adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
04 Iyul 2019 17:13
24568
ƏDƏBİYYAT
A- A+

DÖRDÜNCÜ ÖMRÜNÜ YAŞAYAN XALQ YAZIÇISI

Tanrı həyat bəxş etdiyi heç bir bəndəsini istedadsız qoymur, hər kəsə bir yöndəkiminə şairlik, kiminə yazıçılıq, kiminə bəstəkarlıq, kiminə də digər sahələr üzrə qabiliyyət verir.

1928-ci il iyunun 12-də Ağstafa rayonunun Muğanlı kəndində dünyaya göz açan bir körpəyədə Tanrı tərəfindən istedad verilmişdir. Omar babasının İsa adlandırdığı körpə kiçik yaşlarından doğulduğu rayonda bir qədər sonra (gənc yaşlarında) Azərbaycanda, daha sonra Azərbaycanın sərhədlərindən kənarda əvvəlcə İsa Hüseynov, XX əsrin səksəninci illərindənisə İsa Muğanna kimi tanındı. İsa Muğannayada hamı kimi istedad Tanrı tərəfindən verilmişdir. Amma onun istedadı digərlərindən fərqlənirdi. Çünki bu istedadın dərəcəsi həddən ziyadə çox idi. Elə bu səbəbdən də istedadın doğurduğu əks səda özü kimi möhtəşəm və böyükdür.Muğannanın istedadının bu qədər hədsiz olmasında onun elminin, mütaliəsinin və zəhmətinin rolu az deyildir. İsa Hüseynov fəlsəfi və realist yazıçı kimi oxucusuna və ədəbiyyatşünaslıq elminə yaxşı tanışdır.

1928-1947-ci illər İsa Hüseynovun taleyində ömrünün birinci dövrü kimi xarekterizə oluna bilər. Ədib bədii yaradıcılığa başlamadan belə özünün bacarığı, yaşına görə qeyri adiliyi ilə seçilirdi. Altı yaşlı İsanın babası Omar ağa xəstə olarkən hamı onun çarpayısının ətrafına yığışmışdı. Tək bircə Balcan oğlu Sirac iş dalınca getmişdi. Gələndə isə özü ilə kiçik bir canlı gətirmişdi. Canlını görən Omar ağa onun Supərisi olduğunu demiş və onun sudan kənarda yaşamayayacağını bildirmişdir.Canlının öldüyünü görən babası onu dəfn etməyi balaca İsaya tapşırmışdır. Bu hadisə orada olanları nə qədər heyrətləndirsədə, İsa Hüseynov əlləri ilə torpağı qazıyaraq Su pərisini dəfn etmişdir.İllər sonra bu hadisənin nəticəsi olaraq ədib "Dəfn” hekayəsini yazmışdır. İsa Hüseynovun taleyinin birinci dövrü yalnız bu hadisə ilə yekunlaşmır. Atası Mustafa Hüseynov müharibəyə yollandıqdan sonra ailənin bütün çətinlikləri evdə böyük övlad olan gənc İsanın və anası Xədicə xanımın üzərinə düşür. İsa Hüseynovun uşaqlıq illəri tarixi şərait baxımındanda elə bir dövrə təsadüf etmişdir ki, həm represiyaların, həm də ikinci dünya müharibəsinin getdiyi bir vaxta:

Amma bu çətin günlərin olmasına rəğmən Hüseynov özündəəzm və mübarizlik ruhunu aşılayaraq ali təhsil almaq üçün Bakıya yollanır. İlk olaraq Azərbaycan Tibb instituna qəbul olsa da öz istəyi ilə oranı yarımçıq tərk edərək,Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsinə qəbul olmuş, burada təhsil aldıqdan sonra təhsilini Moskvada Maksim Qorki adına ədəbiyyat instutunda davam etdirmişdir.

Yazıçının taleyinin ikinci dövrü 1947-1986-cı illəri əhatə edir. "Arx” hekayəsi ilə ədəbi fəaliyyətə başlayan yazıçının daha sonra "Anadil ötən yerdə” hekayəsi çap olunur. Bu əsər İsa Hüseynovu böyük oxucu arenasına tanıdır və onun ədəbiyyata gəlişi hesab edilir. Ədib hekayədə atasının və dayısının bioqrafik obrazlarını yaratmışdır. Yazıçı Mehdi Hüseyn:

-Səni tənbeh edəcəyəm, -dedi, -Oçerkiniyə atandan yazmısan? - deyərkən yazıçının cavabı belə olmuşdur, çünki atamı yaxşı tanıyıram. Muğanna nə yazmışdırsa yazdıqlarında beyninin, hisslərinin, qəlbinin səmimiyyətini oxucusu ilə bölüşmüşdür. Hekayə ilə yaradıcılığa başlayan İsa Hüseynov hələ gənc yaşlarında bir sıra povest və romanlarını oxucularının və ədəbi tənqidin ixtiyarına vermişdir. İsa Muğannanın taleyinin ikinci dövrü, başqa sözlə ikinci ömrü ədəbi fəaliyyət baxımından olduqca geniş və zəngindir. İsa Hüseynovgənc olsa da, onun yazdığı əsərlər ictimai təsirinə və psxoloji gücünə görə oxucusunda müsbət təəssürat yaradırdı. Ədib obraz yaradılışında əsl yazıçı peşəkarlığı nümayiş etdirərək, yaratdığı surətləri rəngli boyalarla oxucusuna təqdim edirdi. Ədib bu dönəmdə "Kollu Koxa,” "Quru budaq”, "Tütək səsi”, "Ömür karvanı”, "Saz”, "Bizim qızlar”, "Doğma və yad adamlar”, "Dan ulduzu”, "Yanar ürək”, "Məhşər” kimi povest və romanlarını qələmə almışdır. Muğanna bu zaman kəsiyində adını çəkdiyimiz möhtəşəm əsərləri yazmaqla bahəm, bir sıra filmlərin ssenarisinidə ərsəyə gətirmişdir. "İyirmialtılar”, "Doktor Nərimanov”, "Nəsimi”, "Nizami” Muğannanın film yaradıcılığının aşkar məhsuludur. Ədibin 40 ilə yaxın davam edən ikinci ömrü ona böyük şöhrətlə bərabər, bir sıra çətinliklər də yaşatmışdır. 50-60-cı illərdə İsa Hüseynov yaradıcılığı haqlı-haqsız ədəbi tənqidin hədəfinə çevrilmişdir, lakin yazıçı təxəyyülünü, qələmini əzməyə çalışanlar öz arzularına çata bilməmişdir. Akademik İsa Həbibbəyli Xalq yazıçısının yaradıcılığı ilə bağlı yazır ki, İsa Hüseynovun yaradıcılığı Azərbaycan bədii nəsrinin böyük ustadı Cəlil Məmmədquluzadə ilə 60-cı illər ədəbi nəslinin arasında körpü funksiyasını daşıyır. İsa Hüseynovun mübarizliyi, yazıçı təxəyyülü və elmi gücü onun ədəbi fəaliyyətini ictimaiyətə çatdırmağa imkan vermişdir. Altmışıncı illərin sonundan başlayaraq şəxsi həyatında və yaradıcılığında sanki bir işıqlanma baş vermiş, Tanrı yazıçıya ard-ardınca sevinc dolu günlər bəxş etmişdir. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra İsa Hüseynov yaradıcılığına kölgə salan buludlar günəşlə əvəz olundu. Heydər Əliyevin "Nəsimi” kinosunun ssenarisinin yazılmasını İsa Hüseynova tapşırması yazıçıya böyük stimul vermiş oldu. Filmin ssenarisi və "Məhşər” romanı İsa Hüseynov yaradıcılığının şövqünü daha da artırdı. Rəngin və zəngin yaradıcılığı olan yazıçının "Məhşər” romanını tarixi aspektdən yazması onun yaradıcılığında tarixi roman yazılışının əsasını qoymaqla bahəm, həm də "Nəsimi” şəxsiyyətinə və dövrünə verilən böyük töhvədir. Yazıçı ədəbiyyata və mədəniyyətə göstərdiyi xidmətlərinə görə 1976-ci ildə Əməkdar incəsənət xadimi fəxri adı ilə təltif edilmişdir.

İsa Muğannanın taleyinin üçüncü dövrü, yaşadığı üçüncü ömür 1986-cı ildən başlayır ki, bu da üzərində yeddi dəfə işlənmiş "İdeal” romanının yazılmasının başa çatdığı dövrə təsadüf edir. Yazıçının üçüncü ömür yaradıcılığının şah əsəri olan "İdeal” romanı ona həm şöhrət qazandırdı, həm də ədibin yaradıcılığına müxtəlif aspektlərdən olan yanaşmanı üzə çıxardı. Akademik Nizami Cəfərov yazır ki, "İdeal” romanı çap olunar-olunmaz elə bir rezonans verdi, mübahisələri elə bir mərhələyə qaldırdı ki, hətta təpədən dırnağa yenilikçi olan 60-cılar da onu həzm etməkdə çətinlik çəkdilər. Həqiqətəndə "İdealın” yazıldığı ilk vaxtlar roman ədəbi tənqidin müəyyən mənada hədəfi olsa da, sonrakı dövrlərdə isə nə ədəbi tənqidçilər, nə də tədqiqatçılar demək olar ki, romanın tənqidi və tədqiqi ilə məşğul olmadılar. Son dövr elmi tədqiqatlarına nəzər saldıqda da Muğannanın digər əsərləri ilə müqayisədə "İdeal” romanın ədəbi tənqid və tədqiq baxımından sanki durğunluq dövrü yaşadığını görürük. Muğannanın yazıçı kimi birinci xüsusiyyəti əsərlərinin üzərində yorulmaq bilmədən böyük səbr nümayiş etdirərək dəfələrlə işləməsi idi. İkinci xüsusiyyəti isə avtobioqrafik obraz yaradılışı idi ki, bunu ədibin əsərlərinin çoxunda görmək olur. Yazıçının üçüncü ömründən oxucusuna və sevənlərinə "İdeal”, "Cəhənnəm”, "Qəbiristan”, "GurÜn”, "İsa həq, Musa həq”, "Türfə” romanları, "Qırx kisə qızıl”, "İlan dərəsi”, "Söz yarası” kimi povestləri ədəbi xəzinə olaraq bəxş olundu. Bu dönəmdə yazıçı Odər dili, Odər mədəniyyəti SafAğ elmi ilə bağlı fikirlərini əsərləri vasitəsi ilə oxucularına çatdıra bildi. Ədibin üçüncü ömür yaradıcılığının konsepsiyasını Türk birliyi və təhrif dünyadan uzaq durmaq təşkil edirdi. Muğannanın üçüncü ömür yaradıcılığına aid əsərləri oxuduqda yazıçının özünün qeyd etdiyi kimi bu ədəbi nümunələrin Tanrı tərəfindən Muğannaya göndərilməsi fikridə bir daha öz təsdiqini tapır. İsa Hüseynov qeyd edirdi ki, səksəninci illərdən üzü bəri yazdığım əsərləri Ün eşidərək qələmə alıram. Üçüncü ömür yaradıcılığının roman və povestlərini oxuduqda əsərlərdəki düzənlilik və səhman oxucunu heyrətləndirir. Sözün gerçək mənasında əsərlərin Odər dili ilə əlaqəli yazılmasına baxmayaraq, hadisələrin ardıcıllığı, əsərin düzənliliyi tədqiqatçını və ya oxucunu belə qənaətə gətirir ki, Muğannaya yazdıqları Tanrı tərəfindən Ün vasitəsi ilə göndərilmişdir. Ədibin yaradıcılığında avtobioqrafik obraz yaradılışı mühüm yer tutur, xüsusi ilə də Odər dili ilə vəhdətdə yazılan əsərlərdə bunu daha çox müşahidə etmək olur. Avtobioqrafik obraz yaradılışı yazıçıdan istedadla bərabər səmimiyyət və cəsarət tələb edir ki, bunlarında heç biri İsa Muğannanın xarakterinə yad deyildi, əksinə bu keyfiyyətlər Muğannanın canında, ürəyində, dilində, onu oxucularına sevdirən qələmində var idi. Yazıçının yaratdığı obrazlar özünün kalaritliliyi, canlılığı hətta bəzən oxucusu ilə sanki dialoqa girməyi ilə seçilir.

İsa Muğannanın şəxsiyyəti və yaradıcılığı oxucusu tərəfindən rəğbətlə qarşılandığı kimi, dövlət tərəfindən də yüksək qiymətləndirilmişdir. Ədibə Əməkdar incəsənət xadimi, Xalq yazıçısı fəxri adları verilmiş, 1998-ci ildə Ümummilli lider Heydər Əliyev tərəfindən İstiqlal ordeni ilə təltif edilmişdir. Daha sonra Nəsimi milli mükafatına layiq görülmüşdür. Yazıçının Nəsimi mükafatına layiq görülməsi onun Ədəbiyyata və Mədəniyyətə göstərdiyi xidmətlərlə bahəm, Nəsimi şəxsiyyətinə və tariximizə verdiyi töhfələrə dəyərdir. 2014-cü il aprelin 1-də İsa Muğanna ömrünün 86-cı baharında cismən dünyasını dəyişdi.

Xalq yazıçısının dördüncü ömrü onun ölümsüzlüyü ilə başlandı və davam edir. Yazıçının dördüncü ömrünə nəzər saldıqda görmək olur ki, bu dönəmdə onun əsərləri yenidən nəşr olundu, 2009-cu ildə tamamlanmış "Türfə” romanı 2015-ci ildə çap edilərək Muğanna sevərlərə təqdim olundu. Ədəbiyyatşünas alim Şəmil Sadiqin müəllifi olduğu "İsa Muğanna yaradıcılığı İdeal işığında” adlı monoqrafiyasının nəşri də yazıçının dördüncü ömrünə təsadüf etdi. İsa Muğannanın əsərləri ailəsi, oxucuları, haqqında yazılan elmi tədqiqat işləri (yaradıcılığı ilə bağlı) yazıçını bu gündə yaşadır. Muğannanın yaradıcılığı yalnız ədəbiyyatşünas alimlərin deyil böyük şairlərin də maraq dairəsində olmuşdur. Xalq şairi Xəlil Rza Ulutürk ədibin "İdeal” romanının yazılmasından sonra "Sən mənə bir silah verdin” poemasını yazmışdır. Xalq şairi Zəlimxan Yaqub isə "Ün” poemasını İsa Muğanna yaradıcılığına həsr etmişdir. Zaman etibarı ilə hələ ki, yazıçının ən qısa yaşadığı ömür dördüncü ömrü olsa da, inanıram ki, ən uzun yaşayacağı ömrü dördüncü ömrü olacaq.

Ülvi Aydın,

Bakı Dövlət Universitetinin doktorantı