adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

""çÖRƏK VƏ ŞOKOLAD"", YAXUD FATMANiSƏNi çƏRLƏDƏN SERiALLAR

AQİL ABBAS
28363 | 2010-01-29 01:19
Keçmişdə gözəl filmlər çəkərdilər: insanları düşündürən, insanları mənəvi cəhətdən zənginləşdirən, insanlara sevgi aşılayan. Bu sevginin içində qadın sevgisi də vardı, ata-ana, övlad sevgisi də, yurd sevgisi də. Belə filmləri adətən fransızlar çəkərdi, ruslar çəkərdi, italyanlar çəkərdi, hindlilər, almanlar çəkərdilər və təbii ki, bizlər də çəkərdik.
   
   Bir yaxşı rus filmi var, kavboy filmidi, guya hadisələr ABŞ-da baş verir. Pozulmaqda olan bir qəsəbəyə, bütün günlərini barda keçirən, içməkdən, dalaşmaqdan zövq alan qəsəbəyə bir kinoçu gəlib çıxır. Və başlayır gözəl filmlər verməyə, yəni yuxarıda dediklərim filmlərdən. İnsanlar dəyişir, mədəniləşir, mehribanlaşır və sair və ilaxır. Amma bunu istəməyənlər kino zalını yandırırlar, o isə geri çəkilmək istəmir.
   
   Sonra qısa müddətə işləri yerinə qoymaq üçün qəsəbədən ayrılır. Bu vaxt qəsəbəyə başqa bir nəfər gəlir. Və bu gün Hollivudun çəkdiyi adamyeyən, başkəsən, iyrənc nə bilim daha nə filmləri gətirir.
   
   Kinoçu geri qayıdanda görür ki, qəsəbə dağılır. Və insanlar əvvəlkindən də vəhşi və iyrənc bir hala gəliblər.
   
   Heç kəsə sirr deyil ki, kino çox böyük ideologiyadı. Lenin havayıdan kinoya böyük qiymət vermirdi.
   
   Və bu gün təkcə bizim yox, bütün dünyanın əxlaqını pozan, insanları köklərindən ayıran, mənəviyyatından ayıran, insanlıqdan, sevgidən ayıran, insanların beyinlərini zəhərləyən məhz Hollivudun istehsal elədiyi filmlərdi və bir də təbii ki, Qərb ölkələrinin, eləcə də Latın Amerikasının çəkdiyi seriallardı. Az-çox çəkilən ciddi filmlər isə bu basqının altında tab gətirə bilmir. Və insanların da beyni elə zəhərlənib ki, daha insanlar "Onu bağışlamaq olarmı?" filminə baxmağa həvəs göstərmirlər, nə də "Moskva göz yaşlarına inanmır"a, nə də "Əsgər atası"na, nə də "Əsgər haqqında ballada"ya.
   
   Mən heç də filmləri analiz eləmək fikrində deyiləm. Sadəcə olaraq serialları nümayiş etdirəndə nədənsə yadıma məşhur İtalyan kinorejissoru Franko Bruzattinin çəkdiyi "Çörək və şokolad" filmi düşür. Niyə?
   
   Seriallar adətən qırx eşşəyi sağına gələnlərin mənasız çürük həyatlarından, mənasız çürük sevgilərindən, mənasız çürük qısqanclıqlarından, mənasız çürük mənəviyyatlarından bəhs edir. Allı-güllü geyiniblər, cənnətdə yaşayırlar. Təşəxxüs, day nə bilim nə zir-zibil, çürük kübarlıq. Həm baldızıyla yaşayır, qardaşı arvadının buna gözü düşür, qayınanası ondan ötəri ölür, xalası qızı ondan ötəri intihar edir.
   
   Və elə bu filmlər də əslində qırx eşşəyi sağına gələnlər üçün çəkilib ki, bekar-behtin adamlardılar, oturub baxsınlar: çay içə-içə, qumar oynaya-oynaya.
   
   Və bizim heç bir qoyunu sağına gəlməyən Fatmanisəmiz oturub televizorun önündə ağzını açıb heyranlıqla bu seriallara baxır və narkotika qəbul eləmiş adamlar kimi uyur, özünü haralardasa hiss eləyir, özünü orda hansısa bir obrazın yerinə qoyur, ləzzət alır. Axşam da kişi gəlir görür arvad heç olmasa Allahın bir kartofunu da qızartmayıb, salır şapalağın altına, gözünün altı gömgöy. Amma xeyri yoxdu, səhər yenə oturur o serialın qabağında və xoşbəxt olur. Nəhayət, yenə kişi gəlir... Yaxud atası gəlir, yaxud qardaşı gəlir, üç gün-beş gün, sonra məlum olur ki, mal tövləsindən özünü asıb.
   
   Nədən "Çörək və şokolad"? Orda bir epizod var. Bir ailə toyuqçuluq fermasında işləyir və toyuqlarla bir yerdə yatıb-durur və elə toyuqlaşırlar. Hətta qaqqıldayırlar da.
   
   Qırx eşşəyi sağına gələn, gündə on min toyuğu yumurtlayan fermerin övladları dostları ilə birlikdə fermanın yaxınlığındakı gölün ətrafında bir piknik təşkil edirlər. Gözəl-gözəl oğlanlar, gözəl-gözəl qızlar, "Santa-Barbara"dakı kimi (yadımda qalan seriallardan bircə budur və həyatımda da heç bir seriala baxmamışam. Bircə son zamanlar "Kurtlar vadisi"nə baxıram) soyunurlar, ləzzətlə girirlər gölə, lümlüt, anadangəlmə, öpüşmə səhnələri, oxşama səhnələri, gəl ay kasıb.
   
   Toyuqlaşmış ferma işçiləri isə həsrətlə fermanın dar pəncərəsindən "Santa-Barbara"ya baxırlarmış kimi onlara baxırlar. O gözlərdə nələr yoxdur?
   
   O toyuqlaşmış ferma işçilərinin içində qırx eşşəyi sağına gələnlərin qızlarından da gözəl-göyçək bir gənc qız var və həsrətlə o da bu səhnəni izləyir. Sonra bir küncə çəkilib oturur. Çox dəhşətli bir səhnədi. Yəqin o filmə baxanların hamısının yadına düşür.
   
   Televizorda seriallar nümayiş olunanda nədənsə həmişə gözümün qabağına o gənc qız gəlir. Və bir də hansısa yataqxana küncündə, hansısa bir zirzəmidə, hansısa bir vaqonda o serialları izləyən analarımız gəlir, bacılarımız gəlir, qızlarımız gəlir.
   
   Və sonra da gözümün qabağına hansısa bir tövlədə, hansısa bir çardaqda özünü asmış gənclər gəlir...

TƏQVİM / ARXİV