adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
01 Iyul 2019 09:49
8588
MƏMLƏKƏT
A- A+

Bu gündən Bakı Metropoliteni yay qrafikinə keçir

Bu gündən Bakı metropolitenində qatarlarının hərəkət qrafikində dəyişikliklər edilir.

 "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovun əmrinə əsasən, metropolitendə qatarların hərəkəti yay qrafikinə keçir.

Mövsümi qrafikə uyğun olaraq, qatarlararası intervallar cüzi artırılıb. Başqa sözlə, sərnişinlərin əsas axın saatlarında "Həzi Aslanov" stansiyasından "28 May" stansiyasına qədər və əks istiqamətdə hərəkət edən qatarlar arasındakı interval, qış dövründə olduğu kimi, 2 dəqiqə deyil, 2,5 dəqiqə təşkil edir.

Qeyd edək ki, metropolitendə gur hərəkət səhər saat 7:30-dan 9:30-a, axşam isə 17:30-dan 19:30-a qədər davam edir.

Sərnişinlərin az olduğu səhər erkən və axşam saatlarında bu sahədə 3 dəqiqə və daha çox intervala hesablanmış hərəkət tərtib edilib.

Xətlərin "28 May" stansiyasında bir-biri ilə birləşməsini nəzərə alaraq, bu stansiyadan "İçərişəhər" və "Dərnəgül" stansiyalarına doğru qatarlar arasında interval müvafiq olaraq, iki dəfə artıq - gur saatlarda 5, başqa vaxtlarda 6 dəqiqə və daha çox olacaq.

Onu da xüsusi qeyd edək ki, günün müəyyən vaxtlarında sərnişinlər "Həzi Aslanov-Ulduz" sahəsində bəzən iki qatarın "Dərnəgül" və ya "İçərişəhər" istiqamətində hərəkət etməsini müşahidə edir, həmçinin daha böyük intervalla rastlaşırlar. Bu, qatarların texniki qulluq məqsədilə "Nərimanov" elektrik deposuna daxil olması və orada xəttə yola salınması ilə bağlıdır və texniki tələblərə uyğun olaraq, zəruri addımdır.

Yay qrafiki yeni tədris ilinin başlanmasına kimi qüvvədə qalacaq.

Sərnişinlərin və "Bakı Metropoliteni" QSC-nin rəsmi saytının istifadəçilərinin marağı və müraciəti nəzərə alınaraq, "Bakmil" stansiyasına və əks istiqamətdə qatarların hərəkət cədvəli yeni qrafik stansiyalarda yerləşdirilib.