BiR KƏNDi AZAD EDƏ BiLƏCƏK ƏSGƏRLƏRi ÖZüMüZ GüLLƏLƏDiK!

AQİL ABBAS
27664 | 2010-02-03 00:18
Daşkəsəndəki hərbi hissədə baş verən faciə hamını sarsıtdı.
   
   Ermənilər demək olar ki, hər gün Atəşkəsi pozurlar. Bu Atəşkəsin pozulması nəticəsində tez-tez şəhidlər də veririk. Amma cəbhə bölgəsindən gələn şəhid xəbərləri Daşkəsəndə baş verən hadisə kimi bizi sarsıtmır, ağrıdır. Niyə sarsıtmır, ağrıdır? Çünki şəhid olan o əsgər bu dövlətin, bu millətin şərəfi və namusu olan ana torpağı, müstəqilliyimizi qorumaq üçün sinəsini düşmən gülləsinin önünə verir ki, dövlətin və millətin sinəsinə güllə dəyməsin! Bu həmin şəhidlərin valideynləri üçün ölçüyəgəlməz bir itki olsa da, ömür boyu çəkiləcək bir ağrı olsa da o valideynlər sınmırlar. Bununla qürur duyurlar, fəxr edirlər, başlarını daha dik tuturlar!
   
   
   
   Təkcə onların valideynləri, ailələri deyil, millət də şəhidləri ilə qürur duyur, fəxr edir, öyünür.
   
   
   
   Nazim Hikmət yazır:
   
   
   
   Şəhidlərimizin
   
   Çiyninə qalxaraq yüksəliyoruz!
   
   Vaxtımız yox
   
   onları basdırmağa!
   
   
   
   Və ya başqa bir şeirində:
   
   
   
   Şəhidlərimizi
   
   bərəkət toxumu tək
   
   basdırırıq torpağa,
   
   gah Praqada,
   
   gah Varnada,
   
   gah İstanbulda!
   
   
   
   İndi bu Vətən şəhidlərimizin çiyninə qalxaraq yüksəlib. Və şəhidlərimizi də Laçında, Şuşada, Ağdamdag bərəkət toxumu tək basdırmışıq. Bir gün nar kimi çiçəkləyəcək, çinar kimi boy atacaq, bulaq kimi çağlayacaqlar.
   
   Bəs Daşkəsəndə baş verən faciədə həlak olanlar necə? Ondan bir az əvvəl həmin bölgədə öldürülən 4 əsgər necə?! İntihar edən əsgərlərimiz necə?! Öz əsgərlərimizin cinayəti nəticəsində həlak olan əsgərlərimiz necə?! Onlar da Laçında, Şuşada, Ağdamda... bərəkət toxumu tək basdırdığımız şəhidlərimiz tək nar kimi çiçəkləyə, çinar kimi boy ata, bulaq kimi çağlaya biləcəklərmi?! Onların ata-anaları, ailələri ilk hərbi təyyarəçimiz Vaqifin, Fəxrəddin Qəmbərovun, Allahverdi Bağırovun, Tərtərli Vəzirin... (minlərlə ad yaza bilərəm) ailələri kimi fəxr edə biləcəklərmi?! Qürur duya, öyünə biləcəklərmi?!
   
   Axı onlar da övladlarını bu Vətənə qurban deyib, boylarını sevə-sevə, toy-bayramla Orduya yola salmışdılar. Onların da qürur duymağa, öyünməyə, fəxr etməyə haqqı çatırdı! Kim və ya kimlər onların bu xoşbəxtliyini, bu hüququnu, bu haqqını əlindən aldı?!
   
   Əgər bu faciə bizləri belə sarsıtdısa, görün onların valideynləri, ailələri necə sarsılıb?! O ailələrin yarasına az da olsa məlhəm qoymaq, o yaranı sarımaq mümkündürmü? Bəli! Necə?..
   
   Bir maraqlı film var: "Bir neçə yaxşı adam". Baş rolları da Tom Kruz, Kifer Sazerlend, Demi Mur və Cek Nikolson ifa edirlər. Əslində bu qədər ulduzu bu filmə ona görə cəlb ediblər ki, sadə vətəndaş orduya diqqətlə yanaşsın.
   
   Sizi yorsam da, film haqqında qısaca bir informasiya vermək gərəkdir. Bu çox vacibdir və Daşkəsəndə baş verən hadisənin açılmasında önəmli rol oynaya bilər. Elə bu yazını da məhz buna görə qələmə aldım.
   
   ABŞ-ın Kubadakı hərbi hissəsində bir əsgər ölür. Hərbi hissə məsələni belə qoyur ki, guya Ölən Əsgər iki yoldaşı ilə dalaşıb və aldığı xəsarətdən həlak olub. İki əsgər məsuliyyətə cəlb edilir və əsil həqiqət ört-basdır edilməyə çalışılır.
   
   Məsuliyyətə cəlb olunmuş əsgərlərin müdafiəsini üç vəkil öz üzərinə götürür - yəni Bir Neçə Yaxşı Adam. Prokuror bu Bir Neçə Yaxşı Adamla danışığa girir: "Gəlin bir razılığa gələk, əsgərlərə yüngül cəza verək, bitsin getsin".
   
   Amma bu Bir Neçə Yaxşı Adam razılaşmır. Hadisəni ən incəliyinə qədər, kökünə qədər araşdırırlar.
   
   Dünyanın ən sivil ölkələrinin ordularında da, eləcə də ABŞ ordusunda da zelyonıy, salaqa, ded, dembil ( bu sözləri ona görə dırnağa almayıb tərcüməsiz yazıram ki, bunlar artıq terminləşib) var. İstəyirsən "Bibliya"ya and iç, istəyirsən "Tövrat"a, istəyirsən "Quran"a, istəyirsən Buddaya, istəyirsən partbiletə - bu belədi! Və ABŞ ordusunda yazılmamış bir qanun da var, buna "Qırmızı kod" deyirlər. Komandir tərəfindən verilən "Qırmızı kod" əmri əsgərlər tərəfindən sözsüz əməl edilməli və bu gizli saxlanılmalıdır. "Qırmızı kod" tətbiq edilən əsgər cəzalandırılmalıdı. Bu kodu tətbiq edən əsgərlər isə cinayəti öz üzərlərinə götürməli və yuxarıdan belə bir bir əmr aldıqlarını ölənədək açmamalıdırlar. Əks halda onların özlərinə "Qırmızı kod" tətbiq edilir.
   
   Və bu Bir Neçə Yaxşı Adam bütün təzyiqlərə və çətinliklərə baxmayaraq, bu cinayətin üstünü açırlar. Məlum olur ki, Ölən Əsgər adi bir dava nəticəsində aldığı xəsarətdən ölməyib. Komandirin əmri ilə ona "Qırmızı kod" tətbiq edilib. Nəticədə qanunsuz "Qırmızı kod" əmrini yerinə yetirən əsgərlər azad edilir və bu əmri verən polkovnik - hərbi hissənin komandiri həbs edilir.
   
   Şükürlər olsun ki, bizim orduda belə bir şey yoxdur və ola da bilməz! Və mən bu yazımda baş verən faciədə belə bir izə də işarə vurmuram.
   
   Bəs niyə bu filmi misal gətirdim?
   
   Ortada çox ağır bir faciə var: bir hərbi hissədə 2 əsgər və yüksək rütbəli 4 zabit öldürülüb, 2 əsgər də ağır yaralanıb.
   
   Ortada bir köz (od) var. Bu közü siyasətçilər öz qabaqlarına, mətbuat öz qabağına, düşmən də öz qabağına çəkib qızınmaq istəyir və qızınır.
   
   Və indi Bir Neçə Yaxşı Adam ortaya çıxmalıdı, bu közün qalanma səbəblərini tapmalıdı və bu közü söndürməlidi! Çox yox, Bir Neçə Yaxşı Adam...
   
   Bir az əvvəl yazmışdım ha, faciədə həlak olanların ailələrinin yarasına məlhəm qoymaq mümkündür. Bu da məlhəm! Özü də təkcə ölənlərin ailələrinə deyil, millətə də, Orduya da!
   
   Və Bir Neçə Yaxşı Adamın da ortaya çıxıb bu közü söndürəcəyinə inanıram və əminəm.
   
   Sonda! Qələm dostlarımdan da xahiş edirəm, közün üstünə nöyüt əndərməyin.
   
   Ordumuzun üstünə yürüş etməyin! Bu Ordu yaxşısı ilə də, pisi ilə də bizimdi!
   
   Mətbuat Ordusunun Milli Ordumuzun (bu iki Ordunun say fərqi çox azdır) üstünə belə hücumu əsgərlərimizin və əsgərliyə getməyə hazırlaşan övladlarımızın ruhunu öldürür.
   
   Qardaş Türkiyə gözümüzün qabağındadır. Mətbuat Ordusunun Türk Silahlı Qüvvələrinə yönəlmiş total hücumu Türk Ordusunu elə bir vəziyyətə salıb ki, Genelkurmay başqanı İlkər Başbuğ bilmir ki, TSK-nı yönəltsin, PKK-a ilə mübarizə aparsın, yoxsa hər gün qəzetlərin Ordu ilə bağlı yazdıqlarına açıqlama versin. Mətbuat elə bir durum yaradıb ki, Genelkurmay başqanı İlkər Başbuğ artıq Genelkurmay başqanlığından daha çox Mətbuat Xidmətinin rəhbəri vəzifəsini yerinə yetirir.
   
   Milli Ordumuz haqqında yazanda ehtiyatlı və diqqətli olun. Qarşıda Ordumuzun aparacağı çox müqəddəs bir savaş var!
   
   Bəlkə yazıları saxlayaq...
   
   ...Və Bir Neçə Yaxşı Adamın son sözünü gözləyək?!
   
   
   
   P.S. Yazını çapa hazırlarkən "Azadlıq" qəzetində Azər Əlinin məlum faciə ilə bağlı bir məqaləsini oxudum. Məni düşündürən doğru çıxdı. Heç demə, Daşkəsəndə qətlə yetirilən Sadiq Məmmədovun qardaşı Rafiq Məmmədov Qarabağ savaşında qəhrəmancasına həlak olub. Azər Əli öz yazısında çox haqlı və ciddi bir sual qoyub: "Biri şəhid, biri kim?!"
   
   Qoy yenə bu suala Bir Neçə Yaxşı Adam cavab versin!

TƏQVİM / ARXİV