adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
01 Iyul 2019 10:42
15524
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: ÜZÜ YUXARI





















İlahi,sakitcə yeriyib gedir
Dərədən o duman üzüyuxarı...
Tələsir, can atır, şıltaqlıq edir ,
Tüstü də odundan üzüyuxarı...

Durmadan fırlanır vaxt kirkirəsi
Artır yaşadığım ömrün kirəsi...
Özü də , sözü də yerə girəsi -
Boylanır adından üzü yuxarı.

Bəllidi doqquza onda nə varsa,
Adamı hey çəkir onda nə varsa,
Unudub getdiyi sonda nə varsa ,
Silibdi yadından üzü yuixarı.

Canımda daşınan qan Qarabağın,
Havası tükənən can Qarabağın.
Gözümdə sökülən dan Qarabağın,
Daşından, otundan üzü yuxarı...