hacklink Adalet.az | POETİK DÜŞÜNCƏMİZİN AFAQ ŞIXLI MƏQAMI Adalet.az | POETİK DÜŞÜNCƏMİZİN AFAQ ŞIXLI MƏQAMI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

POETİK DÜŞÜNCƏMİZİN AFAQ ŞIXLI MƏQAMI

10553    |   2019-06-24 16:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dərin və güclü müşahidənin təsviri, ifadəsi, bunların da düşüncədə doğurduğu mənəvi yüksəlişin, ucalığın ən ülvi məqamı – yanaraq yaşamaqdır. Yaradılmışların alisi olan insanın gözü qarşısında sayrışan həyat rənglərinin hiss və duyğuları oyatması da ülvi bir sevginin əbədi işığıdır. Bu işığın başına dolanan Pərvanəni – Söz xiridarını ruhun coşub-daşan çaylarında, dənizin dalğaları qoynunda çırpına-çırpına uzaqlara, sirli bir aləmə aparan da yaradıcılıq eşqidir. Bu eşq toxumunu sevib-seçdiyi bəndəsinin düşüncə tarlasına inci təki səpən də Uca Yaradandır. Bəndənin də Haqdan gələn səsə, vəhyə oyanması, göy üzünün ənginliklərinə qanadlanması taleyinə yazılmış əbədi eşqin özü deyilmi...

Belə bir eşqin işığında özünün mənəvi dünyası, saf təbiəti, incə ruhu ilə göz-könül yaddaşımın güzgüsündə aydın görünən "Şıxlı”lar nəslinin bir yaşıl, cavan budağı – həkim, şair, publisist, tərcüməçi Afaq Şıxlının yaradıcılığı, ədəbi şəxsiyyəti haqqında ömrün yarım əsrinin tamamında söz demək, zənnimcə yerində və məqamında doğulan istəkdir. Bu istəyə təkan olan bir başqa cəhət də Afaq xanımın qürbət eldə vətən eşqi, təəssübü ilə yazıb-yaratmasının ədəbi ictimaiyyətdə həssaslıqla, rəğbət və sevgi ilə qarşılanmasıdır. Ən başlıcası da bu bədii təfəkkür sahibinin ədəbi camedə qibtə doğuracaq duyğusallığının, ruhsallığının bədii təcəssümü də diqqətimi cəlb etmişdi. İlk olaraq Afaqın poetik təfəkkürünün, çiçəklərin şəbnəmindən su içən təbinin bulaq təki çağlamasında bədii sözünün ecazını gördüm. Başqa bir cəhət isə ondan ibarət oldu ki, qürbət eldə (Moskvada) Vətən təəssübkeşliyi ilə fəaliyyət göstərməsi, bir çox xarici ölkələrdə ədəbiyyatımızı təmsil və təbliğ etməsi məndə, eləcə də ədəbi mühitin, böyük bir oxucu auditoriyasıının Afaq Şıxlı yaradıcılığına, bədii sözünün çəkisinə, sanbalına güclü maraq oyatdı…

Afaq Şıxlı yaradıcılığı ilə bəzən arabir, bəzən də müntəzəm olaraq dövri mətbuatda rastlaşsam da bir qədər geniş aspektdə Moskvada fəaliyyət göstərən "Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin nəşri olan bir Almanaxda dərc olunmuş şeirləri ilə daha yaxından tanış oldum. Əslində bu kitabla tanışlıq Moskvada yaşayan, yazıb-yaradan bir çox yazıçı-şairlərin qürbət eldə vətən sevgisi ilə çırpınraq yaşamaları da düşüncəmə təsirsiz ötüşmədi. Və mən həmin Almanaxdan aldığım böyük təəssüratın işığında "Qürbətdən gələn səslər” məqaləmlə dövri mətbuatda geniş bir yazı ilə çıxış etdim...

Qayəsi ədəbiyyata xidmət etmək, onun ifadə etdiyi yazıb-yaratmaq qayğıları ilə yaşamaq, əziyyətinə sevərək qatlaşmaq, gəncliyimizə ədəb-ərkanı öyrətmək, onları özünün saflığı, məna-məntiqi, yeni düşüncənin işığında puçur-puçur açılan və özünün rayihəsi ilə gözümüzü, könlümüzü nurlandıran poetik nümunələri ilə tərbiyələndirmək olan Afaq Şıxlı ədəbi taleyi ilə uşaqlığından üzü bu yana məzmunlu bir tale yaşayıb. Bu yaradıcılıq yolunu izləmək, onu oxumaq və onlardan bəhrələnmək də yaradıcı gənclik üçün ən gözəl örnəklərdir desək, yanılmarıq.

Afaq Şıxlı ixtisasca həkimdir, amma bədii ədəbiyyata olan maraq və yaradıcılıq eşqi onu bu sahədə çalışmağa, yazıb-yaratmağa yönəldib. Afaq xanımın bədii yaradıcılığa nə vaxtdan, ömrün hansı məqamından başladığını deyə bilmərəm, amma görüb-duyduqlarıma, ədəbi məhsullarından aldığım qənaətə görə məndə belə bir təsəvvür yaranır ki, Afaq Şıxlı nəinki püxtə bir şair, tərcüməsidir, həm də milli ruha, köklü mədəniyyətimizin incilərinə, vətən və xalq təəssübkeşliyinə malik olan, Azərbaycançılıq məfkurəsi ilə yaradıcı bir ömür yaşayan ədəbi şəxsiyyətdir. Amma bunlar təkcə təssəvvür çərçivəsində qalmayıb, sənətkarın bədii irsinin ədəbi müstəvidə olması dediklərimin bariz göstəricisidir.

Məndə Afaq xanımın bir neçə kitabı var. Açığı, onları tam oxuyub başa çıxmasam da şeirlərinin əksəriyyəti ilə tanışam və onlardan aldığım təəssüratla doluyam. "Qəlbimin dedikləri”, "Məndən uzaqda”, "Sevərsənmi”, "Səni düşünürəm”, "Ömrümün beşinci fəsli”ndə ürəyinin işığı, sevgisi gül açıb dil-dil ötür. Siz bu adlara fikir verin, burda nə hay-küy var, nə haray, qışqırıq. Mən Afaqın şeir dilini bir pıçıltı kimi eşidir, pəsdən oxunan mahnı kimi qəbul edirəm. Belə olmasaydı, zərif, həssas təbiətli şair, kübar xanım özünün ədəbi inciləri ilə məndə rəğbət oyada bilməzdi ki!

Şair, publisist Afaq Şıxlı Azərbaycan mətbuatında müntəzəm çıxış edən müəlliflərdəndir. Yəni ölkədən kənarda yaşasa da vətənlə sıx əlaqəsi olan, tədbirlərə qatılan ziyalı, ədəbiyyat adamı olaraq yaradıcılığı ilə həmişə ədəbi mühitin mərkəzindədir. Onun şeirlərindəki daxili intonasiya, melodinamiklik fikrin, hissin poetik ifadəsilə vəhdətdədir. Bu şeirlərdə zərif, kövrək, sirli bir ürəyin çırpıntıları var. Afaq Şıxlı şeirlərində həm də bir qürbət ab-havası yaşayır. Qəribliyin payız ovqatı qatarından ayrı düşən durna təki haray çəkir:

Gün baxsa da hərdən bir az,

Nə qəm bitər, nə də ayaz.

Qərib ömrə gəlməz ki, yaz, -

Payızın özüdür qürbət. ("Qürbət”)

Afaq Şıxlının haqqında yazılmış bir neçə məqalələrdən xəbərdaram. Burda onlardan yalnız birinin adını çəkmək, ordan kiçicik bir parçanı təqdim etmək istərdim. Bu bizim bədii sözə, fikrə hər zaman həssaslıqla yanaşan, yaxşını dəyərləndirən, zəifə də həqiqi, doğru mövqedən münasibətini bildirən qüdrətli şairimiz Məmməd İsmayılın Afaqın "Ömrümün beşinci fəsli” kitabına yazdığı Ön söz statusunda olan "Şeir onun üçün qara sevdadır” məqaləsidir. Bəri başdan deyim ki, Məmməd İsmayıl boğazdan yuxarı söz-tərif deyən birisi deyil. O, poetik sözə, duyduğuma görə də şairin yaradıcılıq laboratoriyasında yaranan şeirlərinin ciddiliyinə poetik gözəlliyinə, dəyərinə qiymət verir. Bilmirəm, onun hansı fikrini önə çəkim, amma şüurum və ədəbi təəssüratım məqaləni bütövlükdə bir qiyməli söz xəzinəsi təki qəbul etdiyindən, seçmədən, aramadan bir abzası önə çəkirəm: "Qürbətdə yaşayan şairə söz Vətən olur. Və nə yaxşı ki, belədir; Şeir də sevgi kimidir, o səni buraxana qədər davam etməlisən. Və... yenə əgər sevilmirsə, sevilməmək şeirin yox, bizim günahımızdır hardasa”, deyirdi M.Svetayeva. Və Svetayevanı tez-tez xatırlamağım da (bu məqalədə - Ş.N.) səbəbsiz deyil... Erkən yaşlarından şair, şeir heyranlığında A.Şıxlı bir başqasına yox, məhz M.Svetayevaya bənzəyir... "Mənim kimilərini Qiyamət günü vicdan məhkəməsində mühakimə edəcəklər, amma əgər Sözün vicdan məhkəməsi varsa, mən orda suçsuz və təmizəm”, - deyirdi M.Svetayeva. Bu anlarda oxucuların mühakiməsinə verilən "Sən mənim ömrümün beşinci fəsli” kitabındakı şeirlər bizə haqq verir deyək ki, üslubları ilə bir-birindən fərqlənsələr də, bu kitabda ilhamsız yazılan bir şeirə də rast gəlməzsiniz... ” Bu fikirlər mənə fürsət verir deyəm ki, Məmməd İsmayıl Afaqın bütünlükdə də olmasa, yaradıcılığının böyük bir hissəsi ilə tanışdır, bu mənada onun irsindən ətraflı şəkildə bəhs etməyə könlündə sözü, fikri var. Bu, yəqin ki, Afaq Şıxlının bir şair xoşbəxtliyidir... Afaqın rus qadın poeziyasının Kraliçası hesab etdiyim Mariya Svetayeva ilə müqayisə olunması isə şeirimizin gülüzlü, istedadlı şairi Afaq Şıxlının daha bir xoşbəxtliyidir.

Yenə həsrət dolu axşam düşəcək...

Çəkə bilirsənsə, bu həsrəti çək.

Qopur varlığımdan hecası tək-tək:

"Qa-yıt hə-ya-tı-ma, sən-siz ol-ma-yır”

Afaq Şıxlı gerçək həyatında olduğu kimi, özünün poeziyasında da xalqın, vətənin dərdini, qayğısını çəkir, başqalarının acılı-şirinli sevgisinin intizarını, həsrətini, vüsalını da bədii sözünün qüdrətilə mənzərəsini yaradır. Onun şeirlərində insanı düşündürən, narahat edən, yaxud sevindirən nə varsa, şairin yaradıcılığında öz əksini tapır.

Bu mənada Afaqın şeirlərində özünün özəlliyi, məntiqi mühakiməsini, sərrastlığını görmək, duymaq çətin olmur. Çünki, şair heç vaxt düşüncəsini zorlamır, əksinə, təfəkkürünə işıq təki, gün kimi saçılan poetik nümunələrini məqamını itirmədən ağ kağızlar (bəlkə də bilgisayarın yaddaşına) köçürür. Belə bir mühitdə düçüncə də qəlb də sözə təşnə olan ilham pərisinin yazdırdıqları necə sönük görünə bilər! Onun ədəbi mühitindən həmişə gül ətri, çiçək rayihəsi duyulur. Bu fikirləri yazdığım yerdə şairin şeir bağçasından xatirə ətri gələn şirin yeniyetmə çağlarından poeziyasına gətirdiyi misraları yadıma düşdü:

Gənclik illərində bahar gələndə,

Gəzərdik çəməni, gəzərdik dağı.

Bu qədər çiçəyin, gülün içində

Səni axtarardıq, çobanyastlğı.

Toplardıq gülləri hey dəstə-dəstə,

Bəzərdi telləri çələnglərimiz.

Sonra da uzanıb otların üstə,

Zümzümə edərdik qayğısızca biz.

(Çobanyastığı)

O çağlardan illər ötsə də şair duyğuların dadını-tamını hələ də unutmayıb. Həyata, təbiətə, insanlara sevgisi nəinki azalmayıb, günü-gündən şöləsini, işığını gurlandırıb. Mən burda ilk olaraq şairin xatirələrinin işığında yazdığı sadə bir şeirindən misraları yada saldım. Zatən, Afaq Şıxlının şeirlərində sadəlik, səmimilik bütün yaradıcılığında paklıq, təmizlik simvolu kimi görünür, başqa sözlə, onun şeirləri zahirən sadə, mahiyyətcə insanı düşündürən, təsirləndirən, həyata sevgi, inam yaratmaq gücünə, qüdrətinə malik olan ədəbi nümunələrdir.

Sözümün bu məqamında onu da xatırlamağı vacib sanıram ki, Afaq Şıxlının yaradıcılığının bir qolu da tərcümədir. Şair bu sahə ilə də ciddi məşğul olur, ən başlıcası da yaradıcılığını iki istiqamətdə, paralel şəkildə aparır. Deyərdim ki, bu qollar birlikdə mənəvi güc, təkan kimi biri digərinə söykəkdir. A.Şıxlı bir çox rus şairlərinin əsərlərini dilimizə çevirib, eləcə də Azərbaycan şairlərindən etdiyi tərcümələri ilə ədəbiyyatımızın təbliğində milli qeyrət hissini ədəbi müstəviyə çıxara bilb. Bütün bunlar Afaq Şıxlının xalqlar arasında ədəbi körpülərin möhkəmlənməsinə xidmətidir.

Afaq Şıxlının şeirləri rus, fransız dillərinə tərcümə edilmiş, türk dilinə uyğunlaşdırılmışdır. Afaq xanım 2011-ci ildən Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının, 2012-ci ildən Avrasiya Yazarlar Birliyinin, Rusiya Yazarlar Birliyininvə Rusiya Poeziya Akademiyasının, 2013-cü ildən Azərbaycan Jurnalistlər Birliyininüzvüdür. O, 2014-cü ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilmiş və 2015-ci ilin yanvar ayından AYB Moskva bölməsinin məsul katibi vəzifəsinətəyin olunmuşdur. Onun ədəbiyyatdan savayı da məşğul olduğu sahələr var ki, (təbabət, musiqi və rəssamlıq) şair onlardan da xüsusi zövq alır və bu məşğuliyyətin hər biri də poeziyasında öz əksini tapır. Onun həqiqi bəzəyinin bir maddi bazası da budur ki, özü hələ də bir bahar çiçəyini xatırlatsa da iki övladı və nəvələri qayğısı, əziyyəti bu gözəlliyin, təravətin üstündən bir yel belə əsməsinə yol verməyib, əksinə, görkəminin nuru, işığı daha da artıb...

Şairin şeirlərinin dili sadə, səlis, ürəyəyatan, oynaq olması ilə yanaşı özünün məzmun-məna çalarları ilə olduqca zəngindir. Bu gün cəmiyyətdə haqlı iradların, tənqidin elə də qəbul olunmadığı bir vaxtda, insanlığın, mədəniyyətin bütün ölçülərini, etik normalarını gözləyən sakit təbiətli, ipək xasiyyətli (mən onun bu keyfiyyətini də şeirlərindən duymuşam) Afaqın ədəbi mühitdə, sosial həyatda baş alıb gedən laqeydlik, mənəviyyatsızlıq, cəsarətsizlik kimi hallara qarşı barışmazlığını görəndə fərəhim köksümə sığmır. Dilimizi korlayanlara, milli-bəşəri mahiyyətli məsələlərdə haqqı deməyə, üzə çıxarmağa qeyrəti çatmayanlara, tarixi keçmişimizi ləkələməyə çalışan nadürüstlərin əməllərinə göz yumanlarla cihada çıxır, üsyan edir. Milli hisslərimizə toxunan, yersiz və haqsız iddialarla tələblər irəli sürən üzdəniraq, işğalçı qonşuların siyasi, mənəvi həyasızlıqlarına göz yumanların qulağının dibində elə bağırır ki, bu səsə, qeyrətə oyanmamaq mümkün deyil. Bu mövzuda onun ilkin olaraq sosial şəbəkələrdə kəsərli sözü sanki vaxtında atılmış güllə kimi hədəfə dəyir. Bunlar həməncə də müzakirə mövzusuna çevrilir.

Kökdən, içdən gələn kübarlığı, mədəniyyəti, yad millətin içində belə özünün azərbaycançılıq məfkurəsi ilə yaşayan, mənəvi dəyərlərimizin, əxlaqımızın ləyaqətli daşıyıcısı Afaq Şıxlının obrazı bu gün düşüncəmdə aydın, maraqlı və canlı görünür... Gərək daim bədii axtarışlarda olasan, həyatı, iinsanları müşahidə edəsən ki, ruhun, qəlbin də öz ədəbi yükünü bu gerçəklikdən tuta bilsin. Böyük ilhamla, eşqlə, gözlərin və ürəyin intizarı ilə dolub-boşala biləsən. Yaradıcılıq da ki yana-yana yaşamaq, qıpqırmızı közə, alova dönmək, bulaq suyu təki pak bir eşqlə yaradıcı ömrünə davam etməkdir. Afaq Şıxlı məhz belə bir gözəllikdə və məzmunda yaradıcı həyat yaşayır...

Doğum gününz mübarək olsun, dəyərli Afaq xanım!

Şəfəq Nasir.






İmza:
SON XƏBƏRLƏR
2019-12-13
2019-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!




digər lətifələr
ARXİV
FACEBOOK