adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Səmimi şeirlər

VAQİF YUSİFLİ
165771 | 2019-06-27 16:52
Mahirə Nağızının «Ruhuna beşiksə, tanı, vətəndir» (Bakı, 2017) şnirlər kitabı ilə tanış oldum və kitaba yazılan annotasiyada oxudum ki, o, artıq iyirmi şeirlər kitabının müəllifidir.Təəssüf edirəm ki, Mahirə xanımın yalnız axırıncı kitabı əlimdədir, amma elə bircə bu kitab bir istedadlı xanım yazar haqqında, onun şeirləri, poetik düşüncəsi barədə dolğun təsəvvür yaradı bilir.

Şeir ürəklə beynin, ağılla hissiyyatın vəhdətindən yaranır. Dahi rus tənqidçisi V.Q. Belinski yazırdı ki: «Poeziya həyatı, bir imkan kimi, yaradıcı surətdə yenidən yaratmaqdır. Buna görə də, o şey ki, həyatda ola bilməz, o-poeziyada da yalandır; başqa sözlə, həyatda ola bilməyən şey poetik də ola bilməz».Mahirə Nağıqızının şeirlərində də, onun həyatdan, yaşadığımız bu dünyadan, əlbəttə, ilk növbədə, Azərbaycan dünyasından aldığı təəssüratlar, duyğu və düşüncələr öz əksini tapır. Mahirə xanım bu günün həqiqətlərini qələmə alır, hətta keçmişdən, tarixdən yazanda da bu gün, çağdaş dünyamız onun şeirlərinin başlıca leytmotivinə çevrilir. Demək olar ki, onun şeirlərində mövzu qıtlığına rast gəlmədim, o, hər şeydən yazır, yəni insan ömrünün bitib-tükənməyən arzuları və bu ömrün sevincli-kədərli nəyi varsa, şeirlərin mövzusuna çevrilir. Amma şeir müəyyən mövzulara görə yazılmır, bu təbiət şeirləri, bu ömür-gün şeirləri, bu sevgi, bu da Vətən şeirləri, hələ ithaflar, tale şeirləri. Sadəcə, nədən yazılırsa, orada təzə söz, təzə fikir, bu fikirlərin orijinal ifadə vasitələri ilə rastlaşaq. Mahirə Nağıqızının «Vətəndir» şeirini öncə misal gətirmək istəyirəm. Ona görə ki, bu şeir Azərbaycan şeirinin ən yaxşı «vətənnamələri» sırasına qatıla bilər:

Bu vətən deyilən torpaq deyil ki,
Ananın dizinin yanı-vətəndir.
Başını qoymağa bir sinə varsa,
Ruhuna beşiksə, tanı, vətəndir.

Dünyanın sirri bir, sualları çox,
Boy verən nə qədər…cavab verən yox.
Oğlunun, qızının gözü-könlü tox,
Bir ümid yerinin canı vətəndir.

Kimə doğma dedin, kimə yad dedin,
Nə haray istədin, nə imdad-dedin?
Qürbətin havası verməz dad-dedin,
Adının hər adı-sanı vətəndir.

Qurduğun dünyanın hər daşı-vətən,
Ömrünün-gününün yoldaşı-vətən,
Mahirə, demədi qəm daşı vətən,
Dərmanın hardadır, hanı-vətəndir.

Mahirə xanım «Şəhid nəğməsi», «Xocalı üçün elegiya», «Al bayrağım» və s. bu tipli şeirlərdə də «Vətəndir» şeirinin ruhunu görürük.

Mahirə Nağıqızı əksər şeirlərində iki məqama, yəni müasir şeirin iki vacib elementinə xüsusi diqqət yetirir. Biri səmimiyyətdir, digəri bu səmimiyyətin poetik ifadəsidir.Səmimiyyət insanın daxili-ruhi həyəcanlarının sabitliyidir, şair nə qədər səmimi olsa, onun dediyi söz də sənin ürəyincə olar. Şairin sözü bizim sözümüzə, daha doğrusu, bizim düşüncəmizə hopa bilirsə, bu, elə səmimiyyət deməkdir.Amma bu səmimiyyət gərək şeirdə öz poetik libasını geyinsin.

Mən səni sənin kimi,
Bütün sevənlər kimi,
Sevə bilmərəm, gülüm!
Mən Leyl idə deyiləm,
Dolanam səhraları!
Mən də Şirin deyiləm,
Yardıram qayaları.
Mən səni özüm kimi,
İkicə gözüm kimi,
Sevərəm ömrüm öoyu!

Bu şeirdə səmimiyyət onun hər misrasında üzə çıxır.Amma təkcə səmimiyyət azdır.Amma indii gəlin, müəllifin «İlk qar» və «Qar yağacaq» şeirlərinə diqqət yetirək. Bu şeirlərdə metaforik düşüncə tərzi , mövzuya-təbiət hadisəsinə yeni baxış duyulur.»İlk qar» şeirində İnsan-Qar vəhdəti, poetik «çevrilmə» dərhal diqqəti cəlb edir. «ayazda donmayan ümid bölüşər, Təsəlli yaradar qar dənələri». Ümumiyyətlə, Mahirə xanım təbiəti yaxşı duyur, daha doğrusu, təbiət onun öz içindədir. «Qış nağılı»-doğrudan nağıldır, bu nağılın qəhrəmanları Qışın heyranlarıdır.

Mahirə Nağıqızının şeirləri bayatılı, qoşmalı, gəraylı ahəngi ilə xalq şeirinin ən gözəl örnəklərindən su içir.Min illərin bayatıları məlum, təzə bayatı yazıb təzə söz demək mümkünmü?

Mən ovam, sən bərə, dağlar,
Oxlama yüz kərə, dağlar.
Döndər, qanımnan çay elə,
Qoy axıtsın dərə, dağlar.

Axan gözyaşımdı, dəymə,
Mənə daş-qaşımdı, dəymə.
Dərd sağlıq həmdəmimidi,
Ölsəm, başdaşımdı, dəymə.

Ruhun nə incə sənin,
Qulun ölüncə sənin.
Damarda qanım durar,
Səsin gəlincə sənin.

Nümunə gətirdiyim bu bayatılar xalq bayatılarından qətiyyən seçilmir. Yığcamlıq, dörd misrada poetik fikir söyləmək və dilin şirinliyi onları əsl bayatı həddinə çatdırır.

Mahirə Nağıqızı şeirdə filosofluq etmək iddiasına düşmür, amma elə şeirləri var ki, o şeirlərdə onun özünün fəlsəfi duyumları nəzərə çarpır.»Boylanıb baxdığın yoldan, Kim gələcək, bilən yoxdur. Dünya batır göz yaşına, Əl uzadıb silən yoxdur»- şeir beləcə fikir axarında davam edir. «yarpaq-yarpaq» şeiri də belədir, «Olsun» şeiri də, hər birində fikirlər təzə və həm də həyat, dünya, olum-ölüm paralelləri üzərində qərarlaşır.

Mahirə Nağıqızının şeirlərində həm də bir mahnı ahəngi, ritmi duyulur. Hiss olunur ki, onun dilçi olmağı burada az rol oynamır. «Bu gözəl dilini yaratmış güman, İlahi damağı çağ olan zaman. Bu dil-təmizlikdə uşaq nəfəsi, Gözəllik utanar bu incə dildən»-gözəl şairimiz Əli Kərimin «Üçüncü atlı» poemasında rus şairi Lermontov Azərbaycan dilinin gözəlliklərindən heyrətə gəlib bu sözləri deyir. Mahirə xanımın şeirlərində dilimizin saflığını, incəliyini, zərifliyini görürük.Məsələn, onun anasına həsr etdiyi şeirlər haqqında ancaq xoş sözlər söyləmək olar.

Qəfəsə salınıb ahım,
Anlamaq olub günahım.
Sənin qəlbindir pənahım,
Çıxsa da boşa, gəlmişəm.

Dünyaya gəldim, gəlmədim,
Özüm biləndən gülmədim,
Tanrı, bu dərdlə bilmədim,
Necə bu yaşa gəlmişəm?

Şeirlərində İstanbul cizgiləri də maraqlıdır. Amma o silsilədə «İstanbulun axşamları» daha təsirlidir. «Küçələrdə sükut danışır. Minarələr qədər ucalar Qonaqların heyrəti». Ümumiyyətlə, türk dünyasına xas olan mənəvi dəyərlərin, adət-ənənələrin təsviri Mahirə xanımın şeirlərində səciyyəvi bir xüsusiyyətdir. «Göz yaşıdı «Kərəmi»- Bu dünyanın savaşıdı Kərəmi»-təzə, indiyəcən deyioməmiş təşbihlərdi.

Və Mahirə Nağıqızının şeirlərində nikbinlik havası çağlayır. Sanki «Qəmlənməyə dəyməz! deyir şeirləri. Onun «kədərli» şeirlərində də ağlamaq yox, sıtqamaq yox!

Mahirə Nağıqızı bu şeirlər kitabını Əsəkdar Elm Xadimi, professor Həsən Mirzəyevin xatirəsinə ithaf edi. O böyük alimi mən də tanıyırdım. Koloritli insan idi. Elmiliyi ilə xəlqiliyi vəhdətdə idi.

El oğluydu, el adamı-dedilər,
Tək qoymayıb bir adamı-dedilər.
Ata, qardaş, əmi, dayı-dedilər,
Dağda, düzdə Həsən Mirzə yaşayır.

Həsən Mirzənin ruhu şad olsun, Mahirə xanım isə şeirlərində o ruhu həmişə yaşatsın!


TƏQVİM / ARXİV