adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
04 Iyul 2019 12:06
14253
MƏMLƏKƏT
A- A+

“Marş İrəli” hərbi-vətənpərvərlik düşərgəsi yenidən başladı

Müharibə şəraitində yaşayan dövlətin gənclərinin vətənpərvər ruhda yetişməsinə dəstək vermək üçün Azərbaycan Respublikası Gənclər Fondunun və "İrəli” İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Marş İrəli” layihəsi həyata keçirilir. "Marş İrəli” layihəsi "İrəli” İctimai Birliyinin təşəbbüsü ilə artıq 2-ci dəfədir ki, həyata keçirilir.

Goranboy rayonunda keçirilən layihənin açılış mərasiminə "İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov, "İrəli” İB işçi heyəti, layihə iştirakçıları Goranboy şəhərində Şəhidlər xiyabanı, Heydər Əliyev adına Mədəniyyət və istirahət parkında Heydər Əliyevin heykəlini ziyarət etməklə başlayıblar.

Dövlət himninin səslənməsi ilə başlanılan tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra andiçmə mərasimi baş tutub.

Tədbirdə "İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov,Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Aprel qaziləri, veteranlar iştirak edib. M.Seyidov çıxış edərək bildirib ki, Azərbaycan ordusunun bu gün nə qədər güclü olduğunun şahidiyik. Müasir texnikalarla silahlanan ordumuzun gücünü hər zaman inanırıq. Ordumuzun maddi-texniki bazası möhkəmlənib, müasir silahlarla təminatı istiqamətində mühüm işlər görülüb, döyüş qabiliyyəti artıb.

Daha sonra layihənin ilk günü iştirakçıların bir-birinə uyğunlaşması üçün komanda quruculuğu ilə bağlı praktiki sessiya keçirilib. Layihə Qarabağ həqiqətləri mövzusunda ictimai müzakirə ilə davam edib.

"İrəli” İctimai Birliyinin təşəbbüsü ilə 10 günə yaxın müddət ərzində keçiriləcək layihədə gender bərabərliyi qorunmaqla 17-25 yaş arasında 150-yə yaxın respublikanın müxtəlif regionlarından müsahibə yolu ilə seçilən gənclər iştirak edir. Bu gənclər layihədə iştirak əsnasında aktiv fiziki tapşırıq və oyunlarda həqiqi hərbi xidmətə öncədən hazırlaşacaq, fiziki dözümlülüyünü artıracaq, keçirilən motivasiya xarakterli görüşlər, seminarlar, simulyasiya oyunlarında mənəvi olaraq möhkəmlənəcək və xüsusi təlim modulları vasitəsi ilə daha çox maariflənə biləcəklər. Belə ki, kəşfiyyat bölüyünün maneələri dəf etməsi, hündürlükdən tullanma üsulları, düşmən səngərinə hücum edilməsi təlimləri təcrübi olaraq göstəriləcək. Eyni zamanda təlim iştirakçılarına ocaq əldə etməyin qaydası və qida əldə etmə üsulları haqqında məlumat veriləcək. Taktiki hazırlıq, qarovul hazırlığı, atəş hazırlığı, topoqrafiya, komandir hazırlığı və digər hərbi hazırlıqlar da layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlərə aiddir. 2018-ci ildə keçirilən layihədə iştirak haqqı qazanmış gənclər yenidən layihədə iştirak edə bilməzlər.

Qeyd edək ki, layihə çərçivəsində gənclər ekstremal şəraitdə qalaraq bir sıra sosial və idman fəaliyyətlərində yer alacaq, onlara peşəkar mütəxəssislərin iştirakı ilə müxtəlif təlim - məşq toplanışları, fiziki və əqli tapşırıqlar, ekspert və qonaqlarla görüşlər və müzakirələr təşkil ediləcəkdir. Həmçinin, gənclər bir sıra fiziki, psixoloji və sosial fəaliyyətlərə cəlb olunacaq, nizam - intizamlı, bilikli və bacarıqlı bir vətəndaş kimi formalaşmaq yolunda təkan əldə edəcəklər. Hərbi simulyasiya formatında keçiriləcək düşərgə gənclərə hərbi mühitin aşılanması, onlarda milli ruhun formalaşması, həmçinin, fiziki və mənəvi möhkəmlənməsinə şərait yaradacaqdır.