adalet.az header logo
  • Bakı 19°C
28 Iyun 2019 15:46
16606
MƏMLƏKƏT
A- A+

Masallıda 4 yumurta üçün yerli turistdən 40 manat aldılar - FOTO

Masallı rayonunda yerləşən "Viləş Palace" istirahət mərkəzində xidmətin səviyyəsi və bahalıq turistləri narazı salır.

Həmin istirahət mərkəzində aldadılan şəxslərdən biri də tanınmış jurnalist, sosial şəbəkə fəalı Yusif Məhəmmədoğludur.

Adalet.az xəbər verir ki, jurnalist bununla bağlı özünün feysbuk səhifəsində məlumat paylaşıb:

"Dünən ailəmlə birlikdə Masallıya səfər elədik. Məqsədimiz də bu idi ki, Bakının istisindən və səs-küyündən uzaq olaq və istirahət edək. İndi qaldığımız yerdən və şəraitindən heç bir şikayətimiz yoxdur. Amma Masallı rayonunda yerləşən "Viləş Palace" MMC-də, yəni "Viləş” İstirahət Mərkəzində səhər yeməyi yedik. Şəkildə də gördüyünüz kimi 4 yumurta(1-i yeyilib) bir pendir və bir çaynik çay. Buna görə 40 manat hesab gəldi. Necədir sizin üçün? Hələ də utanmadan deyirlər ki, biz həyətə, yəni otelin binasından kənara səhər yeməyi vermirik. Yəni səhər yeməyini "Viləş”də, ancaq oteldə qalırsansa yeyə bilərsən. Baxın, səhvi biz eləmişik ki, həyətdə səhər yeməyi yemişik. Buna görə də xidmətçilərə söz gəlib. Belə yerdə deyiblər e, utanmasan oynamağa nə var ki?”.

Y.Məhəmmədoğlu bildirib ki, səhər yeməyinə görə qəbz tələb etsələr də, xidmətçilər verməyib:

"Yediyimizə görə qəbz tələb etdik. Vermədilər. Dedilər ki, bizdə yeməyə görə qəbz verilmir. Deməli bu hərəkət vergidən yayınmadır. Deyir ki, səhər yeməyi bir adam üçün 10 manat uşaqlar üçün isə ödənişsizdir. Belədirsə, deməli, biz 10 manat ödəməli idik. Axı, özləri dedi ki, uşaqların səhər yeməyi pulsuzdur. Uşaqların anası da yeməyib. Sonra xidmətçidən soruşdum ki, bu stola qoyduğunuz yumurtanı biz 10 yerə bölüb on adam yesək o zaman nə qədər ödəcəyik? Dedi 100 manat. Bax budur "inkişaf edən turizm”. Get, 3 yumurta ye və 40 manat ödə. Bəxtimiz onda gətirdi ki, orda nahar etmədik. Yəqin ki, 400 manat da nahar üçün alacaqdılar. Yumurtanın biri 20 manat olan istirahət mərkəzində bir şiş kabab da 200 manat olar. Yazdım ki, məlumatınız olsun ki, yolunuz buralara düşsə "Viləş”dən uzaq durun. Bizi aldatdılar, heç olmasa siz aldanmayın!”