adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
04 Iyul 2019 10:07
22254
SİYASƏT
A- A+

Vaşinqton geri duracaqmı?

ABŞ prezidenti Yaponiyanın Osaka şəhərindəki G20 Zirvə toplantısında Türkiyə prezidenti R.T Ərdoğanla görüşərkən son vaxtlar iki ölkə arasında gərginliyə səbəb olmuş S-400 hava müdafiə sistemləri ilə bağlı müsbət mesajlar versə də, hələ ki rəsmi Vaşinqton əvvəlki mövqeyindən geri çəkilməyib. Bu barədə Röyter agentliyinə Ağ evdəki qaynaqlardan məlum olub. Agentliyin məlumatında deyilir ki, ABŞ rəsmiləri Türkiyənin həmin raketləri alacağı təqdirdə onun F-35 proqramından çıxarılacağı və bu ölkəyə qarşı sanksiyaların tətbiqi qərarında heç bir dəyişiklik yoxdur.

Xatırladaq ki, Osaka görüşü vaxtı Ərdoğan Amerikalı həmkarına S-400 raket kompleksini məcburiyyət üzündən aldıqlarını bildirmişdi. Ərdoğan demişdi ki, Obama hakimiyyəti dövründə ABŞ-dan Patriot raketləri almağa dəfələrlə cəhd eləsələr də buna nail ola bilməyiblər. ABŞ prezidenti də onun bu fikirləriylə razılaşmış və həmin vaxt öz sələfinin Türkiyəyə qarşı sərgilədiyi mövqeyi sərt şəkildə tənqid eləmişdi.

Bu görüşdən sonra çoxları suların artıq durulduğunu, iki müttəfiq ölkənin münasibətlərində ciddi çatlar yaratmış S-400 probleminin cözüldüyünü zənn edirdi. Hətta Ərdoğan özü də heç bir sanksiyaların olmayacağını söyləyərək, bunu ABŞ prezidentinin öz dilindən eşitdiyini bəyan etmişdi.

Bu arada ABŞ Dövlət Departamentinin sözşüsü isə qəti şəkildə bildirib ki, Türkiyə S-400 hava müdafiə sistemlərini alacağı təqdirdə F-35 uçaqlarından məhrum olunacaq. Pentaqon sözçüsü M. Andres də eyni mövqeydədir: "Dəyişən bir şey yoxdur… Rusların hava hücumundan müdafiə sistemləri F-35 proqramıyla uyğun gəlmir. Odur ki, Türkiyənin iki sistemə birdən sahib olmasına izn verilə bilməz”.

Bütün bunlara baxmayaraq Trampın istisna kimi sanksiyaların tətbiqini təxirə salmaq səlahiyyətləri var. Ancaq onun belə bir addım atması Ankaranı razı salsa da, Konqresdə ciddi təpkilərlə qarşılaşa bilər. Odur ki, Trampın son anda hansı qərarı verəcəyini indidən söyləmək çətindir.

Adalet.az