adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
25 Iyun 2019 17:26
9952
MƏMLƏKƏT
A- A+

Məcburi köçkünlər istirahəti harda keçirəcək - SORĞU

İstilər elə həddə çatıb ki, hal-hazırda Azərbaycanın hər yerində cəhənnəm istisi var. Hamı yaxasını açıb rahat nəfəs almağa çalışır. Hər yer, hər şey od tutub yanır. Bazarlardakı qiymətlər də...

Hər kəs yay tətilini necə keçirəcəyi ilə bağlı planlar qurur.

Deputatlar, məmurlar açıqlamalarında bildirirlər ki, tətillərini elə Azərbaycanda keçirəcəklər. Siz onların səmimiyyətinə inanmırsınız!? Mən inanıram! Cibində pulun olandan sonra Fransanı da Azərbaycan kimi görürsən, Antalyanı da. Pulun hər yeri Vətənə çevirmək kimi gücü var.

Bu açıqlamalardan sonra istədim məcburi köçkünlərin yay tətilini necə keçirəcəyi ilə maraqlanım. Axtardım, tapdım, soruşdum.

İndi isə sizə məcburi köçkünlərimizin yay tətili planlarını təqdim edirəm. Onların səmimiyyətinə inanıb-inanmamaq isə qalır sizin öhdənizə.


27 yaşlı Orxan Məmmədov planlarının çox olduğunu dedi:"Bu yay ya Ukrayna, ya da Rusiyaya getmək fikrim var. Dostum keçən il getmişdi. Deyir oradakı qızlar ölür azərbaycanlı kişilər üçün, özləri adama yaxınlaşır. Ağız dolusu danışıb bitirə bilmir. Ona görə mən də bu yay bu iki ölkədən birinə getmək istəyirəm. Həm də orada biznesə başlamaq planım var. Bakıda özümə uyğun iş tapa bilmirəm. Düz-əməlli pul qazanmaq olmur. Öz bağımda, bostanımda yetiştirdiyim meyvə-tərəvəzi Bakıda satmağıma imkan vermirlər. Aparıb Rusiyada satacam elə. Təzə evlənmişəm. Həm işləyib anama, arvadıma pul göndərərəm, həm də kef edərəm”.


21 yaşlı Elnur Orucov böyük ehtimal Gürcüstana gedəcəyini deyib:"Əslində yay istirahətimi tələbə yoldaşlarımla Qəbələdə keçirmək fikrimiz var idi, amma gördük ki, oradakı qiymətlər bizim "aşıb-daşan” büdcəmizə uyğun deyil. Ona görə böyük ehtimal Gürcüstana getmək fikrimiz var. Batumidəki otellərlə maraqlanmışıq, qiymətləri münasibdir. Həm də oranın dənizi Xəzərdən təmizdir. Gecə klublarında erməni görəndə dalaşmaq kimi fikirlərimiz də var. Ürəyimizdən tikan çıxardarıq bəlkə”.


23 yaşlı tələbə Aysel Bağırova isə gileylənib:"23 yaşım olub, hələ evdən bir dəfə də olsun ölkə xaricinə çıxmağıma icazə verməyiblər. Bu yay da yəqin Bakıda keçirəcəyik. Ən yaxşı halda 2-3 günlük Qubaya gedərik ailəvi. Gözləyirəm evlənim, bəlkə gələcək həyat yoldaşım məni harasa aparar”.


Aynur Həbibova:"Mən bu yay yaxşı "zaqar” almaq istəyirəm. Bu arzuma uyğun bütün məkanları araşdırdım. Havai adaları, Antalya, Bodrum, bəlkə Mayami. Məcburi köçkünlərə verilən "çörək pulu”nu toplamışıq. Xeylax pul eləyib. Hara istəsək gedə bilərik. İndi görək də haranı seçəcəyik. Nə var Azərbaycanda?!”.

Tətil planlarımın qarşısını alan bir problemim var. Həyat yoldaşım bu il tətili ata torpağında keçirmək istəyir, yoxsa bu sadaladığım yerlərə getmək üçün başqa bir maneə yoxdur. Ona görə də bu yay Kürdəmirin Şlyan kəndində gözəl istirahət planlaşdırmışıq. Həm də orada daha rahat "zaqar” ala biləcəm”.


Elnur İsmayılov:"Mən qərar vermişdim ki, gözüyumulu barmağımı xəritənin bir yerinə qoyum, hara düşsə, yay tətilimi də orada keçirim. Şuşa düşdü. Barmağımı kəsib tullamaq istədim. Şəhadət barmağımın həqiqəti göstərməsini qəbullana bilmədim”.

Görünür elə ən bəxtəvər adamlar ermənilərdi. Qəşəycə oturublar Qarabağda, nə yayda harasa getməyə ehtiyacları olur, nə qışda. Dörd mövsümün dördünü də Allahın yer üzündə yaratdığı cənnətdə keçirirlər. Amma əclaflar orada turist olduqlarını unudublar.


Ordan bir stəkan İsa Bulağı suyu! Qaynar olsun!