adalet.az header logo
  • Bakı 18°C
29 Iyun 2019 10:24
28438
SİYASƏT
A- A+

Sülhməramlıların indiki məramı

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşünün nəticələrinə dair mətbuat konfransı keçirən E. Məmmədyarov ermənilərin hər dəfə "status” və "təhlükəsizlik”lə bağlı məsələ qaldırdığına toxunaraq qeyd edib ki, təhlükəsizlik problemini sülhməramlı qüvvələrin vasitəsilə həll etmək mükündür. Nazir fikrini geniş izah etmədiyinə görə bu sözlər cəmiyyətdə geniş rezonans doğurub və müxtəlif versiyaların səsləndirilməsinə səbəb olub.

Bəri başdan onu demək lazımdır ki, hər hansı bir münaqişə zonasına sülhməramlı qüvvələrin yerləşdirilməsi ilk növbədə qalib tərəfin xeyrinə olur. Hazırkı durumda da Ermənistan qalib tərəfdir və bu cür "təhlükəsizlik zolağı” movcud status-kvonu qorumaq üçün onlara hava-su kimi lazımdır. Bəzən sülhməramlı qüvvələrdən söz düşəndə bizimkilər məsələnin mahiyyətini bir tərəfə qoyaraq bölgəyə daha çox rus qoşunlarının gəlmək ehtimalının çox olduğunu vurğulayır və bundan əndişələnirlər. Təbii ki, bu da səbəbsiz deyil. Bu münaqişə başlayandan bəri ruslar həm döyüş meydanında, həm də siyasi-diplomatik cəbhədə daim ermənilərin yanında olublar. Qarabağı Azərbaycandan alıb Ermənistana verən də onlardır. Üstəlik, rus qoşunlarının Gürcüsdan və Moldovada yerinə yetirdiyi "sülh” missiyasının nəticələri də göz qabağındadır.

Amma təhlükə heç də sülhməramlı qüvvələr kimi hansı dövlətin qoşunlarının regiona yerləşdiriləcəyində deyil. Tutalım, hazırkı durumda belə bir qərar verildi və münaqişə bölgəsinə Azərbaycanın istədiyi və ona ən yaxın olan dövlətlərin ordusu yeridildi. Bu nəyi dəyişəcək? Bu ordunun mandatı qarşıduran tərəflərə nəzarət eləmək, yeni toqquşmaların qarşını almaq, müharibənin yenidən alovlanmasına yol verməmək olacaq. İstədiyindən qat-qat çox torpaq zəbt eləmiş Ermənistana bundan artıq nə lazımdır ki?

Əlbəttə, sülhməramlı qüvvələrin münaqişə bölgəsinə nə vaxtsa gəlişi vacibdir və bunsuz keçinmək uzun müddət çətin olacaq. Amma həmin qüvvələrin indidən ora yerləşdirilməsi Azərbaycanın əl-qolunu bağlayacaq, onun nə vaxtsa hipotetik olsa da, torpaqlarını güc yoluyla geri qaytarmaq imkanından birdəfəlik məhrum edəcək. Odur ki, cənab Məmmədyarovun hazırkı mərhələdə bu variantın mümkünlüyünü dilə gətirməsi, yumşaq desək, təəccüb doğurur. İndiki halda isə sülhməramlı qüvvələrin yalnız Azərbaycan-Ermənistan sərhəddində yerləşdirilməsi variantlarından danışıla bilər ki, yəqin belə bir fikrin hətta səsləndirilməsi belə nəinki Ermənistanın, hətta münqişənin nizamlanmasıyla məşğul olan "neytral” tərəflərin ironiyasıyla qarşılanar. Odur ki, hazırkı mərhələdə Dağlıq Qarabağla Azərbaycan arasında sülhməramlıların yerləşdirilməsi də ən yaxşı halda bizdə ironiya doğurmalıydı. Amma biz bu fikirləri elə özümüzün çox yüksək ranqlı bir məmurunun dilindən eşidirik.

Adalet.az