deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | 50 İLDƏN SONRA GÖRÜŞ Adalet.az | 50 İLDƏN SONRA GÖRÜŞ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

50 İLDƏN SONRA GÖRÜŞ

3911    |   2019-07-04 17:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

2018-ci ilin payız ayı idi. Havalar mülayim keçirdi. Orta məktəbdə sinif yoldaşım olan Fərahim Əliyevlə Bakıda görüşdük. Bir sinifdə təhsil aldığımız oğlanlardan bəziləri ilə hərdən görüşürük. Bəzən bu görüşlər təsadüfi olur, bəzən də zəngləşib əlaqə saxlayıb görüşürük.

 Fərahimlə görüşümüzüəvvəlcədən razılaşdırmışdıq. Axşam saat 7 radələrində görüşdük. Fərahim təkidlə məni evlərinə apardı. Dedi ki, səni restorana aparmaq istəyirdim, amma bacım ailəsi və nəvələri ilə bizə qonaq gəlibdir. Yoldaşım hazırlıq görüb, gedək evə. Biz onların Xırdalandakı həyət evinə getdik. Üzüm tarvalının altında böyük bir süfrə açılmışdı. Fərahim məni qonaqlarına təqdim etdi. Mən onun bacısı Elmira xanımı tanıyırdım. O, orta məktəbdə bizdən aşağı sinifdə oxuyurdu. O da məni tanıdı. Söhbətimiz 50-55 il geriyə-orta məktəb illərinə gedib çıxdı. Biz o illəri həsrətlə xatırladıq. Fərahimin həyat yoldaşı Sevinc xanım qazan yeməkləri, kabab və plov hazırlamışdı. Biz yeməyimizi yeyə-yeyə söhbətimizi davam etdirirdik. Söhbətimizin mövzusu isəəsasən orta məktəb illərindən oldu. Biz sinif yoldaşlarımız haqqında bildiklərimizi danışırdıq. O illərimizin dostlarını, uşaqlıq xatirələrimizi yada salırdıq. Sonra Fərahim dedi ki, 15 il qabaq sinif yoldaşlarımızla görüş təşkil etmişdim. Mən onda xarici ölkələrdə olduğuma görə həmin görüşdə iştirak edə bilməmişdim. Əslində bu görüşdən xəbərim olmamışdı və görüşü bir sinif təşkil etmişdi. Həmin il isə məktəbimizin məzunları iki sinif olmuşdu. Biz söhbətimizin axırında belə razılaşdıq ki, 2019-cu ildə bizim orta məktəbi bitirməyimizin 50 illiyi olacaq və biz bu münasibətlə görüş təşkil etmək qərarına gəldik. Bundan sonra bir neçə dəfə görüşdük və sinif yoldaşlarımızla əlaqə yaradıb bu görüşü reallaşdırmaq məqsədilə təşkilatçılıq işləri apardıq. 2004-cü ildə Fərahim "A” sinfinin 35 illiyinin görüşünü təşkil etmişdi. Bizim "B” sinfində 50 ildə bir dəfə də olsa görüş təşkil edilməmişdi. Fərahimin həm bu işdə təcrübəsi var idi, həm də 35 illik görüşdə iştirak edənlərin əlaqə üçün telefon nömrələri var idi. Bizim sinif məzunları ilə heç bir əlaqə olmamışdı. Hərdən bir gördüyümüz sinif yoldaşlarımızdan başqa qalanlarını bir-bir axtarıb tapmaq işini mən etməli idim. Bu münasibətləəlavə görüşlərə ehtiyac var idi. Mən Şəkidə və Bakıda Məhərrəm Nemətov, Vaqif Mustafayev, Mahir Həmidov, Sabir Səlimov, Oqtay Abbasov və başqaları ilə tez-tez görüşüb onların əlaqə saxladıqları sinif yoldaşlarımızın yaşadıqları şəhərləri və təxmini iş yerlərini, ünvanlarını müəyyənləşdirdim. Demək olar ki, çoxunu o vaxtki ev ünvanları və qohumları vasitəsilə tapıb görüşdüm, sonra rahat əlaqə saxlamaq üçün telefon nömrələrini aldım.


Məktəb yoldaşlarımızdan məni təəccübləndirənlər də oldu.Bəziləri bu görüşü lazımsız, əhəmiyyətsiz adlandırdılar.Mən əvvəl elə başa düşdüm ki, onlar maliyyə imkanları məhdud olduğu üçün bu görüşdə iştirak etməkdən imtina etmək istəyirlər. Onlara dedim ki, görüşdən sonrakı məclisin bütün xərcini sinif yoldaşımız Dilarə xanım və onun həyat yoldaşı bütün ölkəmizdə "Büllur İlham” kimi tanınan Hacı İlham Hacıyev öz üzərinə götürüb və heç kimdən heç bir xərc yığılmır. Onlar bu xəbəri də təəccüblə,inamsız qarşılayanda dedim ki, 35 illik görüşdə də elə olub. O vaxt da görüşün bütün maliyyə tərəfini Dilarə xanım vəHacı İlham həll etmişdi. Bu açıqlamadan sonra da onların görüşdən qəti formada vəəsaslı səbəb olmadan imtina etmələri mənə aydın olmadı. Təxmini anladığım o oldu ki, bunların yaşları 67-68 olsa da hələ onlar bu gəldi-gedər dünyanı yaxşı dərk etməyiblər. Böyük şair- aşıq Molla Cumanın dili ilə desəm- "Adını demərəm eldən ayıbdır”. Bu ismi pünhanlar yəqin nə vaxtsa öz səhvlərini anlayacaqlar.

Yenə də düşüncələr məni uzaqlara apardı. Biz həmişə nöqsanı başqasında axtarmağa adət etmişik.Bəlkə də elə səbəblər var ki, mən onu anlaya bilmirəm.Böyük filosof şair, mənim əziz dostum Vaqif Aslanın bir şeiri yadıma düşdü.

Qoy əməl insana baş daşı olsun

Ayları, illəri çəkirik dara,

Narazı qalırıq ömürdən, yaşdan.

Özümüz edəni qoyub kənara,

Giley eyləyirik dostdan, tanışdan.

Vəfasız deyirik nədən özgəyə,

Sədaqət deməkdən heç yorulmuruq.

İş məqama çatıb, başa yetəndə,

Leyli də tapılır....Məcnun olmuruq.

Hissə qul oluruq, ağla hökmran,

Bir vədə hissdən də qalmayır nişan,

Vallah, qəribəyik, elə onda da

Çıxmırıq xatirə burulğanından.

Gəlin özümüzü sınayaq bir az,

Bir az tanış olaq özümüzlə də,

Gəlin özümüzü qınayaq bir az,

İsinək imisti sözümüzlə də.

Elə yaşayaq ki, yaşadıqca biz,

Bir ömrün min zəfər yoldaşı olsun.

Yer kimi müqəddəs, gün kimi təmiz,

Qoy əməl insana başdaşı olsun.


Nə isə çox əziyyətdən sonra bizim sinifin məzunlarından 24 nəfərdən 12 nəfərləəlaqə yarada bildim. Fərahim də təxminən bir o qədər sinif yoldaşlarımızı tapa bilmişdi. Beləliklə, 22 iyun 2019-cu il səhər saat 9-da məzunu olduğumuz 2 nömrəli tam orta məktəbin qabağında görüşdük. 22iyun özlüyündə tarixi bir gündür. Əvvəla hər ilin həmin günü dünyadamaraqlı bir təbiət hadisəsi baş verir. Dünyanı yaşadan Günəş ekvatorun şimal hissəsinə daxil olur və ölkəmizdə yay fəsli başlayır. İkinci də 1941-ci ilin 22 iyunu Alman faşistləri o vaxtki böyük vətənimizə hücum ediblər və bizim atalarımız, babalarımız həmin müharibədə iştirak edərək vətəni qeyrətlə düşməndən qoruyublar. Demək olar ki, bizim valideylərimizin hamısı həmin müharibənin iştirakçısı olub.

Biz bir neçə nəfər məktəbin qabağında görüşdük. Hazırda məktəbin direktoru olanTamella xanım Mustafayeva iş günü olmasa da məktəbin bütün qapılarını üzümüzə açmışdı. Biz dərs aldığımız sinif otaqlarını gəzdik və otaqlarının birində məktəbli partalarında oturduq. Gələnlərin qarşılanması və tanınmaq mərasimi çox maraqlı idi . Biri gəlib qarşında durub deyir:

_ Tap görüm mən kiməm?

Qara saçları ağaran, qaməti bir az əyilən, sifəti yarı qırışmış,tamamilə dəyişilmiş bir insanı necə tanıyasan? Eləsi var idi ki, 50 ildə bir dəfə də olsun görüşməmişəm. Di gəl, tap görüm bu kimdir? Çoxları ilk sevgilisini tanıya bilmədi.

Bu məqamda Vaqif Aslanın bir şeirini xatırladım.

Eşqimə,sevgimə bais olan qız,

Səni var olasan, xobəxt olasan.

Mən sənə dualar edirəm yalnız,

Səni var olasan, xoşbəxt olasan.

Ruhumu bədəndə oynadan gözəl,

Qanımı damarda qaynadan gözəl.

Məni göyüm-göyüm göynədən gözöl,

Səni var olasan, xoşbəxt olasan.

Bəlkədə saçına dən düşüb daha,

Övladdan nəvən var, dövlətdən dəvən.

Səni and verirəm o bir Allaha,

Çıxdımı qarşına mənimtək sevən?

Mənimtək döşünə döyən oldumu?

Eşqimə, sevgimə bais olan qız,

Səni mənim kimi öyən oldumu?

Qaşına aypara, gözünə ulduz,

Saçına sünbülüm deyən oldumu?

Könlümdən, gözümdən boylanan gözəl,

Şeirimdən, sözümdən boylanan gözəl...

Ay mənim zərifim,ay mənim incəm,

Hamıdan sonuncum, hamıdan incəm.

Sən həmin gözəlsən, mən həmin gəncəm,

Səni var olasan, xoşbəxt olasan!

Eşqimə, sevgimə bais olan qız,

Sevda yollarında sərvaxt olasan.

Dualar edirəm mən sənə yalnız,

Olasan,olasan,hər vaxt olasan!

Belə çətinliyə düşəndə adamın köməyinə gözlər çatır.O da ki, sual altındadır. Əgər o gözlərə nə vaxtsa davamlı baxmamısansa, yaddaşında qalmayıbsa, necə xatırlaya bilərsən? Yenə şair Nüsrət Kəsəmənlinin bir şeiri yadıma düşdü.

Deyirlər ki, gözdə olur məhəbbət,

Nəyə lazım gözki gözə baxmasın.

Kimə deyim mən dərdimi nəhayət,

Gözəl qızlar yazda eynək taxmasın,

Tərs kimi də gələnlərin yarıdan çoxu gözündə eynəklə gəlmişdi. İndi tap görüm bu kimdir? Onların arasında elələri də var idi ki, gözünün nuru, üzünün təbəssümü yerində qalıb, dəyişməyib. Şair Vaqif Aslanın dili ilə desəm:

Şükür Allaha!

Görürəm saçına dən düşüb daha,

Amma gözlərinin nuru yerində.

Alovu yerində, qoru yerində,

Şükür Allaha!

Yerişin, duruşun dəyişib daha,

Zaman hansımızın qəddini əydi?

Gəl bir də sevişək, bataq günaha,

Allah sevənlərin qəlbinə dəymir,

Şükür Allaha

Axırda kənardakıların yardımı ilə 50 ildən sonra ilk dəfə görüşdüyümüz sinif yoldaşlarımızın kimliyini müəyyən edirdik.


Nədənsə Liza xanımın gözləri mənim yaddaşımda mavi kimi qalmışdı. Buna görə onu tanıya bilmədim.Amma sonra xatırladım ki, o daha çox mavi rəngdə don geyinirdi. O gözlərin arasında yaddaşıma əbədi həkk olan, tez-tez yuxuma girən, heç vaxt unutmadığım gözlər də var idi. Uzun illərdən sonra təşkil edilən görüşdə qarşılaşdığım mənzərə məni təsirləndirirdi. Şən, şaqraq qızlar, oğlanlar çox dəyişmişdi. Yenə Vaqif Aslanın bir şeiri yadıma düşdü.

Tələbə qızlarımıza

Sizi tanıyıram qüburunuzdan,

Rəngləri soluxmuş qızıl güllərim.

Keçə bilmirsiniz qürurunuzdan,

Gözləri doluxmuş qızıl güllərim.

Biçilmiş sünbültək necə də dən-dən,

Ömrün dəyirmanı üyüdüb bizi,

Baxan həsrət ki var gözlərinizdən,

Böyüyə-böyüyə böyüdüb bizi.

Gün vurub qurumuşəllərinizdən,

Tuturam, gedirəm ötən illərə.

Xatirə söyləyən dillərinizdən,

Nur düşür yadımda bitən illərə.

Payızda sarıya, yaşıla çalan,

Telləri görünən yarpaq kimisiz.

Əkilib-biçilib, dincini alan,

Məhsul vaxtı keçən torpaq kimisiz.

Təsəvvür eləyə bilmirəm sizi,

Kiminsə anası, nənəsi kimi.

Sıxaq qədəhlərə ürəyimizi,

Bu dəfə, gəlin, nar dənəsi kimi.

Qədəhlər toqquşsun baxışlar kimi,

İşıqda bərq vuran naxışlar kimi,

Dərisi, qabığı soyulub gedən,

Çölündən, içindən oyulub gedən,

Kökü pöhrələyən ağac eşqinə

Tutaq qəlbimizi başımız üstə!

Əl verib inama, imana, dinə,

Gedək, yallı gedək yaşımız üstə!

Bərk tutun, bərk tutun qürurunuzdan,

İşıqtək saçılın, qızıl güllərim!

Sizi tanıyıram qüburunuzdan,

Açılın, açılın, qızıl güllərim!

Sinif otağında söhbətlər çox maraqlı oldu.Hamı özü haqqındaqısa məlumat verirdi.Ən maraqla qarşılanan Səlahəddin Həbibullayevin məlumatı oldu. Səlahəddin orta məktəb illərində ən yaxşı oxuyan, əlaçı şagird idi. Hazırda isə o, Azərbaycan Aviyasiya Akademiyasının professorudur. Çoxlu sayda elmi əsərin, kitab və məqalələrin müəllifidir. Müəllimlərimizdən Sabir müəllimin bir sözü yadıma düşdü. O, bir atalar məsəlini Səlahəddinə məktəb illərində demişdi. "Fərli cücə yumurtasında cibbildəyər”. Səlahəddin öz biliyi, savadı, əxlaqı və mədəniyyəti ilə həm müəllimlərin həm də valideynlərinin etimadını doğrultmuşdu.

Sonra sinif yoldaşlarımızdan Xalidə Məmmədovaya söz verildi. Qüdrətlə Xalidə sinfimizdə ilk məhəbbətlərinə sadiq olub ailə quran yeganə cütlük olublar.Çoxları özünün ilk məhəbbətini talehin ixtiyarına buraxıb. Mən də elələrindən biriyəm. Tanrı isə bəxt yazanda elə yazıb ki, sevgililərin hərəsi ölkənin bir tərəfinə düşüb. Bu yerdə Məmməd Araz yadıma düşdü:

Biz, talehin əllərində cütlənmiş zərik,

Yüz il qoşa atılsaq da qoşa düşmərik.

Bir zərrənin işığına milyonlar şərik,

Dünya sənin, dünya mənim, dünya heç kimin!

Vaqif Aslan isə "İlk məhəbbətim,, şeirində belə deyib.

İLK MƏHƏBBƏTİM

Bulaqsan, gözümdən axırsan mənim,

Tüstüsən, təpəmdən çıxırsan mənim,

Dustaqsan, könlümdən baxırsan mənim,

Ay ilk məhəbbətim, ilk məhəbbətim.

Sən-ciyər yanğısı, sən-sinəmdə dağ,

Yaxşısan, yamansan, mənimsən ancaq,

Üzümə çırpılan şillə, şapalaq,

Ay ilk məhəbbətim, ilk məhəbbətim.

Sən gah sevinc oldun, gah fəryad, gah ün,

Kaş ki, dağılaydı mən doğulan gün,

Sən-cavan ömrümə vurulan düyün,

Ay ilk məhəbbətim, ilk məhəbbətim.

İlk dəfə heyrətdən çatılan qaşım,

Oşalanan qolum, əyilən başım,

Sən-vaxtsız yıxılıb qalan başdaşım,

Ay ilk məhəbbətim, ilk məhəbbətim.

Təbiidir ki, bu şeir ilk məhəbbət həsrəti ilə yaşayanlara aiddir. Qüdrətlə Xalidə xanım Allahın xoşbəxt bəndələridir, onlar heç vaxt həsrət acısı dadmayıblar. Mən onların hər ikisinə və övladlarının ailələrinə bol-bol xoşbəxtlik arzulayıram.

Xalidə xanım Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakultəsinin məzunudur və mənim ən hörmətli kolleqamdır. Xalidə xanım bir təklif etdi. Dedi ki, bizim orta məktəb yoldaşlarımızdan və müəllimlərimizdən dünyasını dəyişənlərin xatirəsini bir dəqiqəlik sükutla yad edək. Hamımız hörmət və ehtiramla onların xatirəsini yad etdik. Onların arasında rəhmətlik Əlihüseynin faciəli ölümü məni həmişə yandırır. Bu anda Türk dünyasının böyük şair oğlu, əslən Qax rayonunun Oncallı kəndindən olanvə həmin kəndin ,,Oğuz,, qəbristanlığında dəfn edilən Yunus İmrənin 700 il qabaq yazdığı şeirdən bir bəndi xatırladım:

Biz dünyadan gedər olduq,

Qalanlara salam olsun.

Bizdən ötrü xeyir-dua

Qılanlara salam olsun.

Mənə elə gəldi ki, biz belə yad etməklə onlarla salamlaşdıq, ruhları çox şad oldu və onlar da bizə salam verdilər.

Sonra şəhərimizdə tanınan müəllimə qızlarımız hazırda Şəki təhsil şöbəsinin baş metodisti Firəngiz İbrahimova, çox hörmətli, yüksək səviyyəli tarix müəllimi Esmira Həmidova, Fransız dili müəllimi Mehriban Əsgərova, məşhur İngilis dili müəllimi Cavahir Mehdiyeva, hazırda Bakıdakı 80 nömrəli məktəbdə Rus dili müəllimi işləyən Liza xanım Nəsrullayeva öz həyatları, ailələri haqqında məlumat verdilər. Bizim sevimli, xüsusi istedadı olan müəllimimiz, həm də o vaxt məktəbin tədris-hissə müdiri olmuş Paşa Həmidovun oğlu, sinif yoldaşımız Mahir Həmidov, şəhərimizin bir nömrəli musiqiçisi, tar, saz və qitara ifaçısı Vaqif Mustafayev, məşhur fotoqraf Vaqif Paşayev, ali savadlı, təcrübəli mühəndis Oqtay Abbasov , sadə peşə adamı, ömrü boyu əlinin zəhməti ilə halal çörək qazanan, soyuducular və bir çox elektrik avadanlıqlarının təmiri ustası işləyən, uzun illər Rusiyada yaşayan və məxsusi olaraq bu görüşə gələn Sabir Səlimov öz həyatları və ailə vəziyyətləri haqqında məlumat verdilər. Milli Təhlükəsizlik Nazirliyinin polkovniki Qüdrət Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin peşəkar, təcrübəli tikinti mühəndisi Məhərrəm Nemətov,hazırda Mingəçevir şəhərində yaşayan və orada elektrik yarım stansiyasında mühəndis işləyən Yusif Abdullayev öz həyat yolu və ailələri haqqında maraqlı epizodlar danışdılar. Onu da qeyd etmək istəyirəm ki, bizim bəzi yoldaşların tapılmasında Məhərrəm Nemətovun da çox zəhmətləri olub.

Mənim iki oğlum, iki qızım var. Ziyafət xanım danışana qədər elə bilirdim məndən çox övladı olan yoxdur. Amma Ziyafət Rəhimova danışanda qeyd etdi ki, 5 övladı, 10 nəvəsi var. Bu bizim sinifdə hələlik və yəqin ki, həmişəlik rekord göstəriciolacaqdır. İnanmıram ki, bundan sonra kimsə bu rekordu təzələyə bilsin. Olsa da nəvə sayında artım ola bilər. Bu isə övladların fərasətindən asılıdır.

Bizim sinif yoldaşlarımızın arasında Dilarə xanımın söhbəti daha səmimi və orijinal oldu. O, böyük məhəbbət həsrəti ilə yaşayanlara elə bir mətinlik, mübarizlik dərsi dedi.

Dilarə xanım müstəqil həyatının ilk illərinin çətinliklərindən danışdı. Dedi ki, ,,-İlk və son məhəbbəti olan indiki həyat yoldaşı ilə aralarındakı sevgi yüksəldikcə problemlərlə qarşılaşırdıq. Sevdiyim oğlanın heç tam orta təhsili yox idi. Atam isə Şəkidə tanınan, nüfuzlu, imkanlı, ağır xasiyyətli bir kişi idi. O, məni belə təhsilsiz oğlana verməyə razı olmurdu. İlham öz üzərində işləyib, hazırlaşıb texnikuma daxil oldu. Sonra ali təhsil də aldıvə hətta bundan sonra İqtisadiyyat Universitetində müəllim də işlədi. Azərbaycanın müstəqillik illərində öz işgüzarlığı, böyük həyat təcrübəsi ilə Hacı İlhamın işləri sürətlə inkişaf etdi. Biznes fəaliyyətini ildən- ilə təkminləşdirdi. "Billur İlham” hazırda ölkəmizdə tanınan bir sahibkardır və hörmətli bir ziyalıdır. Biz onunla qarşılıqlı sevgi, inam və etibarla hər şeyə nail olmuşuq. Bu gün övladlarıma, nəvələrimə, tanışlara tövsiyyə edirəm ki, harda qarşılıqlı sevgi, hörmət, ehtiram varsa, orada ən çətin işin öhdəsindən layiqincə gəlmək olar və sizin hamınıza,əzizlərinizə sevgi ilə yaşamağı arzulayıram.,,

Hamı onu alqışladı.

Yenə şair dostum Vaqif Aslanın bir şeiri yadıma düşdü.

Məhəbbətdən artıq dövlət, var olmaz,

Dövlət əmanəti, var əmanəti.

Sevməyən adamda etibar olmaz,

Yar bilir ki, nədir yar əmanəti...

Sinfimizin ən hörmətli qızlarından biri, həm əlaçı, həm də yüksək səviyyəli əxlaqı, mədəniyyəti olan Talehə xanım və onun özü kimi ləyaqətli, qeyrətli əri olan Əli bəy , Firəngiz Ağayeva və onun həyatyoldaşı Ələsgər haqqında da geniş məlumat aldıq. Belə uyğun olan cütlüklər hər zaman alınmır. Mən həmişə özümə bacım bildiyim Talehə xanıma və qızlarımızın hamısına ən yüksək səviyyədə xoşbəxtlik arzulayıram. Tanrıya şükürlər olsun ki, onlar belə xoşbəxt həyat yaşayırlar. Allah onları-həyatını sevgi ilə yaşaya bilənləri pis gözlərdən qorusun.

Təxminən 4 saata qədər məktəbdə olduq. Heç kim xatirələrlə dolu olan sinif otağından çıxmaq istəmirdi. Axırda Dilarə xanım dedi ki, ay uşaqlar ,,Narın Qala,, da bizi gözləyirlər, durun gedək söhbətimizi orada davam etdirək. Biz maşınlara əyləşib Şəkinin şimalına ,,Narın Qala,,ya getdik. Orada gölün kənarında çay süfrəsində söhbətimizi davam etdirdik. Sonra ikinci mərtəbədəki böyük zalda yemək süfrəsi başına yığıldıq. Sözümüz –söhbətimiz yenə məktəb illərindən oldu. Sinif yoldaşımız Fatma Kərimova da gəlib çatmışdı.

Görüşümüz çox faydalı, mənalı oldu. Həmin gün biz bu dünyanın dərdindən, kədərindən bir qədər uzaqlaşıb uşaqlaşdıq, həm də özümüzün ömür yollarunu nəzərdən keçirib xeyli kamilləşdik. Uşaqlıq, gənclik illərimizi yada saldıqca məsunlaşıb kövrəldik. Bu düşüncələr arasında öz həyatımızı kino lenti kimi gözdən keçirib edə bilmədiklərimizi, səhvlərimizi anladıq. Heyf ki, ömür insana bir dəfə verilir. Bir daha əmin olduq ki, insanı yaşadan sevgidir. Uzun ömür sürüb xoşbəxt yaşayanlar ancaq sevgi ilə yaşayanlardır. Mən bu günlərdə onun bir daha şahidi oldum.

Bu yazını yazmağa başlayandan iki gün sonra məlumat aldım ki, bizim ağsaqqalımız, mənim yaxın qohumum, Azərbaycan jurnalistlərinin mənəvi atası, böyük alim, zəngin mənəviyyatı və əxlaqi dəyərləri ilə milyonlara nümunə olan Şirməmməd Hüseynov dünyasını dəyişib. Həmin gecə səhərə qədər yata bilmədim. Şirməmməd Hüseynov bütün Türk dünyasının nadir, müdrik şəxsiyyətlərindən biridir. Onun tövsiyyələri, nəsiətləri ömrümüz boyu bizim həyatımızı işıqlandırıb. Şirməmməd müəllim 96 yaşında dünyasını dəyişib. Özü mənə danışmışdı ki, ,,-mən 1923-cü ildə anadan olanda çox zəif bir uşaq olmuşam. Bir il gözləyiblər ki, görək bu uşaq inkişaf edib yaşayacaq yoxsa tələf olacaq. Bir ildən sonra görüblər yavaş-yavaş inkişaf başlayır 1924-cü ildə qeydiyyata yazdırıblar. Mən heç vaxt fiziki güclü, iri bədənli, cüssəli olmamışam, məni bu yaşa qədər yaşadan Ülkər xanım olub,,.

Həmişə yay aylarında Şirməmməd müəllim Şəkiyə gələndə bizim evimizə qonaq gəlib, mən onların evində uzun illər olmuşam. Mən onların ailəsində bir dəfə də olsa biri- birinə qarşı nəinki kobudluq, heç laqeydlik görməmişəm. Onları da bu yaşa çatdıran qarşılıqlı hörmət və sevgi, olub. Mən onların qarşılıqlı hörmət və etramının həmişə şahidi olmuşam. Şirməmməd müəllim bizimlə söhbətlərində həmişə deyird.

,,- İnsanda ilk sevgi ana, ata, bacı, qardaş, əmi, dayı, bibi, xala, sonra məktəbdə sənə diqqət, qayğı göstərən müəllimlərinə yaranır.Sonra tanıdığın yaxşı insanlara sevgin olur. Yaş artdıqca ailə, övlad, nəvə, nəticə sevgisini yaşayırsan. Həyatında qarşılaşdığın yaxşı, ali insanlara, dostlara, heç vaxt üzünü görmədiyin, əsərlərindəntanıdığın müdrik insanlara da sevgi yaranır. Həmin sevgilər toplusu insanı kamilləşdirir və insan daha ali- Tanrı sevgisini dərk edir. Bu sevgiləri yaşamasan kamilləşib Tanrı sevgisinə yüksələbilməzsən.,,

Qəbrin nurla dolsun, Allahdan sənə sonsuz rəhmətlər diləyirik. Biz həm qəlbində, həm də beynində böyük sevgi ilə yaşayan əvəzsiz bir şəxsiyyəti itirdik. Ona görə Şirməmməd müəllimə ağlı və qəlbi ilə sevməyi bacaran deyirəm ki, min illər yaşadıqca cəmiyyət kamilləşir, insan primitiv duyğularla, hisslərlə yaşamaqdan uzaqlaşır. Kamil insanlar hisslərin yox şüurun, ağılın göstərdiyi istiqamətdə getməyə üstünlük verirlər. Hələ 19-cu əsrdə yaşayan böyük şair Mirzə Şəfi Vazeh yazıb ki,

Ağlımla qəlbimin özgə yolu var,

Hər biri bir yolda puç edər məni.

Birisi sevdadan uzaqlaşdırar,

Birisi sevdaya tuş edər məni!

Şirməmməd müəllim kamil insan idi, o, zəmanəmizdən çox qabağa getmişdi. Şirməmməd müəllim sevgiyə layiq olan insanları həm ağlı, həm də ürəyi ilə sevirdi və ona görə də milyonlarla insalar onu böyük şəxsiyyət kimi sevib və sevəgək!

Mən bu Ramazan bayramında Şirməmməd müəllimlə əlaqə saxladım, onu bayram münasibəti ilə təbrik etdim. Son üç ildə səhhəti ilə əlaqədar Şəkiyə gəlməmişdi. Mənə dedi ki, 4-5 günlük də olsa gəlmək istəyirəm. Şəkinin havasından ötrü darıxmışam. Bəlkə də dünyaya göz açdığı Şəkinin havası, suyu onu bir neçə il də yaşadardı. O, insanda sonsuz həyat eşqi,yazmaq, yaratmaq şövqü var idi. Bu fikirlərin fonunda Şirməmməd müəllimin ən yaxın məslək,əqidə dostu olan Böyük şair Bəxtiyar Vahabzadənin bir şeirini xatırladım.

Həyat sən nə şirinsən,

Səndən doymaq olarmı?!

Ancaq hamının deyil,

Sən həyatın qədrini

Yalnız bilənlərinsən!

Həyat sevincin qədər, əzabın da şirindir,

Səni mənalandıran , o keşməkeşlərindir!...

Həyat qışında şirin, həyat yazında şirin.

Gürbəcür yazılar var, ömrün varaqlarında.

Həyat sən nə şirinsən,

Kim səndən doydu getdi!?

Həyat sən nə şirinsən!?

Ancaq hamının deyil,

Sən həyatın qədrini,

Yalnız bilənlərinsən!...

Doğrudan da həyat sevə- sevə və sevilə- sevilə yaşayanlarındır!

Bu xoşbəxtlik isə hər insana nəsib olmur.

Allah bizə qeyrət versinkamil bir şəxsiyyət olan Şirməmməd Hüseynovun əsərlərində qarşıya qoyulan vətənpərvərlikəqidəsini yaşadaq, uyuduğu vətən torpağını da qoruyub saxlaya bilək!

Çingiz Ənvəroğlu.

,,Qızıl Qələm,, mükafatı laureatı.

Şəki, 28 iyun 2019-cu il




İmza:
SON XƏBƏRLƏR
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK