Silahlı Qüvvələr Günü Tbilisidə qeyd olunub
Azərbaycan Silahlı Qüvvələri Günü Gürcüstanın paytaxtı Tbilisidə qeyd olunub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfirliyin hərbi attaşe aparatının rəhbəri polkovnik-leytenant Fuad İbrahimov, səfirliyin və attaşe aparatının əməkdaşları Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət ediblər.
Onlar müasir Azərbaycan dövlətinin və ordusunun qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, büstü önünə gül dəstələri düzüblər.
Bayram tədbirində Türkiyənin Gürcüstandakı hərbi attaşesi polkovnik Bülənt Akdeniz, müavinləri – polkovnik-leytenant Əkrəm Karakuş və mayor Aydın Tokuşlu, həmçinin Azərbaycan mediasının bu ölkədəki nümayəndələri də iştirak ediblər.
Hərbi attaşe aparatının zabitləri parka toplaşan insanlara müstəqil Azərbaycan dövləti və ordusunun inkişafı, Azərbaycanın demokratik, sülhsevər ölkə olması barədə məlumat veriblər.