adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
03 Iyul 2019 17:25
46243
ƏDƏBİYYAT
A- A+

Tofiq Nurəli: Ən qəmli şairi mənəm bu yurdun

Kədəri özünə dost, dərdinə dərman bilənlər olub. "Bir dərdim var ki, çox dərmandan artıqdır mənə, Qoy dərdimlə məni, eyləmə dərman, var, ey həkim”. Birbaşa həkimə üz tutub. Canımız ağrıyanda ümid yeri bildiyimiz loğmana. Beytlər, yəqin bilindi, Füzulinindir, böyük Məhəmməd Füzulinin. O dəqiqə şübhələr baş qaldırır: Necə yəni dərdimə əlac eyləmə? Yada düşür "Dost, həmdəm” olan dərdin mahiyyətini başa düşməyə can atırsan- "Eşq dərdilə xoşam, əl çək əlacımdan, təbib”. Bu dərd insanların qaçdıqları,ən azı, həmişə qaçmağa çalışdıqları dərdlərdən deyilmiş. Cana məlhəmmiş. Görəsən nə üçün? Yəqin sevdiyini həmişə yada saldığına görə. Bəlkə bu da yalandır. Bəlkə də yalanın başqa biçimdə ortaya çıxmasıdır. Kədərin tənhalıqla güclə sezilən, amma əbədi bir dostluğu var: Həkim-şair Tofiq Nurəli yazır:

Axtaraq axşamın bu qərib çağı,

Nələr itirmişik ömrün yazında.

Sən uca göylərdə təksən, tənhasan,

Mən də ki qapının astanasında.

(Parla,ey axşamın mavi ulduzu)

Yalan dedim, yadıma mərhum professor-filosof Aslan Aslanovun Kami Qəzviniyə istinadən yazdığı epizod düşdü.Epizodda göstərilir ki,ərəb ədəbiyyatında cahiliyyə dövrünün görkəmli şairlərindən sayılan Həssan müsəlman olduqdan sonra onun şeiri islamiyyətdən əvvəlki zirvəsinə qalxa bilmirdi. Oxuyanların ona marağı azalırdı. Rəvayətə görə,Həssanla söhbətdə biri ona ,- ey Əbdül-Həssan, sənin şeirin artıq qocalmışdır, söyləmişdir.Həssan isə ona cavabında demişdir: Ey mənim oğlum və qardaşım, şeirin lətafəti, incəliyi ondadır ki, şair hər hansı bir sahədə söz deyərsə, mübaliğəyə yol verib, yalan, doğru, lazım olanı şeirində verə bilsin. İndi isə islamiyyət yalan yazmağa qoymur. Bunun nəticəsidir ki, şeirim əvvəllər malik olduğu səviyyədə deyil.

Elə bilirəm Tofiq Nurəli islamiyyətdən qabaq da yaşasaydı, yenə istədiyini yazacaqdı-hər hansı bir ideologiya onu istədiyini yazmamağa məcbur edə bilməzdi. İndi olduğu kimi: Ürəyini titrədən, qəlbini təlatümə gətirən nə var, yaxşı-yaman, onun şeirlərində özünə isti guşə tapır. Ona görə də Tofiqin şeirləri gözəl olaraq qalır.

Kədər var, səni qarabaqara izləyir. Sanki əlindir, qolundur-itirsən dözməzsən. Elə kədər də var qalıb arxada, keçmiş zamanda. Amma surəti, halı, xasiyyəti ürəyinə köçüb. Bəlkə də ürəyində yox, genində, sehirli sandığa bənzəyən gen yaddaşında məskən seçib. Təzələnəndə, xatırlananda çevrilir səni izləyən kədərə. Nə vaxt baş qaldırır, bilmək olmaz. Sadəcə, onu bilmək olur ki, öz kədərindir, qaçmağa çalışsan da, zaman etibarı ilə nə qədər arxada qalsa da, bütün acısı, şirini ilə sənindir, özünündür, keçmişinin kədəridir, keçmişindən gələn kədərdir:

Nə vaxtsa dağlara yağışlar yağar,

İldırım yandırar bir şax palıdı.

Bir qoca kədərlə dillənər yenə:

Hə. Hə... Tofiq idi o gəncin adı.

(Nə vaxtsa dağlara yağışlar yağar)

Bunlar "yola verilə bilən” nəsnələrdir. Qorxulusu gözləmədiyin, gələcəyində oturub səni pusan kədərdir. Necəliyini bilə bilməzsən, nə vaxt gələcəyi də məlum deyil. Keçmiş kədərindən nəticə çıxarırsan, bütün gücünlə mübarizə aparırsan. Gələcək kədər tamam başqa bir şeydir. Bəzən düşünəndə o qədər üşüyrsən ki, hətta "kaş gələcək gəlməyəydi” deyirsən. Bilirsən ki, gəlməyini istəmədiyin kədər təkcə kədər gətirməyəcək. Onun bətnində şirinlər, arzuların reallığa çevrilməsi toxumları olacaq.Deyirlər ki, bir şirinə görə yüz acını udarlar. Amma gələcəyi gözlənilən, gələcəkdən gələn kədər o acılardan deyil. Birbaşa əzilmiş, yaralanmış, dişlənmiş yerdən qəbul olunan zəhər kimidir- amansız, insafsız!Bu kədərdən sevinməyə vaxt qalmır. Öz hayında olursan, onu unudursan. Xilas yolu axtarırsan. Təbii, tapmaq çətindir. Çünki onun haradan gəldiyi, nə üçün"təşrif” gətirdiyi bilinmir. Gələcək sirlərlə doludur. Belə də olur: Gələcək gəlir, amma sən bu gələcəkdə olmursan:

Niyə doğulmuşam mən bu dünyaya?!

Özüm də bilmirəm kiməm, nəçiyəm.

...Uçun, nəğmələrim, uçun könlümdən,

Mən ölsəm, sizi də öldürəcəyəm.

(Hərdən düşünürəm öləcəyəm mən)

Özün yoxikən necə görürsən? Qəribə gəlir adama. Amma sənin yoxluğun bizim üç ölçülü şüurumuzda formalaşmış yoxluqdur. Əslində bu qədər mükəmməl və qeyri-adi yaranmış insan yox ola bilməz. Sözdən yaranan nə varsa, əbədidir. Elə bilirəm insan da sözdən yaranıb.Onun Yer insanının dərk etmək gücündə olmadığı bir formaya keçməsi mümkündür. Bu, bəlkə yaxşıdır, bəlkə də pisdir-bilinməz. Bilinməzlər, naməlumlar həmişə təhlükəli olur. Məlum azaldır qorxunu, təhlükəni. Məlumda çıxış yolu var. Naməlum qaranlığa açılır, məlum işığa. Qaranlıq nə qədər yaxşı olsa da, işıqdan pisdir. O qədər pisdir ki, qaranlıqdan baş çıxarmaq üçün bəlkə də çox duyğusal, qızılgül ləçəyi qədər incə, bir bakirə baxışı qədər ilıq olmalısan getdiyin yerlərə qayıtmaq üçün:

Budur, qayıtmışam, səninəm yenə,

Bu dərdi, kədəri yu ürəyindən.

Yaman darıxmışam yağışlar üçün,

Ağla, gözlərinə qurban olum mən.

(Ağla, gözlərinə qurban olum mən)

Onda nə yağışa, nə işığa ehtiyac qalmaz. Qaranlıqda da işıqdakı kimi müdrik olmaq mümkündür-belə müdriklərin sayı kifayət qədərdir. Onlar varlığı ürəklərinin titrəyişləri ilə dərk edirlər. Özü də işıqda dərk edənlərdən daha yaxşı başa düşürlər dünyanı. Bəlkə onlar M.Füzulinin "Hikməti-dünyəvi mafiha bilən arif degil, Arif oldur ki, bilməyə hikməti-dünyəvi mafiha nədir” sirrinin möcüzələrini aça, aydınlaşdıra bilərlər. T. Nurəli belə düşünüb bir zamanlar:

Böyüdüm, nənə, böyüdüm,

boyumu görə bilmədin.

Diplomumu,

toyumu görmədin.

Bəxtəvər günlər!...

Səni tapa bildilərmi

Bir cüt qız nəticən?!

Ayaq açıblarmı,

dil açıblarmı?

(Böyüdüm, nənə, böyüdüm)

Tofiq Nurəlinin şeirlərini oxuduqca "xəyalım dolanır bütün aləmi”. Xəyal onsuz da bir yerdə dayanmağı, durmağı sevmir. Tofiqin şeirləri xəyallaraqanad verir,insan zəkasının ölçüsüzlüyünü bir daha anladır adama. Bir andaca Tofiqə qoşulub gedirsən şair-həkimin doğulduğu, boya-başa çatdığı Yerfiyə- Quba rayonunun Yerfi kəndinə. Səkkiz uşağa qol-qanad vermiş, uçmağı öyrətmiş, indisə kədərlə dolu ev anbaan canlanır gözlərin qarşısında:

...O boş qalmış evimizə qayıtdım,

Nə istiymiş bu sor-soyuq divarlar!

Mən həkiməm, deməsə də anladım

Evimizin ürəyində ağrı var.

Bu həyətdə solmuş otlar sızıltı,

Pilləkəni, taxdabəndi ağrıyır.

Pəncərələr gözün qırpmır ağrıdan,

O gərəksiz su səhəngi ağrıyır.

Mən bilirəm həsrət nədir dünyada,

Bu həyətin rəngi niyə sarıdı?!

Kədərə bax, mən qapını açanda

Elə bil kibütün həyət zarıdı.

Suvaqların qopub düşən yerindən

Anladım ki, altda daşlar ağrıyır...

Tirlər boyu göbələklər deyir ki,

Ağrılardı, indi qübar bağlayır.

(Ağrı)

Bir insan kədərinin ictimai ifadəsi olan bu şeir həm də bədii-estetik təsiri ilə diqqəti çəkir. İfadə tərzi, bənzətmələr tamamilə yenidir, orijinaldır, məzmunla bağlıdır, orada deyilməsi nəzərdə tutulan fikirləri bir inanılmaz incəliklə oxucuya çatdırır.Çoxdan örtülmüş qapının açılanda çıxardığı səsin (cırıltının) "bütün həyətin zarıması” kimi ifadə edilməsi, köhnə tirlərin bağladığı göbələklərin insan ürəyinin qübarı kimi verilməsi qeyri-adi tapıntı kimi qiymətləndirilməlidir vəbunlar həm də"texniki inkişafın” yaratdığı sözün qüdrəti ilə bağlı şübhələrə son qoyur. Bu şeir daha incə bir məqamın- maddi olanla mənəvi olanın vəhdətinin ifadəsidir. Pəncərələrin ağrıdan qırpılmayan gözlərə bənzədilməsi, arxada qalmış o günlərdə bumbuz suyu ilə ürəklərə sərinlik gətirən səhəngdən tökülən suyun yaratdığı assosiasiya dörd bəndlik şeirin yaratdığı insani düşüncələrin pıçılltısı kimi qəbul edilir:

Tənha bir qüssəni çəkib başıma

Yenə şəkilləri töküb qarşıma

Sığınıb ömrümün sevda yaşına

Sənin ad gününü keçirəcəyəm.

Yəqin, oxucu inanmaz, amma çox istərdim inansın, inanmaz ki, bu fikirlər bir qədər mücərrəd və boz rəngə bürünmüş dünyamızda bəlkə də M.Füzulidən sonra dünyanın ən "qəmli” şairi olan Tofiq Nurəlinin şeirlərini oxuyanda ortaya çıxıb. Maraqlıdır, məhz bu dəfə Tofiqi oxuyanda bu fikirlər məni "dami-ğəmə” (qəm tələsinə) salıb. Əvvəllər də oxumuşdum yazılarını, xüsusən bir-birindən kövrək şeirlərini. Tofiqlə tez-tez görüşürük. Yaxın qonşuyuq. Doğulduğumuz kəndlər, ayrı-ayrı rayonlarda, Şabranda və Qubada yerləşsə də, məsafəcə bir-birindən o qədər də uzaq deyil, aranı dağlar kəsir. Kefinin bir vaxtında, bu vaxt da az-az olur, Tofiq şeirlərindən yavaş-yavaş, bir qədər bariton səslə deyir. Onda da görürsən ki, əhvalının necəliyindən asılı olmayaraq, dediyi şeirlər bir həzin qəmlə örtünüb. Bu örtüyün altındaartıq haqq dünyada olan nənəyə qovuşmuş bir cütbalasının niskili də var:

Oyuncağı torpaq, oyunu torpaq,

Aldı sənə verən boyunu torpaq.

İndi özü edər toyunu torpaq,

Torpağın altında yatan Günayım.

Məndə belə bir inam var ki, bu cür "əbədiyaşar” qəm-kədər təkcə şəxsi həyatla bağlı ola bilməz. Həkimdir axı. Ömrünün bu gününə qədər minlərlə insanın ağrısının şahidi olub. Təkcə şahidimi? Qətiyyən yox. Bu ağrıları yaşayıb, lap özününkü kimi qəbul edib onları. Başqa necə ola bilərdi ki, 20-30 il əvvəl müalicə etdiyi xəstələri indi də kömək üçün ona müraciət edir, dərdlərinə əlac istəyirlər. Bəlkə də aşağıda verdiyimiz nümunə ağrılarının son anlarını yaşayan xəstənin hisslərinin ifadəsidir:

Beş kəpənək, on kəpənək,

Gəl əlimə qon, kəpənək.

Soyuğumdan don, kəpənək,

Mən ölüm ayağındayam...

Qaldır məni ağuşuna-

Üzümü ay işığına...

Qon anamın göz yaşına

Mən ölüm ayağındayam.

Gümüşü bir arzu ilə,

Qanadının tozu ilə

Sil alnımın yazısını-

Mən ölüm ayağındayam.

(Beş kəpənək, on kəpənək)

Tofiq Nurəli tanınmış şairdir, sozün nəbzini tutmağı, onu yerli-yerində işlətməyi bacarır. Oxucu diqqətini, rəğbətini tez cəlb edib. Ədəbi tənqid birmənalı şəkildəonun şeirlərini yüksək qiymətləndirmiş, müasir poeziyanın ən yaxşı nümunələri kimi dəyərləndirmişdir.Tofiqin şeirlərindən hansısa sözü çıxarmaq, yaxud, başqa sözlə əvəz etmək mümkün deyil

Oxuduğunuz yazıının T.Nurəli yaradıcılığının məzmunu ilə bağlı bədbin fikirlər yaratmasını heç istəməzdim. Əvvəla, dünyanın bir üzünün rəngi ağdırsa, digərinin qaradır. Acı-şirin,sevinc-kədər, isti-soyuq-bu ifadələri istənilən qədər artırmaq olar. Bunlar hər an rastlaşdığımız reallıqlardır. Aydındır ki, bədii ədəbiyyathəyatı, onun yaratdığı əhval-ruhiyyəni ifadə etmək vasitəsi kim də qiymətləndirilə bilər. Deməli, təkcə sevincin deyil, qəmin də həmişə ona isti münasibət bəsləyən Tofiq kimi şairlərə ehtiyacı var. Bu öz yerində. Amma onu da qeyd etmək vacibdir ki, Tofiq yaradıcılığı təkcə qəmin ifadəsindən ibarət deyil. Əksinə, məzmunca T.Nurəlinin daxili aləmi qədər zəngindir. T.Nurəlinin şeir yaradıcılığından yurd yerinə, tarixi keçmişimizə, milli dəyərlərimizə, adət-ənənələrimizə, ailəyə münasibət qırmızı xətlə keçir. Tanınmış cərrah, tibb elmləri doktoru,Azərbaycan Tibb Universitetinin professoru Cabbara-böyük qardaşına həsr etdiyi şeir də gözəl nümunələrdən biridir. İstəyirəm səhiyyə işçilərinə həsr etmək istədiyim, lakin iş prosesində bir başqa istiqamət almış yazımı da, günahım bir qədər azalsın deyə, Tofiqin "Cərrah qardaşım Cabbara” adlı şeirlə tamamlayam. Bu həm də həyatlarını müqəddəs peşəyə, həkimliyə həsr etmiş insanlar bir təbrik olsun:

Yaman dəcəl idim uşaqlıqda mən,

Sən isə mülayim, həlim bir uşaq...

Böyüdük, taleyin qismətlərindən

Mənə qələm düşdü, sənəsə bıçaq!

Ürəksiz, duyğusuz yaza bilmirəm,

Bir köntöv baxışdan misra laxlayır.

...Duyan, duymayan da yeri gələndə

Sənin bıçağına ümid bağlayır.

Neçə ümidsizin həyat eşqinə

Sən öz ürəyindən işıq çəkmisən.

Amansız ölümün lap boğazına

Cərrah əllərinlə bıçaq çəkmisən.

Çoxunuun gözünü qan tuta bilir,

Qan tutan gözlərə dünya oyuncaq...

Cərrah əməlləri, cərrah dünyası

Qan ilə, qan ilə açılır ancaq.

Özünə görədir hərənin səhvi,

Səhvi düzəldəsən-böyüklük odur...

Amandır, qardaşım, ehtiyatlı ol,

Cərrah səhv edəndə fəlakət olur.


Oqtay Abbas, yazıçı-şair,ADU-nun dosenti

P.S. 4 iyul – T.Nurəlinin ad günüdür. Bu münasibətlə həkim-şairi şeirsevərlər və sağlamlığını ona etibar edənlər adından ürəkdən təbrik edirəm!