adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
24 Iyun 2019 17:30
9925
MƏMLƏKƏT
A- A+

QAX AQROPARKINDA İNSAN MÖCÜZƏLƏR YARADIR

Möhtərəm Prezidentimiz İlham Əliyevin 2018-ci ildə bölgəmizə səfəri, bu səfər çərçivəsində respublikamızda yaradılan "Ulu Aqro" MMC-nin Qax Aqroparkı ilə tanışlığı, orada ictimaiyyət nümayəndələri ilə görüşündəki genişməzmunlu çıxışı, adamlarla səmimi söhbəti qaxlılar tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmış, bölgəmizdə aqrar sahənin daha sürətli inkişafına stimul vermişdir.

Ölkə başçısının kənd təsərrüfatının inkişafı, o cümlədən aqrar sahədə intensiv texnologiyaların, müasir idarəetmə və təsərrüfatçılıq metodlarının tətbiqi ilə bağlı tapşırıq və tövsiyələrinə əsasən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramına uyğun olaraq yaradılmış Qax Aqroparkı qısa müddətdə rayonun sosial-iqtisadi inkişafına, əhalinin məşğulluğunun yaxşılaşmasına xeyli təkan verməklə respublikamızın müasir tipli, nəhəg kənd təsərrüfatı müəssisələrindən birinə çevrilmişdir. Xüsusilə vurğulamaq lazımdır ki, Aqroparkın yaradılması ilə eyni vaxtda, möhtərəm Prezidentimizin sərəncamı ilə, yenidən qurularaq elə ölkə başçısının özünün də xeyir-duası ilə istifadəyə verilən 13 yaşayış məntəqəsini və Aqroparkı rayon mərkəzi ilə birləşdirən Qax-Qıpçaq-Ağyazı avtomobil yolu müəssisənin bu günki səmərəli fəaliyyətində böyük əhəmiyyət kəsb edir.

Məlum olduğu kimi, Aqroparkın yaradılması üçün dövlət tərəfindən 13.7 milyon manat əsaslı vəsait qoyulub ki, bunun da 9 milyon manatı meliorativ tədbirlərə, 4.7 milyon manatı isə elektrik enerjisi ilə bağlı qurğu və xətlərin çəkilməsinə sərf edilib.

Ərazisi 2094 hektar olan parkın su təchizatı üçün Əyriçay dəryaçasından 4.6 km uzunluğunda böyük diametrli su kəməri çəkilib, müvafiq meliorativ qurğular, 28 pivot qurğusu, damcılama suvarma sistemləri quraşdırılmışdır. Həmçinin parkda tutumu 5000, 10000, 20000 və 50000 m3 olan 4 ədəd suvarma hovuzları da inşa olunmuşdur. Parka 52 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası da gətirilərək mexanizatorların istifadəsinə verilmişdir. Gələcəkdə parkda soyuducu anbarların, meyvə paketləmə sexlərinin inşası da nəzərdə tutulmuşdur. Parkın iqamətgahı yerləşən ərazidə salınmış gözəl bir qəsəbədə ümumi tutumu 8814 ton olan 4 ədəd taxıl anbarları kompleksi, 3 ədəd hər birinin tutumu 1500 ton olan qurutma-bunkerləri inşa edilib istifadəyə verilmişdir.

Suvarma qurğularının müasir idarəetmə mərkəzinin, yaraşıqlı otel binasının, yeməkxanasının, digər çoxsaylı müasir sosial və təsərrüfat xarakterli obyektlərin yerləşdiyi bu ərazi avropanın müasir tipli qəsəbələrini xatırladır.

Ötən il parkın ərazisində əkilmiş 1204 hektar buğda, 115 hektar arpa, 169 hektar qarğıdalı, 39 hektar yonca sahəsindən yüksək məhsuldarlıq əldə olunmuşdur. Cari ilin məhsulu üçün əkilmiş 1100 hektar buğda sahəsinə də nümunəvi aqrotexniki xidmət göstərilmiş, bol məhsul yetişmişdir, yaxın günlərdə taxıl biçininə başlanılacaqdır. Bundan ötrü parka yeni kombaynlar gətirilmişdir. Parkın istifadəyə verildiyi qısa müddət ərzində orada 750 hektar ərazidə müxtəli növ meyvə bağları-qoz, ərik, alma, şaftalı, gilas, qaysı, armud, badam, üzüm bağları salınmışdır. Bağları gəzirik. İnanmaq çətindir, qısa müddətdə burada salınan yamyaşıl meyvə bağları göz oxşayır, heyrətlənməyə bilmirsən. Artıq qoz ağacları bar verir. Cəmi iki il əvvəl kol-kosdan ibarət olan, yabanı bitki örtüyü də yazın əvvəlindəcə yanıb cızdağı çıxan bu çöllər indi əsl cənnəti xatırladır. Əvvəllər təsəvvür etmək belə mümkün deyildi... Ağyazı çöllərində yamyaşıl, bulud kimi dalğalanan meyvə bağları?

Şübhəsiz, bütün bunların əsasında ölkədə Ulu Öndər Heydər Əliyevin başladığı və Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə layiqincə davam etdirilən Aqrar islahatlar nəticəsində yaranan əlverişli şərait, bu şəraitdən yetərincə bəhrələnən, elinə-obasına sıx tellərlə bağlı qurub-yaradan insanlar dayanır.

Novruz ŞABANOV