GÖZü ŞAMiLDƏN QORXMUŞDU çARIN iNANMIRDI SƏDAQƏTiNƏ MüSƏLMANLARIN

AQİL ABBAS
27047 | 2010-01-23 02:02
Dünən elə öz qəzetimizdə manşetə çıxarıblar ki, "Medvedev də erməni çıxdı". Bu xəbəri Hollandiyanın hansısa bir kərtənkələ saytı yayıb. Həmin kərtənkələ saytı da Rusiyanın hansısa bir kərtənkələ saytına istinad edib.
   
   Guya Medvedev deyib ki, anamın familiyası Naxşikyandır, Naxşik də erməni sözüdür. Hətta Məmmədhəsən əminin eşşəyi də bilir ki, naxış Azərbaycan sözüdü. Atasının da familiyası guya Baqratyanmış, Baqratyan da erməni sözüdü. Hər halda Medvedev, elə belə adam deyil, elə belə adam olsaydı, uzaqbaşı Rusiyanın kənd təsərrüfatı naziri seçərdilər, prezidentdir, az-çox kitab oxuyub. Elə Dalın ən azı izahlı lüğətindən xəbəri var. Orda göstərilir ki, "Baqrat" "baqatır" deməkdir, türkcəsi "pəhləvan"dı. Bunları ataq bir kənara.
   
   Və bunları ona görə deyib ki, yəni o, yəhudi kökənli deyil. Bütün dünya bilir ki, yəhudilər ən ağıllı millətdilər. Yəhudi olmaq heç də əskiklik gətirmir. Yəqin ki, Medvedev nə qədər pis tələbə olsa da, oxucu olsa da Puşkini oxuyub. Və Puşkin yazır:
   
   Tı vor, tı rab, tı armyanin...
   
   Yəni Medvedev özünü nə oğru nəslindən, nə qul nəslindən saymazdı.
   
   Başlığa çıxartdığım misralar Bəxtiyar Vahabzadənin gərək ki, "416-cı Taqanroq diviziyası" poemasındandır. Yəni rusların gözü Şeyx Şamildən qorxduğuna görə heç vaxt müsəlmanlara etibar etməzdilər.
   
   Amma tarixdə belə bir şey var ki, rusların gözü Stalindən qorxduğuna görə, ondan sonra qeyri-slavyanları hakimiyyətin yüksək dairəsinə buraxmadılar. Əslində hakimiyyətə Ulu Öndər Heydər Əliyev gəlməli idi. Rusların şovinizm hissi buna imkan vermədi. Və Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olsaydı, bəlkə də Sovet İttifaqı dağılmayacaqdı. Çünki güclü şəxsiyyət, güclü siyasi lider, ağıl və müdriklik, dövləti qorumaq və saxlamaq Ulu Öndər Heydər Əliyevin ali yox ey, adi keyfiyyətlərindən biri idi.
   
   Sovet imperiyası hələ də Ulu Öndər Heydər Əliyev kimi bir şəxsiyyətin xiffətini çəkir.
   
   İndi Medvedevlə bağlı bu sözlər mənasız şayiələrdən başqa bir şey deyil. Medvedev də rusdu, Putin də rusdu. Düzdür, Putin deyir ki, hər hansı bir rusu qaşısan, altından tatar çıxar, yəni türk. Qaşıyıb tatarı çıxarmaq çox çətindi. Heç qaşınmamış tatar, qaşınmamış türk hələ özünün türk olduğunu qəbul eləyə bilmir. Məsələn, sayın Ərdoğan deyir ki, mən Rizəliyəm, ərəb kökənli. Nə isə. Məsələ ondadır ki, bunlar hamısı şayiələrdi. Və güman ki, Azərbaycan ictimaiyyətinə hesablanmış şayiələrdi. Yəni Medvedevə inanmayın, o rus deyil, ermənidi.
   
   Medvedevin rus, erməni, nemes olması məni o qədər ilgiləndirmir. Sadəcə olaraq dünən bu xəbəri öz qəzetimdə oxuyanda qəşş elədim. Qəşşdən ayılanda ardını yazacam.

TƏQVİM / ARXİV