BiZ TüRKiYƏNi ONUN BÖYüKLƏRiNDƏN AZ SEVMiRiK

AQİL ABBAS
28138 | 2010-01-22 00:25
Yazıçı Seymur Baycanın "Reytinq" qəzetinin ötən nömrəsində "Türk səfirinə açıq məktub" adlı çox ciddi və aktual bir məqaləsi çap edilib. Məqalə haqqında danışmıram, çünki onun nə qədər aktual olduğunu nəzərə alıb bugünki nömrəmizdə "Ədalət"in oxucularına çatdırırıq.
   
   Niyə ön sözə ehtiyac oldu? Bəndəniz də dəfələrlə mətbuatda bu məsələni qaldırıb. Mətbuat cəhənnəm, ikinci dövlətimizin ölkəmizdə son üç Böyük elçisi ilə də bu barədə dəfələrlə söhbət eləmişəm. O Böyük elçilərdən biri, adı yadımdan çıxdı, adı elə də böyük əhəmiyyət daşımır, soyadı Moralıydı, belə şeylər heç onun qulağına da getmirdi. Çünki o missiyasının nə olduğunu heç bilmirdi. Başı qarışmışdı yeyib-içməyə, istirahətə. Maşallah, Bakıda da restoranlar bol, barlar bol. Bir gecə də saat 3-də bardan sərxoş çıxanda soymuşdular, hətta silahını da əlindən almışdılar. Azərbaycan polisi 2-3 saat ərzində soyuğunçunu tapdı, sənədlərini və silahı qaytardı Böyük elçiyə. Amma gərək Azərbaycan polisi həm də ona deyəydi ki, ayıb olsun, amma demədi.
   
   Ondan sonra gələn Böyük elçi Qarslıoğlu həqiqətən bir ziyalı idi, diplomat idi, amma onda da böyük türk ürəyi yox idi.
   
   Bizi, bir neçə yazarı çay süfrəsinə dəvət eləmişdi. Orda da bu məsələni çox ciddi şəkildə qaldırdım. Sayın Böyük elçiyə dedim ki, əvvəla, Türkiyənin dünyadakı türk dövlətləri ilə siyasəti düz qurulmayıb, ideoloji iş çox zəifdi və sair və ilaxır. Bu barədə çox danışmıram.
   
   Əsas onun üstə dayandım ki, niyə Azərbaycanda (Azərbaycan təkcə Bakı deyil), deyək ki, bütün Azərbaycan da olmasa, Bakıda bir mədəniyyət mərkəziniz yoxdu? Dedi, niyə, Atatürk Mərkəzi? Mən də bildirdim ki, onun sizə dəxli yoxdu. Atatürk Mərkəzini Ulu Öndər Heydər Əliyev açıb. Və dedim ki, necə olur, İranın Bakıda və eləcə də Azərbaycanın digər rayonlarında mədəniyyət mərkəzləri var? Və bu mədəniyyət mərkəzlərində Allah bilir türkçülüyün əleyhinə nə təbliğatlar aparılır.
   
   Və niyə Türkiyə kimi bir dövlətin, bütün Azərbaycanı qoydum kənarda, heç olmasa Bakıda bir kitab mağazası yoxdu? Amma İranın Bakıda saysız-hesabsız kitab mağazaları var, orada kitablar da su qiymətinə satılır və bu kitabların 90 faizi də bizim beynimizi zəhərləmək üçündü. Yəni doğrudanmı Bakıda onlarla restoran, lokanta, dönərxana, mağaza, nə bilim nələr aça bilən Türkiyə Allahın bir kitab mağazasını açmağa can çəkir? Və siz kənara çəkildikcə həmin boşluqları İran və Rusiya doldurur, doldurmur ey, tutur.
   
   Sayın Qarslıoğlu heç bilirsiniz mənə nə dedi? Dedi ki:
   
   - Biz ideoloji yapmırıq!
   
   Kardeşim, bəs nə yapırsız, pinəçilik? Heç çayını da içmədim, durdum.
   
   Sayın Hulusi Kılıç çox aydın adamdı, həm də diplomatiyanı iyi bilən bir şəxsdi. O da Azərbaycanı elə Türkiyə qədər sevir. Hulusi bəyi bir vaxtlar Bakıda Böyük elçilik yapmış Qədri Ecvet Tezcanla müqayisə etmək olar. Hulusi bəy də onun kimi istiqanlı, mehriban, Azərbaycana qaynayıb-qarışan bir insandı. Sözümüz-söhbətimiz tutduğu üçün sayın Hulusi Kılıcla da bu barədə bir-iki dəfə qonuşmuşuq. Hətta yalvarmışam ki, Bakıda bir kitab mağazası açın, bir qəzet köşkü açın. Bu bizim mədəni əlaqələrimizin möhkəmlənməsində böyük bir rol oynaya bilər. Dedim, çıxın şəhəri gəzin, görün şəhərdə nə qədər Rusiyanın və İranın mağazaları var, hətta küçələrə də töküb satırlar, özü də su qiymətinə.
   
   Söhbətimizdən də xeyli keçib. Hələ ortada bir şey yoxdu.
   
   Bazar günü Seymurun yazısı "Reytinq"də çıxandan sonra "Yeni Müsavat" qəzetində bir açıqlama oxudum ki, artıq belə bir kitab mağazası açmaq barədə fikirləşirlər. Guya özü də çoxdan fikirləşiblər. Əslində çoxdan fikirləşməyiblər, Seymur Baycanın yazısının necə böyük əks-səda doğurduğunu görüblər və dərhal mediaya açıqlama veriblər ki, yapacağıq. Belə yapanda kündə kütə gedər.
   
   Mən heç də başqa ölkələrin Azərbaycanda kitab mağazaları açmağının əleyhinə deyiləm. Bu bir mədəniyyətdir, bu xalqlar arasında mədəni əlaqədir və sair və ilaxır. Yəqin ki, heç bizimkilərin də nə Ankarada, nə də İstanbulda kitab mağazaları var.
   
   Biz müəyyən yazılar yazanda kimsə bunu başqa səmtə yozur ki, guya biz Türkiyəyə qarşı nəsə bir təbliğat aparırıq. Mən dəfələrlə yazmışam və yenə yazıram. Mən Türkiyəni sayın Abulla Güldən də, sayın Ərdoğandan da, sayın Baxçalıdan da, sayın Baykaldan da az istəmirəm. Azərbaycan mənim üçün nədirsə, Türkiyə də odur. Ağdam mənə nə qədər doğmadırsa, Ankara da bir o qədər doğmadır.
   
   Biz Türkiyəni daha böyük görmək istəyirik. Biz nə edək ki, Türkiyənin öz böyükləri Türkiyəni böyük yapmaq istəmir.

TƏQVİM / ARXİV