adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
03 Iyul 2019 17:27
15131
ƏDƏBİYYAT
A- A+

Oqtay Rza: VƏTƏN

Gözəllik diyarı, hünər məskəni,

Necə vurulmasın hüsnünə insan?

Təbiət füsunkar yaradıb səni,

Tarixin qocadır, özün cavansan.


Durna üçbucağı süzər göyündə,

Gəzər qoruğunda vəfalı ceyran;

Dağ küsər görməsə kəkliyi gündə,

Turac oxumasa darıxar aran.


Bağ, çəmən bəzəyir geniş sinəni,

Nəhəng qarağacın, körpə gülün var;

Təbiət füsunkar yaradıb səni,

Şəlalən, dənizin, çayın, gölün var.


Coşan ilhamındır baharda sellər,

Zümzümən payızın həzin yağışı;

Muğana quş kimi qonar fəsillər,

Savalan yayda da yaşadır qışı.


Laçında çağlayır iki cür bulaq,

Biri barmağımı yandırar mənim,

Biri dodağımı dondurar mənim,

Maralın baxdığı güzgüdür bulaq.


Yola salacaqsan min qərinəni,

Qəm, kədər qismətin olmasın, Vətən!

Təbiət füsunkar yaradıb səni,

Bircə çiçəyin də solmasın, Vətən!