adalet.az header logo
  • Bakı 12°C
25 Iyun 2019 17:55
18311
ƏDƏBİYYAT
A- A+

ÇAĞLAYIR İLHAMIN, AY HƏMZƏ QAĞA

Respublikanın Əməkdar jurnalisti, "Qızıl qələm” mükafatı laureatı Həmzə Vəliməmmədovun yenicə işıq üzü görən "Dağdan ağır kişilər” kitabında adlı-sanlı el ağsaqqalları, alimlər, ziyalılar haqqında oçerklər, esselər, yeni nəşr olunmuş əsərlər barədə resenziyalar toplanıb. Dünyasını dəyişmiş kişilər barədə yazılarda arxiv materiallarından, müasirlərinin xatirələrindən istifadə edilib. Kitabdakı yazılar son illər dövri mətbuatda çap olunmuş, respublika radiosunda səslənmişdir.

Əli qələmli ağsaqqal

Seyran Cavadovun kitaba yazdığı "Əli qələmli ağsaqqal” sərlövhəli ön söz Həmzə Vəliməmmədovun ömür yoluna işıq salır.

Həmzə Vəliməmmədov 1938-ci ildə anadan olub. O hələ iki yaşında ikən atası repressiya qurbanı olduğundan anası hər cür əziyyətə qatlaşaraq onu böyüdüb, oxudub. Lənkəran Pedaqoji Texnikumunda təhsil alan H.Vəliməmmədov ilk əmək fəaliyyətinə dağ kəndində başlayıb, məktəb direktoru vəzifəsində çalışıb. Pedaqoji fəaliyyətlə yanaşı, "Azərbaycan müəllimi” və "Azərbaycan gəncləri” qəzetlərində məqalələri çap olunub.

1966-cı ildə Lerikdə nəşrə başlayan "Bolluq uğrunda” qəzetinə şöbə müdiri vəzifəsinə təyin olunan Həmzə müəllim o dövrdə həm də Azərinformun (AzərTac) ştatdankənar müxbiri kimi fəaliyyət göstərib. Sonradan Lerik Rayon Partiya Komitəsinin təqdimatı ilə Bakı Ali Partiya Məktəbində jurnalistika şöbəsini bitirən Həmzə Vəliməmmədov bir müddət rayonun partiya və sovet orqanlarında məsul vəzifələrdə çalışıb, 1974-cü ildə isə rayon qəzetinin redaktoru vəzifəsinə irəli çəkilib. Onun rəhbərliyi dövründə rayon qəzeti daha oxunaqlı və məzmunlu olub, tirajı ilbəil artıb, 1976-cı ildə isə Respublika Mətbuat Komitəsinin müsabiqəsində birinci yeri tutaraq mükafata layiq görülüb. 1985-ci ildə müxbirlərlə kütləvi işin təşkilinə görə qəzetə SSRİ Jurnalistlər İttifaqının diplomu verilib. 1987-ci ildə isə qəzet Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif olunub, Vəliməmmədovun özü isə "Qızıl qələm” media mükafatına layiq görülüb. 1990-cı ildə kütləvi informasiya vasitələrində çoxillik səmərəli fəaliyyətinə görə ona "Əməkdar jurnalist” fəxri adı verilib.

H.Vəliməmmədov 10 il Lerik Rayon Mədəniyyət və Turizm Şöbəsinə də rəhbərlik edib, Rayon Ağsaqqallar Şurasının sədri kimi ictimaiyyət arasında böyük nüfuz və qazanıb.

Qırx ilin dostu

Həmzə müəllimlə dostluğumun tarixi 40 ildən çoxdur. 1978-ci ilin isti avqust günləri idi. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini yenicə bitirmişdim. Təyinatım Lerik rayonuna verilmişdi. O vaxt əmim – respublikanın Əməkdar jurnalisti, "Sovet kəndi” qəzetinin şöbə müdiri Məmməd Məmmədovun məsləhəti ilə "Bolluq uğrunda” qəzetinin redaktoru Həmzə Vəliməmmədovun yanına getdim, görüşüb tanış oldum. O, mənə Vistən kənd orta məktəbində işləməyimi məsləhət gördü, bu barədə təhsil şöbəsinin müdirindən xahiş elədi. Ertəsi gün xeyir-dua verib iş yerimə yola saldı. Beləliklə, aramızsa isti münasibət yarandı. Bir il sonra universitetdə tanış olduğum Şahpəri xanım da ali təhsilini başa vurdu. Evləndik. Ailə vəziyyətimiz nəzərə alınaraq Şahpəri xanımın də Vistən məktəbində işləməsi üçün şərait yaradıldı.

Lerikdə işlədiyim illərdə Həmzə müəllim pedaqoji fəaliyyətimi və bədii yaradıcılığımı daim diqqət mərkəzində saxlayır, qəzet üçün yazılar yazmağı tapşırırdı. Yaxşı yadımdadır, C.Cabbarlının 80 illik yubileyi ilə bağlı yazı yazmağı da mənə tapşırmışdı. Şeirlərimə və publisistik yazılarıma da qəzetin səhifələrində tez-tez yer verirdi.

Həmzə müəllim özü də bu dostluğun tarixi barədə yazıb.

Yada düşür xatirələr...

H.Vəliməmmədov bu kitabında haqqında söhbət açdığı kişiləri yaxşı tanıyıb, onlarla duz-çörək kəsib, dəfələrlə həmsöhbət olub. El-obada adları ehtiramla çəkilən bu şəxsiyyətlərin dünyadan köçənləri yad edilir, fəaliyyətdə olanlara ağsaqqal kimi hörmət bəslənilir. Bunların arasında dünya şöhrətli alimlər də var, Stalinqraddan Berlinədək savaş meydanlarında şücaət göstərən veteranlar da. Əmək cəbhəsində qəhrəmanlıq göstərmiş insanlar da var, dövlət qulluğunda, hökumət strukturlarında çalışıb fərqlənənlər də. İnsan bağbanı olan müəllimlər də var, şəfaverici loğman həkimlər də.

Kitabda barələrində yazılan dağdan ağır kişilər sırasında 1980-1988-ci illərdə Lerik Rayon Partiya Komitəsinin I katibi işləmiş, iki çağırış Azərbaycan Ali Sovetinə deputat, daha sonra müstəqil Azərbaycanın Milli Məclisinə üzv seçilmiş Sultan Məmmədovun barəsində yazıya rast gəlməyim məni sevindirdi, xatirələrimi təzələdi. Yaxşı yadımdadır, mənim partiya sıralarına keçməyim məsələsi gündəmdə idi. Sultan müəllim mənim Borçalıdan olduğumu biləndə bir həmyerlimi soruşdu: "Mədət Quliyevi tanıyırsanmı, kim olub?” Dedim: "Bəli, yaxşı tanıyıram. Əvvəl Dmanisi Rayon Maarif Şöbəsinin müdiri, sonra Rayon İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışıb”. Dedi: "Görsən, məndən ona salam deyərsən. Səni də partiyaya keçməyin münasibətilə təbrik edirəm!” Bir sözlə, Sultan müəllim mənim məsələmi müzakirəyə çıxarmadı. Mən isə hazırlaşmışdım ki, çoxsaylı siyasi suallar verəcəklər.

Sonradan Sultan müəllimlə bir də onun dostu və deputat həmkarı, mənim isə yaxın qohumum olan professor Şamil Qurbanovun məclislərindən birində rastlaşdım. Tanışlıq verdim, hər şeyi xatırladı.

Bir əsrin dizini qatlayanlar

Lerikdə "Uzunömürlülər Muzeyi”nin yaradılmasının təşəbbüskarı olan H.Vəliməmmədovun "Dağdan ağır kişilər” kitabının qəhrəmanlarının heç də hamısı uzunömürlü olmasalar da, hər biri öz əməlləri ilə bir neçə insan ömrünə yetəcək qədər savaba imza atmış insanlardır. Bununla belə, Lerikin uzunömürlülər diyarı olması faktoru kitabda "qırmızı xətt” kimi keçir və bu fenomen təbiətin, iqlimin gözəlliyi, insanların sürdükləri aktiv həyat tərzi, zəhmətsevərlikləri ilə əlaqələndirilir. Kitabda xatırlanır ki, Lerikin uzunömürlülər yurdu olması dünya alimlərinin də diqqətini çəkmiş, onların tədqiqat obyektləri olmuşdur. Məsələn, müəllifin "SSRİ-nin səhiyyə əlaçısı” Mirzəcan Səfərov haqqında qələmə aldığı "Bir elin təbib oğlu” adlı oçerkdən öyrənirik ki, 1974-cü ildə Kiyev Gereontologiya İnstitutunun əməkdaşı uzunömürlülərlə tanış olmaqdan ötrü Lerikə gəlib. Həmin il rejissor Eduard Davidoviç Azovun "Uzunömürlülər diyarı” filmində bir neçə kadr Çayrudda lentə alınıb.

Doğma təbiətin vurğunu

Həmzə Vəliməmmədov özünün usta qələmi ilə Lerikin təbiətini, obalarını, insanların məşğuliyyətini elə dolğun şəkildə təsvir edir ki, bu da onun özünün də təbiət vurğunu olmasından və vətənpərvərliyindən xəbər verir. Lerikin sayılıb-seçilən ziyalılarından olmuş Ələsgər Şıxəliyev haqqında oçerkində qəhrəmanının doğulduğu Kələxan kəndinin saf havasını, bumbuz bulaqlarını, yaşıl çəmənlərini, can dərmanı olan mer-meyvələrinin təsviri adamın gözlərinin qarşısında bir rəssamın yaratdığı tablonu canlandırır. İkinci Dünya müharibəsinin veteranlarından olan Sultan Mirzəyev haqqındakı yazısında isə həm də Cəngəmiran kəndinin qədimliyindən, mineral bulaqların, nadir ağaclı meşələrin, bərəkətli torpağın hətta əcnəbi səyyahların da diqqətini çəkməsindən, fransız yazıçısı Aleksandr Dümanın bu kəndin əsrarəngiz təbiətini, cəsur övladlarını "Qafqaz səfəri” əsərində təsvir etdiyindən söz açır.

Canlı ensiklopediya

Ömrün 80-ci zirvəsini fəth etmiş Həmzə Vəliməmmədov geniş dünyagörüşünə, ensiklopedik biliyə, zəngin həyat təcrübəsinə, iti hafizəyə malikdir. Yazıb-yaratmaq həvəsini bu gün də qoruyub saxlayır, qələmi əlindən yerə qoymur. "Dağdan ağır kişilər” kitabı da daha əvvəl qələmə almış olduğu "İllərdən qalan izlər”, "Şərəflə yaşanmış ömür”, "Elin unudulmaz oğlu”, "Əsgər şöhrəti”, "Ziyalı ömrü”, "Onun işıqlı taleyi” və "Dəmirçi oğlu” kitabları kimi, təkcə qəhrəmanlarının keçdikləri həyat yolunu deyil, onların yaşadıqları dövrün mühüm tarixi hadisələrini də əks etdirir. Həmin hadisələri izləməklə biz dəyişən ictimai-siyasi quruluşların insanların aqibətinə necə təsir etdiyi barədə nəticə çıxarır, həm də ölkəmizin tarixini öyrənirik. Məsələn, ötən əsrin ortalarında Stalinin əmri ilə Lerikin sərhədyanı kəndlərinin Muğana köçürülməsi, yurd yerlərinin, məzarların kimsəsiz qalması haqda bilgi əldə edir, Muğanın ab-havasına uyğunlaşmayıb dünyadan tez köçən dağ adamlarının taleyinə üzülürük. Yaxud da, "xalqlar həbsxanası” deyilən sovet rejiminin güclü olduğu dönəmdə rəhbərlik etdiyi "Çapayev” kolxozunun adını dəyişdirib Babəkin adını əbədiləşdirməyi bacaran rəhmətlik Yəhya Ağayevin cəsarətinə valeh oluruq. Bu kitablardan öyrənirik ki, Lerikdə ilk minik avtomobilini kim alıb, ali təhsilə ilk dəfə kim yiyələnib.

Ocağında dövlət daşa,var daşa...

Həmzə Vəliməmmədov özü bacısız-qardaşsız böyüsə də, indi böyük bir ailənin qayğıkeş başçısıdır. 10 övladın atası, 18 nəvənin babasıdır. Övladları arasında dövlət qulluqçusu, yüksək rütbəli zabit, müəllim, musiqiçi və sadə peşə sahibi olan da var. Xoşbəxt adamdır həm də ona görə ki, özü kimi sədaqətli dostları var. Və mən qürur duyuram ki, onun dostları sırasında mən də varam. Bu yaxınlarda həyat yoldaşım Şahpəri xanımla Lerikə getmişdik. 35 il əvvəl ayrıldığımız rayonda Həmzə Vəliməmmədovun ailəsinin qonağı olduq, duz-çörək kəsdik. Xatirələr çözələndi. Danışdıq, dedik-güldük, nostalji hisslərin təsiri ilə kövrəldik. İndi qonağı olduğumuz elin adamlarından, rayonun ictimaiyyətindən, işlədiyimiz kəndin sakinlərindən ancaq və ancaq hörmət-izzət görmüşdük. Hörmət-izzətlə də yola salınmışdıq. Mən və Şahpəri xanım ötən 40 il ərzində onlarla mütəmadi əlaqə saxlayır, biz işlədiyimiz vaxt Vistən kənd məktəbinə direktorluq etmiş, indi təqaüddə olan Hilal Qubadovla, vaxtilə çiyin-çiyinə çalışdığımız müəllim həmkarlarımızla, tanıdığımız digər ziyalılarla və əlbəttə ki, xeyirxahımız, sevimli Həmzə müəllimlə, hal-əhval tutur, bayramlaşırıq. Bakıya yolları düşəndə hərarətlə qarşılayır, qapımızı açanda sonsuz fərəh hissi keçiririk. Həqiqətən də, şairin dediyi kimi:

Ocağında dövlət daşa, var daşa,

Dostun yoxsa, kasıblardan kasıbsan.

Həmzə müəllim həm köhnə kişilərdəndi, həm də köhnə dostdu, dəyəri-qiyməti heç bir var-dövlətlə müqayisəyə gəlməyəcək dərəcədə artıq olan böyük dostdur. Ona tərənnüm etdiyi uzunömürlülər sırasına qatılmasını, bir əsrin dizini qatlamağı arzu edirəm.

Səməndər MƏMMƏDOV

Azərbaycan Yazıçılar Birliyinin üzvü