adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
02 Iyul 2019 10:34
9003
MƏMLƏKƏT
A- A+

Bakıda daha iki rəngdə tullantı konteynerləri olacaq

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Bakı şəhərində yeni layihə - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi Konsepsiyasının icrası davam etdirilir.

Qurumun mətbuat xidmətinin rəhbəri İsrafil Kərimovun  verdiyi məlumata görə, bununla əlaqədar bu sahədə ciddi təcrübəyə malik Böyük Britaniyanın tanınmış "Mott MacDonald" şirkəti ilə müqavilə bağlanıb və ilkin olaraq bu işlər sınaq kimi Nərimanov rayonunda başlanıb:

"İyul ayının 10-dan etibarən Konsepsiyanın əsas mərhələsinin həyata keçirilməsinə start verilir. Bununla bağlı hər məhəllədə məişət tullantıları üçün yaradılan meydançalara yeni, müasir tipli konteynerlər quraşdırılır.

Quraşdırılan konteynerlər 2 rəngdə - yaşıl və narıncı olacaq. Narıncı konteynerə kağız, karton, şüşə, metal və plastik tullantılar, yaşıl konteynerə isə digər tullantılar atılacaq. Sakinlərin rahatlığı üçün ilkin mərhələdə hər mənzilə 2 cür yaşıl və narıncı çeşidləyici paketlər paylanacaq".

İcra Hakimiyyəti rəsmisinin sözlərinə görə, bu işin görülməsi şəhərimizin təmiz saxlanılmasına, gözəlləşməsinə, ətraf mühitin və sağlamlığın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına və iqtisadi səmərə əldə olunmasına xidmət edəcək:

"Bununla əlaqədar olaraq Nərimanov rayon sakinlərini layihəyə dəstək verməyə və bu işdə fəal iştirak etməyə çağırırıq! Sakinlərə prosesləri izah edilməsi məqsədilə müvafiq qurumların nümayəndələri əhali ilə məhəllələrdə görüşlərə başlayır, bloklara, həyətlərə, binalara izahedici reklamlar yapışdırılır, mənzillərə broşüralar paylanılır. Gələcəkdə bu işlər digər rayonlarda da aparılacaq".