adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 Iyul 2019 13:20
24240
SİYASƏT
A- A+

Ərdoğana inanaq, yoxsa Çavuşoğluna?

Çin dövlət televiziyası Yaponiyanın Osaka şəhərində keçirilən G20 zirvəsində Çinin dövlət başçısı Şi Sinpinlə Türkiyə prezidenti R. T. Ərdoğanın görüşü barədə hamının təəccübünə səbəb olan reportaj yayımlayıb. Reportajda bildirilir ki, Ərdoğan görüş əsnasında Çinin ölkədəki müsəlman azlığına qarşı sərgilədiyi münasibətdən danışarkın deyib: "Çinin Sincan vilayətində yaşayan müsəlmanların da ölkənin inkişafı və rifahı içində çox xoşbəxt bir ömür sürmələri bir həqiqətdir. Türkiyə Çin münasibətlərini pozmağa heç kimə izn verməz. Türkiyə qəti şəkildə bu cür pozuculuq niyyətlərinə qarşıdır və Çinlə siyasi və iqtisadi münasibətlərdə qarşılıqlı etimadın gücləndirilməsini arzu edir”.

Xatırladaq ki, Çin hökuməti ölkədəki uyqurların və digər müsəlman azlıqların hüquqlarını kobud şəkildə pozduğuna görə daim beynəlxalq birliyin sərt tənqidlərinə tuş gəlir. Rəsmi Pekin öz vətəndaşları ilə sanki terrorçularla davrandığı kimi davranmaqda ittiham edilir. BMT-nin məlumatına görə ölkədə bir milyondan çox müsəlman heç bir ittihamsız-filansız xüsusi həbs düşərgələrində saxlanılır.

Maraqlı burasıdır ki, Çində müsəlmanların hüquqlarının pozulması daim Türkiyə hökumətinin də diqqətində olub və zaman-zaman hökumət səviyyəsində buna sərt təpki göstərilib. Elə bu ilin fevral ayında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT-nin İnsan Haqqları Şurasında etdiyi çıxışında Çinin ölkədəki uyğurların və digər müsəlmanların hüquqlarının ciddi şəkildə pozulduğunu bildirmişdi. Xarici işlər nazirliyi ayrıca olaraq verdiyi bir bəyanatda isə uyğurlara qarşı yürüdülən ayrı-seçkilik siyasəti və el aşığı Əbdülrəhim Heyitin ölümüylə bağlı bunları bildirmişdi: "Özbaşına həbslərə məruz qalan bir milyondan artıq uyğur türkünün düşərgə və həbsxanalarda ağır işgəncələrlə üzləşməsi artıq heç kimə sirr deyil. Düşərgələrdə olmayan uyğurlar da ciddi təzyiqlər altında yaşayır. XXI əsrdə kütləvi həbs düşərgələrinin mövcudluğu və Çin rəsmilərinin uyğur türklərinə qarşı sistemli şəkildə yürütdükləri assimliyasiya siyasəti insanlıq adına bir utancdır”.

Bütün bunların fonunda Ərdoğanın Çinin dövlət rəhbəri ilə görüşündə uyğurlara yönəlik siyasət haqqında söylədiyi komplimentlər çox ciddi suallar yaradır.

Adalet.az