adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
25 Iyun 2019 17:58
23976
ƏDƏBİYYAT
A- A+

Sənətkarın iradəsi- onun ilhamıdır

Adını dilimdə hər zaman sevgiylə səsləndirdiyim bir universitet var- Bakı Qızlar Universiteti. Hacı Zeynalabdin Tağıyev ənənələrinə sadiq bir təhsil ocağımız- qızlarımızın şərəflə, izzətlə təhsil aldığı, maarifləndiyi, elm dəryasına baş vurduğu bir dəbistan. Bəlkə də universitet yanında dəbistan ifadəsi çox kiçik görünə bilər. Amma şairlər şairi Xəqani dilində səslənən dəbistanda elmə, ürfana, insanı hər cür kamilliyə çatdıran savada, elm məxəzlərinə daha böyük məhəbbət mənzərəsi duyursan. Bəlkə də o dövrün dəbistanı bu günümüzün universitetləri səviyyəsində, bəlkə də öz dövrünə görə bundan da üstün olub- kim bilir? Hər halda, universitet də bir məktəbdir- sadəcə ali səviyyədə.

Qızlar məktəbi deyirdik- o bu gün Qızlar Universitetidir. Yalnız qızların təhsil aldığı bir ali məktəb təsəvvür edirsinizmi? Buranın aurası, mühiti, pedaqoji kollektivi, hətta təsərrüfat işlərinə baxanları da tamam fərqli olmalıdır. Təkcə zahiri görkəmlərindəki səliqə-səhmanla deyil, daxili səliqələri, nizam-intizamları ilə göz, könül oxşamalıdırlar. Və sıradan hər kəs bu ali məktəbə rəhbərlik edə bilməz. Etsə də, qızların təbiətinə, zərifliyinə, incəliyinə, nəcibliyinə xas olan bir elmi tədris müəssisəsini təsis olunduğu gündən bu günə qədər sağlam qoruyub saxlaya bilməzdi.

Bakı Qızlar Universiteti Respublikada nadir təhsil ocaqlarımızdan biridir. Bu Universitetin rektoru tanınmış pedaqoq-alim, yazıçı-dramaturq Ağarəhim Nüsrət oğlu Rəhimov Ucarın Bayat elindəndir. Oğuzların çox məşhur bir qolu olan Bayat tayfasının türk tarixində, ümumiyyətlə türk dünyasının mənəvi təkamülündə xüsusi xidmətləri olduğunu bilirik. Təkcə elə Mövlanə Füzulinin adını çəkmək yetər ki, bu tayfanın tariximizdə nə qədər şərəfli bir yeri olduğu aydın olsun. Hələ bir çox tədqiqatçılar deyir ki, Azərbaycan şifahi xalq ədəbiyyatındakı Bayatı janrında yazılmış klassik bayatıların da müəllifi bayatlılardır. Sözüm onda yox, ağac kökü üstə bitər. Bu, məsələnin bir tərəfi. Digər bir tərəfi də ondan ibarətdir ki, həmin kök üstə bitən ağac zamanın sınaqlarına necə sinə gərir və bir Bayat olaraq həyat imtahanlarından hansı uğurlarla çıxır. Ağarəhim müəllim bir sənət adamı, bir yaradıcı insan kimi Azərbaycan ədəbiyyatında öz sözünü demiş yazıçılarımızdan biridir. Onun çoxşaxəli zəngin yaradıcılıq irsi ədəbi tənqid tərəfindən daim araşdırılaraq, oxucularla yazıçı və ədəbi aləm arasında mühüm bir sənət körpüsü yaradılır. Təbii haldır ki, hələ tənqidi müzakirəyə, ədəbi təhlilə çəkilməzdən əvvəl Ağarəhim Rəhimov yaradıcılığı özünə geniş bir oxucu auditoriyası qazana bilib. Bunun da çox sadə səbəbləri var. Birincisi ondan ibarətdir ki, yazıçı ədəbiyyata kitablardan deyil, həyatın içərisindən gəlib. Yəni ən azı özü ilə birlikdə, yaşadığı həyatın da ağrılı həqiqətlərini çox böyük istedadla ədəbi səhnəyə gətirməyi bacarıb. Açığı, bir çox sələfləri kimi o da, səmimi desək, həyatın dibindən qopub gəlib. Ehtiyac içindən, yoxluğun hər üzündən bir kədərli səhifə qoparıb və onu hekayəyə, povestə, romana, ədəbi esseyə, bir ağrılı publisistik məqaləyə, bir dramaturji əsərə çevirmək üçün özündə yetərincə güc-qüdrət tapıb. Təbii ki bu da göydəndüşmə bir hal deyil. Yazıçının bəsirət gözünün, həssas müşahidə qabiliyyətinin yaddaş süzgəcinin varlığı ilə bağlıdır. Onun hələ uşaqlıqdan içərisində közərən, alovlanmaq üçün fürsət gözləyən istedad işığı ilə əlaqəlidir. Yoxsa bu qədər əsər yazmaq, minlərlə oxucunun sevgisini qazanmaq, üstəgəl, Azərbaycanda və getdikcə respublikamızın hüdudlarından kənarda tanınan, xüsusi keyifiyyətlərilə fərqlənən özəl bir ali məktəb yaratmaq və ona ləyaqət hissi, ağıl işığı ilə rəhbərlik etmək təsadüfi hal sayıla bilməz. Bu elə gərgin zəhmətin, halal əməyin, torpağa, yurda sevginin bəhrəsi və dünyaya son dərəcə vicdanlı bir baxışla yaşamağın nəticəsi sayıla bilər. Hələ onu da qeyd etmək istəyirəm ki, Ağarəhim Rəhimovun şəxsi yaradıcılığı bir yana qalsın, onun haqqında yazılan ədəbi-tənqidi kitablar da az qala bitkin bir bədii əsər kimi oxunur. Professor Əlizadə Əsgərlinin, professor Bədirxan Əhmədlinin Ağarəhim Rəhimov yaradıcılığına həsr olunmuş kitabları yazıçının əsərlərinə söykənən bədii-poetik lövhələrlə zəngindir. Hələ müəllifin əsərlərini oxumamış bir oxucu belə adını çəkdiyim sənətkar mövqeyindən, sənət ucalığından yazılmış kitabları oxusa, yazıçıya heyranlığını gizlədə bilməz. Ən azından ona görə ki, müəllifin əsərlərini ədəbi təhlilə çəkən ədəbiyyatşünas və tənqidçilər özləri də bu yaradıcılığa dair münasibətlərini sevgiylə qələmə almışlar. Çox maraqlıdır ki, həmin kitablarda toplanmış elm aləminin müxtəlif sahələrini təmsil edən ayrı-ayrı müəllif yazıları da Ağarəhim müəllimin şəxsiyyət və sənət düşüncəsini, onun daxili dünyasını sözün rəngarəng ruhu ilə hər kəsə doğmalaşdıra bilmişlər. Nəticədə, bütün hallarda yazıçı ilə oxucu arasında çox sağlam bir körpünün yaranmasına vəsilə olmuş qələm adamları da fəxrimiz, qürur yerimiz olan bir elm məbədinin rəhbəri haqqında qəlbimizdən silinməyəcək təəssüratlar ortaya qoya biliblər.


Yazıçının əsərlərini təhlil etmək fikrində deyiləm. Onlarla yazıçı, sənət adamı, sözün ruhuna doğma olan qələmdaşlar onun əsərlərini dönə-dönə təhlil edib rəy və fikirlərini yazıblar. Bu prizmadan yanaşanda, təkrara yol vermək istəmirəm. Onu bilirəm ki, yazıçı istər "Allahla ünsiyyət”, "Ölüm və ölməzlik”, "Zəka simfoniyası”, "Qüdrətdən doğan nur”, "Qoşa qanad”, "İkili dünyam”, "Ovlaq keçidi”, "Xəyanət”, "Haray”, "Əsgər anası”, "Qırmızı qar”, "Canavar balası”, "Gəlinqayada qoşa məzar” və başqa roman, povest, hekayə, esselərilə ədəbi həyatımızda özünəməxsus şəkildə, original üslubda və həyati epizodlarla zəngin izlər qoya bilib. İzlər deyirəm sənə- elə istər həyatın özündə, istərsə də həyatı əks etdirən hər hansı bədii əsərdə elə izlər var ki, zaman keçdikcə onlar dəyərdən düşə, silinə bilər. Elə izlər də var ki, onları silməyə nə həyatın, nə də hansısa bədii-elmi bir idrakın gücü çatmaz. Çünki hadisənin nüvəsində həyatdan bədiiyyata köçən karvan-karvan həqiqətlər dayanır. Ağarəhim müəllim bir yazıçı olaraq əvvəlcə həqiqəti görür, sonra gördüyü, bələd olduğu bu həqiqət ətrafında düşünür və onu oxunaqlı, cəmiyyət üçün olduqca faydalı bir sənət əsərinə çevirir.

Həqiqəti uzaq məsafədən tanımaq, yalanı yaxına buraxmamaq, insanın iç qiyafəsinin, ruh aləminin əsas nişanlarından sayılır.

Müəlliflərdən biri onun haqqında yazır ki, Ağarəhim müəllimi heç vaxt aldatmaq olmaz. Bu müşahidə elə mənim dediyim həqiqətə tapınmaq məsələsilə üst-üstə düşmürmü?!

"Hamı fikirləşə bilər ki, Ağarəhim müəllimlə danışmaq, onu inandırmaq asandır. Dəfələrlə onunla ünsiyyətdə olmuşam. Bir məsələni yəqinləşdirmişəm; onunla ünsiyyətdə olmaq asan olduğu qədər də çətindir. Onunla ünsiyyətdə olarkən insan istər-istəməz cümləsində hər sözün ahənginə fikir verməli olur. Çünki Ağarəhim müəllimi aldatmaq, kiminsə haqqında onda mənfi rəy yaratmaq çətindir. Bu, söhbət prosesində də özünü büruzə verir. Bəzən gözləmədiyin halda sözünü kəsən bu insan həqiqəti ortaya qoyur. Sənin yanıldığını faktlarla sübut edir. Çətin vəziyyətdə qalan müsahibi başa düşmək asandır. Bəzən isə bir müddət sonra həmin söhbət zamanı etdiyin yanlışlıqlar sənə çatır. Bu zaman ondan qaçıb-gizlənmək, özünə haqq qazandırmaq istəyirsən, amma mümkün deyil. Dediyim kimi, onu aldatmaq çətindir...”

Əslində, bu, böyük səntəkarlara xas olan bir xüsusiyyətdir. Yazıçı müşahidələri insandan dəqiqlik, həssaslıq, zəngin həyat və elmi təcrübə tələb edir. Nasir, dramaturq Ağarəhim müəllimin sənətə, ədəbiyyata gəlişini atasının Stalin rejiminin sərt qadağaları dövründə həbs edilməsilə, həmçinin 90-cı illərdə alovlanan Qarabağ hadisələrinin başlanması və bu hadisələrdə yazıçının bacısı oğlunun ermənilər tərəfindən öldürülməsilə əlaqələndirənlər də var. Əlbəttə, bu hadisələrin onun yazıçı taleyindəki təsirini də danmaq olmaz. Bunlar bir insanın sənətə, ədəbiyyata gəlişi üçün ilkin mənəvi-psixoloji baza ola bilər. Amma yazıçılıq fitrətəndir, mənə elə gəlir ki, bu tale insanla birgə doğulur və taleyini yazıya köçürə-köçürə yetişən yazıçı ədəbiyyatımızda yeni səhifələrə qapı açan əsərlər yaradıb.

İlk avtobioqrafik əsəri olan "Yaddaşda yaşar xatirələr”də müəllifin qüssə dolu həyatı, ömür yolu, onun keşməkeşli zamanları qəlbimizi riqqətə gətirir. Oxuduqca, sanki həyata vurğun, mübariz bir insanın qəhrəmanlıq dastanını oxuyurmuş kimi yaşantılar yaşayırıq. O cümlədən "Ovlaq keçidi” adlı romanı da yazıçının doğma insanları itirmək ağrısıdır. İnsan itgisi, illah da sənə doğma birini itirmək ən ağır dərddir və bu dərdin ağrısıyla yazılan əsər də təbii ki, yaddaşlardan izsiz ötüşə bilməz.

Tənqidçilərin və ədəbiyyatşünasların da dediyi kimi, Qarabağ mövzusu ən yeni Azərbaycan nəsrində ilk sanballı ifadəsini Ağarəhim Rəhimovun əsərlərində tapıb. Bu, inkaredilməz bir faktdır. İstər "Canavar balası”, istər "Gəlinqayada qoşa məzar”, istərsə də "Əsgər anası”, "Xəyanət” kimi əsərləri yazıçının torpaq yanğısının təcəssümüdür ki, bunu biz ədibin ekran həyatı verilmiş əsərlərindən də ürək ağrısıyla izləyə bilirik.

Pedaqoq, psixoloq, tərbiyəçi, mahir təhsil qurucusu- bunların hamısını özündə birləşdirən yazıçının əsərləri mövzusundan, məramından asılı olmayaraq mənəviyyat və əxlaq məsələləri üzərində qurulub. Yazıçıya görə, mənəviyyat aşınanda torpaq da aşınır. Ən böyük fəlakət də elə onda baş verir. Bu fəlakətin yaranma səbəblərilə heç cürə barışmayan Ağarəhim müəllimin millilik, dövlətçilik, vətənpərvərlik, vətəndaşlıq, torpağa sahiblik, düşmənə nifrət keyfiyyətlərini yüksək dəyərləndirən tələbkeş və əqidəsinə sahib bir cəmiyyət adamı adlandırılması da bihudə deyil. Necə deyərlər, göz görməsə, könül sevməz.

Ağarəhim Rəhimov yaratdığı müsbət obrazları necə sevirsə, necə qoruyursa, elə onun oxucuları da müəllifinə olan sevgi dolu münasibətini oxşar hisslərlə qələmə alırlar. Daha doğrusu, yazıçının içindən gələn, ona ilham verən vətəndaş səmimiyyəti onu oxucularının gözündə ucaldıb bir mənəviyyat abidəsinə çevirə bilir. Özünüdərk səviyyəsi olan oxucu anlayır ki, yazıçı üzərinə düşən məsuliyyəti sonadək yerinə yetirməyə hazırdır və cəmiyyətin, insanların taleyinin keşiyində dayanmağı özünün ən böyük mənəvi borcu hesab edir. Yazıçı cəmiyyətdə mövcud olan bütün naqislikləri əsərlərində müxtəlif hadisələrin fonunda məharətlə işıqlandırır və anladır ki, bütün mənəvi karroziyalar öncə davamlı siyasət tərəfindən mənəviyyatda, əxlaqda, mədəniyyətdə aparılır. Milli şüurumuzun, bəsirət gözümüzün dağıdılması, bağlanması nəticədə zehniyyətimizin, yaddaşımızın korşalması çox ciddi bir unutqanlığa yol açır. Biz kökümüzdən, əcdadımızdan, minillik adət-ənənələrimizdən, özümüzün türkə xas zahiri-mənəvi qiyafəmizdən, görkəmimizdən, ruhumuzda kök salmış mərdanəliyimizdən uzaq düşürük. Üzərində gəzdiyimiz torpaq isə bu yükü heç cürə götürmür və ayağımız altından qaçır. Acizliyimizdən, cılızlığımızdan istifadə edənlər onu hissə-hissə, parça-parça əlimizdən, doğma Azərbaycanımızın bağrından qoparıb aparırlar.

Ayrı-ayrı detallarına varmadan kompleks şəkildə qeyd etdim ki, yazıçının əsərlərinin mahiyyətində mənəviyyat dayanır. Amma bunu detallara ayırsaq, oxucu üçün də aydınlaşar ki, söhbət əslində nədən gedir. Və yazıçını sinirləndirən, ona bu qədər çeşidli əsər yazdıran nədir. Adbaad sadalasaq, şər, böhtan, yalan, rüşvət, etibarsızlıq, inamsızlıq, mənəvi eybəcərlik, cılızlıq, ədalətsizlik, haqsızlıq və bunlarla mübarizə aparan sayca çox az bir qüvvə və bu qüvvənin təzyiqlərə sinə gərməsi, mübarizəsi...

Yazıçının fərdi bir keyfiyyətini də yadıma salıram. Mənə elə gəlir ki, yaradıcılğına bələd olduğum bir çox müəllifdən, lap elə məşhur yazıçılardan fərqli olaraq Ağarəhim Rəhimov yaratdığı obraz və personajları tərbiyə etmək məqsədi güdmür. Sadəcə obrazı olduğu kimi təqdim edir. Ancaq o qədər həyati, o qədər dolğun, öz mahiyyətində, öz rəngində təqdim edir ki, oxucu özü sağlam qənaəti hasil etmək imkanı qazanır.

Yəni kim kimdir- sualına cavabdan əlavə, hətta mən kiməm- sualına da oxucu cavab tapır. Onun bir çox müsbət qəhrəmanları, elə qadın obrazları var ki heyran olmaya bilmirsən. Yazıçının özünün də heyranlıqla yaratdığı qadın obrazları ilə tanış olarkən, onların daxili monoloqlarını dinləyərkən yadıma məşhur bir film düşür. O film ki, əsərin baş qəhrəmanı da bir qadın- rühani və cismani gözəlliyi ilə şəfəq saçan bri şahzadədir. Di gəl ki, bu şahzadənin taleyi, bəxti üzünə gülmür. Qonşu əyalətlərin knyazları bu şahzadəni ələ keçirmək üçün bir-birlərilə qanlı savaşlar aparırlar. Hər iki tərəfdən ölüm-itim sayı həddini aşanda, qızın atası sanki yeganə çıxış yolunu tapmış kimi rahat nəfəs alır; qızı öldürmək lazımdır!

Lakin bu işi kimə tapşırırsa, heç kəsin gözəl Krişnanı öldürməyə əli qalxmır. Belə olan halda şahzadə özü intihar edir və xalqını yadelli qəsbkarların qanlı caynağından qoparır.

Ağarəhim müəllimin müsbət qadın obrazları da bu gücdə, bu qüdrətdədir. Qarabağ müharibəsi zamanı düşmən əlinə keçməmək üçün özünü sıldırım qayalardan, uçurumlardan ataraq qeyrət və şərəf mücəssəməsi olan qadınlarımızın, qızlarımızın, analarımızın obrazını yazıçı əsərlərində əbədiləşdirərək onları nəsillərin mənəvi yaddaşına təhvil verib.

...Yazdığım bu məqalədə sözsüz ki yazıçının bütün əsərləri barədə ayrı-ayrılıqda qısaca fikir söyləmək istəsəm belə, buna imkanım yoxdur. Ancaq onu deyə bilərəm ki, "Səfalət”, "Girdab”, "Cinayət və etiraf”, "Haray”, "Xəyanət”, "İkili dünyam”, "Qoşa qanad” kimi əsrələrində cəmiyyətin iç üzünü açıb göstərən nasir daha böyük sevgiyə layiqdir. Qeyrət, ləyaqət, şərəf kimi ən ali hisslər obrazların daxili aləmində parlaq bir inci kimi bərq vurmada. Oxucu həmin parlaqlığın izi, sorağı ilə işığa gedən yolu tapır. Cəmiyyətin işığa axınını daha çox ədəbiyyat, ürəklərə yol tapan sənət təmin edir. Ümumiləşmiş halda desək, bir tərəfdə zülmət, bir tərəfdə işıq dayanıb. Yazıçı bu iki qütbü qarşılaşdırır və bu qütblər arasında gedən ədalət, vicdan çarpışmalarını ən xırda detallarına qədər sənət güzgüsündə xalqına, millətinə göstərə bilir.

Bu fikrimi tamamlamaq üçün Ağarəhim müəllimin çevik qələmə sahib, isti-isti yazmağı bacaran bir müəllif olduğunu da vurğulamalıyam. Bəlkə də elə buna görə onun əsərləri bu qədər səmimi qarşılanır. Çünki ilkin həyəcan, ilkin təəssürat həmişə öz təbii boyasında olur. Bir var hadisəni müşahidə edib zaman baxımından ondan çox da uzaqlaşmamış qələmə alasan, bir də var, illər ötə, sonra yazasan. Hər iki halda qüdrətli yazıçı ortaya sevilən bir sənət əsəri qoya bilər. Amma mən birinciyə üstünlük verirəm. Ağarəhim müəllimin də Qarabağ hadisələrini əks etdirən əsərləri bəlkə də ona görə öz səmimliyini, həyatiliyini qoruyub saxlaya bilir. Çoxları iddia edir ki, müharibə mövzusunda əsərlərin yazılması üçün qərinələr ötməlidir. Amma Ağarəhim Rəhimov sübut etdi ki, elə müharibə gedə-gedə də bu mövzuya dair bədii baxımdan sanballı, ədəbi siqləti olan əsərlər ortaya qoymaq mümkündür. Görkəmli yazıçı, pedaqoq Ağarəhim Rəhimov yaradıcılığı dediklərimə yazılı sübutdur.

... Özəl bir xüsusiyyətimin də bu yazıda karıma gəlməsi məni sevindirir. Sevdiyim yazıçıların əsərlərindən daha çox onların müsahibələrini həvəslə oxumağım var. Çünki yazıçıya ünvanlanmış suallar yazıçının daxili dünyasını kəşf etməkdə müqayisəsiz bir yardımçı rolunu oynayır. Ən çox qorxduğunuz şey nədir?- sualının cavabı müəllifin əsərlərinin ideya-amalının bütöv məcmusunu başa düşməyə, qavramağa bir vəsilədir. Yazıçı suala belə cavab verir: "Müxtəlif şəraitdə, müxtəlif situasiyalarda müxtəlif cavablar vermək olar. Adi şəraitdə tərəddüt etmədən mən bu suala- "anaların göz yaşı”, "xəyanət”, "vicdanın susması”... kimi cavablar da verə bilərəm. Bəzən elə ekstramal şərait yaranır ki bu cavabların hər biri öz əhəmiyyətini azaldır- desəm, yəqin ki məni qınamazsınız. Ən qorxulu şey insandır da- deyə bilərəm. Əslində, yuxarıda sadaladıqlarım da insanla, onun fəaliyyətilə bağlıdır. Mən "Qüdrətdən doğan nur” kitabımda demişəm: "Ağıl cəhalətə, zəka qəbahətə xidmət edə bilməz. Bəs ağıldan kənar işlər necə? Məncə, belə halda insanlar heyvanların ayaqları altında dayanırlar. Əfqanıstanda, İraqda insanlar (qocalar, qadınlar, uşaqlar, hətta ana bətnində olan məxluqlar) qırılırlar. Onları kütləvi şəkildə məhv edirlər. Bunlara nə ad vermək olar?- özünüz deyin. Bir qarışqanı, çibini yarada bilməyən insan dünyanı qan nəhrində boğur. Əlbəttə, dediklərim mənim subyektiv fikirlərimdir. Hörmətli oxucular mənimlə razılaşmaya da bilərlər. Onlarla mübahisəyə girməyə də təşəbbüs göstərmirəm. Bir anlığa heyvanla insanın xislətindəki fərqlərə nəzər salın. Öz cinsindən olanla döyüş zamanı maral geri çəkilir, canavar quyruğunu bulayır, meymun üzünü geriyə çevirir və vuruşun dayandırılması xəbərdarlığını verir. Rəqibi dərhal vuruşu saxlayır. Bununla da döyüş səhnəsi sona yetir. Bəs insan neyləyir? İnsan daha da əzazilləşir. Onda rəqibinə nifrət hissi alovlanır. Onu daim təqib edir, alçaldır, hətta bəzən öldürmək üçün fürsət axtarır. İndi özünüz nəticə çıxarın. Ən qorxduğum şey nə ola bilər?”

...Maraqlı tərəfi burasıdır ki, Ağarəhim müəllimin qorxduğu da insandır, sevdiyi də. Və bu hal paradoks hesab olunsa da, o, bu suala da yazıçı idrakı, pedaqoq məharətilə cavab verir: "İnsanın fəziləti gözəldir, cinayəti dəhşət”.

Müstəqillik dövrünün hadisələrini özündə əks etdirən povest və hekayələrin müəllifi Ağarəhim Rəhimov bir çox səciyyəvi sənətkarlıq xüsusiyyətlərilə yanaşı- şəxsiyyət və sənət vəhdəti yaradan çox az sayda olan yazıçılarımızdan, alimlərimzidən biri kimi də nəsillərin yaddaşına köçəcək. Əsərlərinin hamısını oxumasam da, bir çoxunu oxuduğuma görə özümü şanslı hesab edirəm. Çünki həyat həm də kitablardadır. İnsana dünyagörüşünü zənginləşdirmək üçün dünyanı gəzmək vacib olduğu kimi çox oxumaq da vacib bir təlabatdır. Hər insan bir kəşfdi, hər kitab bir dünyadı. Mənalı, məzmunlu, özünün bədii-estetik idealı olan insanı kəşf edə bilməsən, onun yaradıcılığı ilə tanış olmasan, heç şübhəsiz ki, özün də natamam görünərsən. Necə ki Ağarəhim Rəhimov yaratdığı obrazları natamam yaratmayıb. Yazıçının özünün də ifadə etdiyi kimi, əsərlərinin nüvəsində ən çox qorxduğu və ən çox sevdiyi insan dayanır- yaranmışların əşrəfi olan insan. Sözün qüdrətinə arxalanan ədibin məqsədi, əsərlərindəki başlıca qayə insanın ruhani görkəmini formalaşdırmaq, onu kamilləşdirməkdir. Yazıçı cəmiyyəti sağlam, insanları əqidəli, məsləkli, dürüst görmək istəyir.

Mənə elə gəlir ki, insan üçün sənət zirvəsinə yüksəlmək özü də bir meracdır. Yazıçı o yüksəklikdən cəmiyyətə baxmasa, qələmə and içə bilməz, and içdiyi qələmlə yazı yaza bilməz. Yalnız o zirvədən baxanda təkcə cəmiyyətin yox, hətta toplumu yaradan ayrı-ayrı fərdlərin də iç dünyasını bəsirət gözü olan sənətkar görə bilir və görür. Görməsə, deməz. Deməz ki, insan öz düşmənini bütün hallarda öz içərisində axtarmalıdır.

Bir də ki, insanın könül dünyası bir şumdu, bir əkin yeridir. Ora sağlam toxum səpsən, sağlam da bar götürərsən. Ağarəhim Rəhimov bütün əsərlərində sözün ruhuna sevgi toxumu səpir. İnsanalrın nicatı, səadəti naminə daim şövqlə, gənclik ehtirası ilə qələm çalır. O xoşbəxtdir ki, təkcə bir yazıçı kimi yox, həm də bir müəllim, artıq Respublikada yetərincə nüfuzlu bir təhsil ocağının rəhbəri, bir şəxsiyyət, ictimai fikrin hesablaşdığı bir cəmiyyət adamı kimi də sevilməkdədir. Onun rəhbəri olduğu Bakı Qızlar Universiteti isə elə həqiqətən də təbiətində şahzadəlik olan bir Azərbaycan qızına xas saflıqda, duruluqdadır. Burdakı şəffaf təhsil gələcəyin alimi, yazıçısı, jurnalisti, müəllimi, anası olan qızlarımıza bəri başdan etibarlı bir zəmanətdir. Xalqın bir yaxşı sözü də yadıma düşür. Sərkərdə qoçaq olsa, heç verməz ordu bada.

Ağarəhim müəllimin rəhbərlik etdiyi universitetdə çalışan müəllimlər onun tələblərinə cavab verən tanınmış simalardır və mən əminəm ki, Ağarəhim müəllim onların əqidəsinə, məsləkinə bələd olmasa, onlarla birlikdə olmaz.

Hər halda, elin gözü tərəzidir. Qızlar Universiteti də Azərbaycan təhsilində müəllifinin dəmir iradəsi hesabına yaradılmış öz işığı, ziyası ilə seçilən bir elm məbədidir.

Ağarəhim Rəhimov yaradıcısı olduğu bu təhsil ocağının simasında olduğu kimi, digər əsərlərində də öz iradəsinin heykəlini qoyub...

...Sənətkarın iradəsi- onun ilhamıdır.

Əlibala Zaloğlu,

Bakı Qızlar Universitetinin müəllimi, AYB-nin üzvü