adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
04 Iyul 2019 16:05
16824
ƏDƏBİYYAT
A- A+

Qapın açıq olsun...

"Xatirə yarpaqlarından”


Tofiq Mahmudov tanınmış mətbuat işçisi idi. Uzun müddət AYB-nin ədəbi orqanlarında - "Ulduz”, "Azərbaycan”jurnallarında məsul katib kimi səmərəli fəaliyyətinə görə "Tərəqqi” medalı ilə də təltif olunmuşdu.”Azərbaycan” jurnalında yazılarımın çap müjdəsini o mətbu orqanının məsul katibi kimi ilk dəfə Tofiq müəllimdən eşidərdim. Əlbəttə, Tofiq müəllimin "o şad” xəbərini onunla birgə qeyd etməyi özümə "borc” bilirdim və sonralar heç bir "xəbər”olmadan da oturub duranda bildim ki, Tofiq müəllim sadəcə olaraq səmimi dost məclislərində oturmağın, halal süfrədə "kasıbın olanından” nuş etməyin, deyib danışmağın, bununla da qəlb rahatlığı tapan dostlardan biri imiş...

"Dostumun dostu mənim də dostumdur!” Tofiq Mahmudovun xatirəsi həmişə qəlbimdə əziz insanlardan biri olan unudulmaz şairimiz Ələkbər Salamzadə ilə yaxınlığı onu mənə daha da doğmalaşdırdı, yaxın etdi.

Bizim Şabrandan Bakıya yollananda istər qış, istər yay – həmişə evdən erkən yola çıxırdım və uzaqbaşı bir saatlıq yoldan sonra özümü AYB binasına çatdırırdım. Təbii ki, iş saatının başlamasına hələ xeyli qalardı və AYB ilə birlikdə üzbəüz bağda oturub siqaret tüstülədə-tüstülədə bilirdim ki, Ələkbər Salahzadə vaxtından da tez baş redaktor kimi işə gələcək. Bəzən Ələkbər müəllimi "Azərbaycan” jurnalının məsul katibi Tofiq Mahmudov qabaqlayırdı və digər dostlarla görüşmək üçün onların otaqlarında, necə deyərlər, vaxt keçirirdim.

Ələkbər müəllimin qəfil vəfatından sonra AYB ədəbi orqanları - "Azərbaycan” "Literaturni Azərbaycan”, "Qobustan”, "Ulduz” dərgilərinin yerləşdiyi binanın üst qatında Tofiq müəllimin qapısı digər otaqlardan qabaq açıq olardı .

Tofiq müəllim dostlarla məclisdə, süfrə arxasında vaxt ötürməyi, deyib danışmağı sevən oğlan idi.

Jurnalın baş redaktoru hörmətli dostumuz İntiqam Qasımzadə də təkcə baş redaktor kimi deyil, öz iş yoldaşının can sağlığının qayğısına qalan bir qələm yoldaşı kimi Tofiqi o məclislərdən uzaqlaşdırmağa çalışırdı.

Qələm dostum Novruz Nəcəfoğlunun haqqımda "Nağıl adam” adlı avtobioqrafik romanı çapdan çıxmışdı. Novruz müəllim də o kitabdan bir nüsxəni Bakıya gedəcəyimi bilib mənə verərək, İntiqam müəllimə çatdırmağımı xahiş etmişdi. İntiqam müəllimi həmin gün görə bilmədiyimdən kitabı Tofiqə verib sahibinə çatdırmağı xahiş etdim. O kitabdakı epizodlardan birində jurnalın məsul katibi Tofiqin baş redaktorun gözündən oğurlanıb mənə qoşularaq "mey” məclisinə getməyindən xoş yumorla söz açılırdı. Tofiq də, heç demə, İntiqam müəllimin o kitabı oxuyub "ciddi nəzarət etdiyi” Tofiqin o hərəkətindən xəbər tutacağından ehtiyat edib uzun müddət "əmanəti” yiyəsinə çatdırmamışdı.

Bunun əvəzində jurnalda hazırladığı "Kitab rəfi”nə verilən kitabları mənə bağışlayıb əvəz etdi.

AYB-nin üst qatına, axırıncı mərtəbəyə qalxanda Tofiqin də otağının qapısını da bağlı görüb onun əlindən hətta inciyirdim də:”Tofiq harda qaldı?” Axı, mən onun otağının qapısını həmişə açıq görərdim. Son illər gec-gec getdiyim AYB-də qəfil eşitdim ki, demə, Tofiq xəstə imiş, işə də çıxmırmış...

Bir gün də onun ölümündən qəzetlərdən xəbər tutdum. Tofiq müəllim dip-diri gözlərim önündə durdu. Çöhrəsindəki həmin xoş qılıq, hardasa elə həmişə dost yolu gözləyən bir intizar və təbəssümlə... Və mənə elə gəldi ki, Tofiq müəllim Allahın mələyi cənab Əzrayılı da çöhrəsindəki həmişəki qılıq, ərklə qapısını açacaq bir dost kimi qarşılayıb...

İndi AYB-ə yolum düşəndə açıq olacağı ümüdi ilə döydüyüm bir qapı da bağlandı.

Cənnətə açılan qapın açıq olsun!..