıdı. O boyda kişini urvatsız eliyirlərsə, bizi silib-süpürməyə nə var ki...

Elə həmin gün kənd məktəbinin həyətində Leninin heykəli də başsız qalmışdı. Hələ də əllərini havada yelləyirdi. Kommunizmin yolunu göstərirdi. Amma dahi rəhbərin başını zibil maşınına yükləyəndən sonra uşaqlı-böyüklü hamı inanmışdı ki, daha kommunizm olmayacaq...

Sədr İsa ipə-sapa yatmayanda, həddini aşanda bu kəndin adamları Leninin movzeleyinə şikayət məktubu yazardılar. Dərdlərinə əlac tapmayanda Həsənbalanın çayxanasına yığışıb movzeleyin hökmündən danışardılar. Poçtalyon Əzəl deyirdi ki: - Zarafat döyül, kişinin ölüsü də adamların köməyinə çatır. O boyda mərkəz bir balaca kəndin dərdinə əlac axtarırdı...

...Kəndin paxmel Mirğanısı Leninin havada yellənən əllərinə baxa-baxa gileyli-gileyli deyinirdi. Deyirdi ki, bu dünyanın dahisini də urvatsız etdilər. Qızıldan qiymətli başını bir zibil maşınına yükləyib Allah bilir hara apardılar: - Dağıl a, dünya..

Adamlar gah Leninin başsız heykəlinə baxırdılar, gah da paxmel Mirğanının çıxardıöı oyunlara. Axırda paxmel Mirğanı üzünü adamlara tutub: - Dağılışın a qağa, - dedi. –Bu kinoya da belə baxdınız. Əslində bu kənd o qədər belə kinolara baxmışdı ki... Bunu deyəndən sonra paxmel Mirğanı üzünü sədr İsaya tutub: - Bari sən sevinmə, a qağa. Allah bilir səni nələr gözləyir...

Paxmel Mirğanı belə deyəndən sonra sədr İsa dönüb yaxasındakı orden-medallara baxdı. Və bu medalların üstündə Leninin şəkillərindən başqa heç nə görmədi. Bir istədi ki, o medalları da çıxarıb atsın zibil maşınına, amma əli gəlmədi. – Dünyanın işlərini bilmək olmaz, - dedi...

Adamlar başsız heykəllərə baxa-baxa qalmışdılar. Gözətçi Dadaş ha fikirləşirdi Marksın başına tay tapa bilmirdi. O biri tərəfdən də öz dərdinə əlac axtarırdı: - Bu gün sabah sədr İsa məni bu həndəvərlərdən qovacaqlar ki, daha heç nəyə yaramırsan, get, özünə iş axtar...

Əslində sədr İsa da başını itirmişdi. Başsız heykəllərə oxşayırdı. Gizli-gizli günlərini sayırdı. O günü gözləyirdi ki, gəlib desinlər ki, kolxoz muzeylikdir. Gözətçi Dadaş da öz-özünə fikirləşirdi ki, daha başsız heykəllərə gözətçi gərək deyil...