hacklink Adalet.az | Faiq QİSMƏTOĞLU: YARMARKADA ÖZBAŞINALIQ... Adalet.az | Faiq QİSMƏTOĞLU: YARMARKADA ÖZBAŞINALIQ... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: YARMARKADA ÖZBAŞINALIQ...

Xətai rayon ərazisində təşkil olunmuş yarmarkada ət satışında qanunsuzluq baş alıb gedir

5430    |   2019-07-03 17:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı şəhərində yarmarkalar heç də təsadüfən yaradılmayıb. Bunun yaradılmasına Azərbaycan prezidenti İlham Əliyev göstəriş verib. Təbii ki, bu göstəriş də bir neçə ildir ki, adiyyəti qurumlar tərəfindən yerinə yetirilir. Və yarmarkaları da təşkil edəndə düşünüblər ki, bazarla müqayisədə orda ucuzluq yaradılsın. Tay fikirləşməyiblər ki, kimlərsə bu ucuzluğu yaratmaq əvəzinə, yarmarkalardan öz maraqları üçün istifadə edəcəklər.

Əlbəttə, ilk vaxtlar Bakı şəhərində təşkil olunmuş yarmarkalarda bir canlanma var idi. Başqa sözlə demiş olsaq, əhali şənbə-bazar günləri fəaliyyət göstərən bu yarmarkalara çox böyük ümidlə baxırdı. Ancaq elə ki, yarmarkada ucuzluq olmadı, keyfiyyətsiz mallar satışa çıxarıldı, bax onda da əhalinin böyük hissəsi ordan dönüb yenidən bazarlara üz tutdular.

Əlbəttə, hər bazara üz tutmadılar. Əksəriyyət 8-ci Kilometr yaşayış sahəsində fəaliyyət göstərən bazarlara getdi və gördülər ki, həqiqətən də bu bazar yarmarkadakına nisbətən daha ucuzdur.

Görəsən, yarmarkalardakı əsl həqiqəti onu təşkil edən Kənd Təsərrüfatı Nazirliyi və icra hakimiyyəti orqanları bilirlərmi? Yəqin ki, bilməmiş olmazlar. Çünki onlar şənbə-bazar günləri Bakıda təşkil olunan yarmarkalara nəzarət edir və hətta orda kimlər alverlə məşğuldur, onu da bilirlər. Üstəlik də bazarlardan fərqli olaraq yarmarkalarda bütün məhsulların qiyməti yazılıb üstünə vurulur. Qiymətdən artıq kimsə, nəsə alıcıdan istəsə, həmin adam yarmarkadan uzaqlaşdırılır. Təəssüf ki, bu sözdə belədi, əməldə hər şey əksinədi. Birincisi, qiymətlər bazarlarla müqayisədə çox bahadır. İkincisi, ora çıxarılan məhsullar bir o qədər də keyfiyyətli deyil.

Məsələn, götürək elə Xətai rayon ərazisində təşkil edilən yarmarkanı. Hətta burdakı bahalığa görə, bir həftə bundan əvvəl Bakı meri Eldar Əzizov da yarmarkaya baş çəkmişdi. Alıcılar bahalıqla bağlı merə şikayət etmişdilər. Mer orda olanda bəzi meyvə-tərəvəzi ucuz qiymətə satdılar. Elə ki,mer getdi, yenə qiymətlər qalxdı. Soğan 70 qəpik, kartof 70-80 qəpik, pomidor, xiyar 1 manat, meyvələr isə daha baha qiymətə satılır.

Ən acınacaqlı vəziyyət isə yarmarkada ət satışında olan özbaşınalıqdı. Uzun illərdi burda ət satışı ilə Laçından olan bir şəxs məşğul olur. Başa düşmək olmur, niyə bir adam hər dəfə yarmarkaya ət gətirməlidir?! Özü də deyilənlərə görə, həmin adam öz məhsullarını deyil, 8-ci Kilometr bazarından ucuz qiymətə aldığı əti satışa çıxarır. Alıcıların əksəriyyəti bu adamdan və ət satışından narazıdılar. Çünki ət satışında mövcud sanitar-gigiyenik qaydalara əməl olunmur, qəssablar tez-tez gigiyenik qaydaları pozur, əlcəklə işləmir və tozun-torpağın içində ət satırlar.

Ötən şənbə hava çox isti idi. Yarmarkaya baş çəkəndə gördüm ki, ət satışındakı mövcud nöqsanlara narazılıq eləyənlər var. Hava çox isti olsa da, ətlər günün altında qoyulub və gigiyenik qaydalara əməl olunmadan satılırdı. Hansı ki, isti havalarda bir neçə saatdan sonra həmin ətlərdə mikroblar yarana bilər və bu da nəticədə insanlar üçün baş ağrısına çevrilər. Orta yaşlı bir kişi ət köşkünə yaxınlaşıb qiyməti soruşdu. Dedilər ki, ət ucuzdu. Alıcı isə ətin günün altında satıldığına etiraz eləyəndə onların rəhbəri həmin alıcını yaş yuyub quru sərdi. Yazıq alıcı irad tutmağına peşman oldu. Əslən Laçından olan, ət satışını həyata keçirən orta yaşlı kök qara kişi isə ağzını açıb gözünü yumdu:

- Sən kimsən ki, mənə irad tutursan? Xoşun gəlir al, xoşun gəlmir alma. Mənim kefim belə istəyir. Çox o yan-bu yan eləsən, uşaqlara deyərəm səni salar təpiyin altına.

Orta yaşlı alıcı abrına bükülüb bir söz demədi. Eynəyini çıxarıb diqqətlə ona baxdı və sonra da dilləndi:

- Günah səndə deyil, günah səni bura buraxan vəzifəli şəxslərdədi. Sizi bura qoymayıblar ey, bizi təhqir edəsiniz, sizə şərait yaradıblar ki, insanlara mədəni xidmət göstərəsiniz. Siz də xidmət əvəzinə bizim əsəblərimizlə oynayır, günün altında xarab olan əti bizə satırsınız. Görərsən, sənin barəndə lap yuxarılara yazacam. Üstümü unlu görüb adımı dəyirmançı çağırma!

Ət satıcışına rəhbərlik eləyən qara oğlan qəzəbləndi:

- Get, əlindən gələni beş qaba çək! Burda heç kim mənə gözün üstə qaşın var deyə bilməz.

Orta yaşlı kişi həmin adamın məsuliyyətsiz və özündən müştəbehliyini görüb əlini yelləyərək ordan uzaqlaşdı. Fikrini öyrəndiyimiz neçə-neçə adam da bildirdi ki, ət satışını təşkil edən bu insan çox kobud adamdı - nə böyük yeri bilir, nə də kiçik. Nə vaxta qədər ki, bu adam yarmarkada ət satışına rəhbərlik edəcək, o vaxta qədər də bu sahədə qanunsuzluq baş alıb gedəcək.

İnsanlara hörmətlə, segiylə, mədəniyyətlə yanaşmaq lazımdır. Üzümüzü Xətai rayonunda fəaliyyət göstərən yarmarkanı təşkil edən Kənd Təsərrüfatı Nazirliyinə və yerli icra orqanına tutub deyirik:

- Ət satışında bu cür qanunsuzluğa yol verən adam ya tezliklə intizama dəvət edilməlidir, ya da ordan uzaqlaşdırılmalıdır. Əks təqdirdə yarmarkada ət satışındakı özbaşınalıq və qanun pozuntusu davam edəcək, isti yay günlərində əhaliyə keyfiyyətsiz ət satılacaqdır.

Göründüyü kimi, bu yarmarkada olan özbaşınalıq bəzi sahibkarların at oynatmasına gətirib çıxarır. Yarmarkalar Bakıda ona görə yaradılmayıb ki, hansısa alverçi orda qaz vurub qazan doldursun və at oynatsın. Yarmarkalar ona görə yaradılıb ki, əhaliyə xidmət göstərilsin və ucuz qiymətə kənd təsərrüfatı məhsulları satılsın. Hələ ki, camaat bu ucuzluğu və məhsul keyfiyyətini görə bilmir.




İmza:
SON XƏBƏRLƏR
2019-12-14
2019-12-13


VİDEO