adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Iyun 2019 15:00
10544
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: DƏHŞƏTLİ İSTİLƏR SÜRÜCÜLƏRİ SINAĞA ÇƏKİR

Dəhşətli istilər başlayıb. Və belə isti havalarda təbii ki, insanlar üçün çox çətin problemlər yaranır. Amma buna baxmayaraq, göydən "od yağsa” da, havanın temperaturu müsbət 40 dərəcəni keçsə də, elə peşə sahibləri var ki, günün altında xidmət aparırlar. Belə peşə sahiblərindən biri də yol polisləridir. Əlbəttə, isti havalarda yolda xidmət aparmaq, hərəkətin təhlükəsizliyini təmin etmək elə də asan deyil. Bir tərəfdən qaydaları pozan sürücülər intizama dəvət edilir, digər tərəfdən də onlar maarifləndirilirlər.

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının bütün tağımları da bu isti havalarda xidməti vəzifələrini məsuliyyətlə yerinə yetirməyə çalışırlar. Yol Patrul Xidməti Alayının 9-cu tağımının əməkdaşları Bakı-Qazax-Gürcüstan sərhəd yolu istiqamətində öz üzərlərinə düşən vəzifələri dərindən dərk edirlər. Çünki uzaq məsafəni qət edən sürücülər isti havalarda bir çox çətinliklə üzləşməli olurlar. Onu da qeyd edək ki, tağım əməkdaşları həmin yolun 369-cu kilometrindən 511-ci kilometrinə qədər hərəkətin təhlükəsizliyini təmin edirlər.

Son bir neçə gün ərzində respublika ərazisində havalar daha da istiləşib. Başqa sözlə demiş olsaq, elə günlər olur ki, havanın temperaturu müsbət 40 dərəcəni də keçir. Belə bir şəraitdə kondisionersiz avtobus və mikroavtobusla mənzilbaşına getmək çox çətindir. Ona görə də 9-cu tağımın əməkdaşları hər iki stasionar postda sürücülərin və sərnişinlərin soyuq su ilə yuyunması üçün əlverişli şərait yaradıblar. Başqa sözlə demiş olsaq, adını çəkdiyimiz stasionar postda sürücülərə isti havalarda yol polisi tərəfindən xüsusi diqqət göstərilir.


Belə ki, keçirilən reydlərdə yol polisi əməkdaşlarından polis kapitanı Şahin Süleymanov, polis baş leytenantı Elnur Zeynalov, polis baş serjantları Vidadi Hüseynli, Nəsir Həsənov, Elşən İsmayılov yaxından iştirak edirlər. Elə bir gün olmaz ki, isti havalarda onlar sərnişindaşıyan avtobus və mikroavtobus sürücülərilə səmimi söhbətlər eləməsinlər. Çünki bu səmimi söhbətlər zamanı isti hava ilə və onun törədəcəyi fəsadlarla əlaqədar bütün problemlər yol polisi tərəfindən hərəkət iştirakçılarının diqqətinə çatdırılır. Başqa sözlə demiş olsaq, onlar maarifləndirilirlər. Sürücü və sərnişinlər stasionar postdakı bulağa dəvət edilir, onlar burda soyuq su ilə əl-üzlərini yuyur və bir qədər dincəlirlər.

Təbii ki, bu cür tədbirlərin gerçəkləşməsi gecə və gündüz saatlarında sükan arxasında olan sürücülərin yuxulamasının qarşısını alır və onların daha diqqətli olmalarına şərait yaradır.


Doqquzuncu tağımın əməkdaşlarının iş əmsalları da kifayət q ədər yüksəkdir. Məsələn, son 3 ayda 10490 inzibati protokol tərtib edilib. Bunun 5940-ı balla nəticələnib. 8525 digər qayda pozuntusu da qeydə alınıb. Avtomobilləri hüquqsuz 53, sərxoş 4, piyada qaydaları pozduğuna görə 78, sərnişindaşıma 43, ötmə 6091, manevretmə 75, yolayrıcı 20, giriş qadağandı 13, yükdaşıma qaydasını pozma 280, ara məsafəsi 34, yol nişanının tələbi 40, etibarnaməsiz 21, təhlükəsizlik kəməri 160, nömrə nişanı yerində olmayan 6, telefonla danışan 31, əlavə avadanlıq 7, texniki baxış 6 qayda pozuntusuna yol verən şəxslər cəzalandırılıb.

Tağım əməkdaşlarının əsas vəzifəsi hərəkətin təhlükəsizliyini təmin etmək olsa da, cinayətkarlığa qarşı da fəal mübarizə aparır. Belə ki, müxtəlif vaxtlarda bir neçə cinayəti törədib yayınmaq istəyən şəxslər saxlanılaraq polis şöbələrinə təhvil verilib.

Tağım komandiri, polis mayoru Aqil Məmmədov kollektivdə sağlam mühit yaratmağı bacarıb. İlk növbədə ona çalışıblar ki, xidmət aparılan avtomobil yolunda ağır qəzaların qarşısı qabaqlayıcı tədbirlər nəticəsində alınsın. Elə buna da tağım əməkdaşları nail olublar. Belə ki, əvvləki vaxtlarla müqayisədə ağır qəzalar azalıb, ölüm və xəsarətalma halları aşağı enib.

Hər gün bu istiqamətdə minlərlə nəqliyyat vasitəsi Gürcüstan, Türkiyə istiqamətində hərəkət edir. Eyni zamanda avtomobillərin intensivliyi artıb. Havalar da günbəgün daha da isti keçir. Belə bir durumda yol polisləri sürücülərlə maarifləndirici söhbətləri davamlı olaraq həyata keçirirlər. Ancaq sürücülər də isti havalarda diqqətli olmalı, yorulanda və sükan arxasında mürgüləyəndə avtomobilləri saxlayıb bir qədər dincələrək əl-üzlərini soyuq su ilə yusalar, onları gözləyən təhlükədən uzaq düşərlər.


Reyddə iştirak edirdilər: Şahin SÜLEYMANOV – 9-cu tağımın baş inspektoru, polis kapitanı; Elnur ZEYNALOV – 9-cu tağımın baş inspektoru, polis baş leytenantı; Vidadi HÜSEYNLİ – 9-cu tağımın inspektoru, polis baş serjantı: Nəsir HƏSƏNOV – 9-cu tağımın inspektoru, polis baş serjantı; Elşən İSMAYILOV – 9-cu tağımın inspektoru, polis baş serjantı: Faiq QİSMƏTOĞLU – "Ədalət”in əməkdaşı.