adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
24 Iyun 2019 16:30
18433
ƏDƏBİYYAT
A- A+

RAFAEL HÜSEYNOV VƏ XALQ YAZIÇISI GÜLHÜSEYN HÜSEYNOĞLU – Video

Bu yaxınlarda üç nəfər – Kamal Abdulla, Afaq Məsud və Natiq Rəsulzadə – prezident İlham Əliyevin sərəncamıyla "Xalq yazıçısı” fəxri adına layiq görüldü. Amma hər dəfə bu cür yüksək qiymət təltifindən sonra ictimaiyyətdə qəribə bir dalğa yaranır. Bu dalğanın ömrü az olur. Uzağı on-on beş gün. Yəni ki, ad alanların bu ada layiq olub-olmamaları gündəmə gəlir. Bu dəfə də belə oldu. Mənim özəl fikrimə gəldikdə isə onu deyə bilərəm ki, prezident sərəncamı müzakirə olunmur. Bircə Musa Yaqub haqqında verilən sərəncamı oxuyanda sonuna ürəyimdə iki kəlmə söz artırdım. O da ki, mötərizədə: (Ölümündən qabaq).

Elmira Axundova Xalq yazıçısı fəxri adına layiq görüləndə sevincimi balaca bir yazıyla bölüşmüşdüm. Bu dəfə isə tamam başqa bir hiss keçirdim. Ümumiyyətlə bu cür hissi yeddi yaşımdan bəri çox yaşamışam. Hər bu ada layiq olanların adı televiziyada və ya mətbuatda elan ediləndə ilk qiymətləndirmə meyarı atamdan gəlib. Amma atamın sağlığında "layiq deyil” sözü leksikonda yox idi. Sadəcə, niyə məhz bu məqamda bu ad verildi məsələləri, yəni səhnəarxası söhbətlər yer alırdı cəmiyyətdə. Məsəlçün... Yox. Deməyəcəyəm. Deməyəcəyəm ki, Azərbaycan Yazıçılar İttifaqının 1-ci katibi İsmayıl Şıxlı necə oldu Mərkəzi Komitəyə təqdimat yazıb öz adını da bu siyahıya saldı və kimin təkidiylə. Çünki utanırdı öz adını özü yazmağına – layiq olsa da. Deməyəcəyəm ki, məhz bu siyahıya qonşusu, dostu Qabilin adını niyə salmadı? Amma o biri qonşusu Samvel Qriqoryanın adını niyə saldı? Xəlil Rza bu adı alanda hamı nə dedi? Qabillə Bəxtiyar Vahabzadə arasında aldıqları Xalq şairi fəxri adıyla bağlı hansı zarafatları vardı? Deməyəcəyəm. Qoy sirr olaraq da qalsın.

Amma Xalq yazıçısı Gülhüseyn Hüseynoğluyla bağlı fikirlərimi, daha doğrusu, o, "Xalq yazıçısı” fəxri adı alarkən atamla aramızda olan dialoqu yazmağa məcburam. Yazmaq istəmirdim. Amma burda "Prezidentin sərəncamı müzakirə olunmaz” prinsipim pozulmadığı üçün yazmağa qərar verdim. Bəs başlıqda yer alan digər ad – akademik, yazıçı, filoloq, millət vəkili Rafael Hüseynovun Gülhüseyn Hüseynoğluyla nə əlaqəsi? Tələsməyin. Yavaş-yavaş. Elə isə başladıq.

GÜLHÜSEYN HÜSEYNOĞLU

Onu uşaqlıqdan tanıyıram. Daha dəqiq desəm, yeddi yaşımdan. Əvvəlcə qiyabi. Gülhüseyn Hüseynoğlunun "Mücrü” mənsur şeirinin əsasında çəkilmiş eyniadlı kiçik – 16 dəqiqəlik filmin televiziyada nümayişindən sonra. Qısa məzmun beləydi: Anaqızını gəlin köçürəndə ona cehiz olaraq mücrü verir və "mücrüsüz gəlin olmaz" deyir. Gəlinisə vaxt keçdikcə mücrüyə əri tərəfindən hədiyyə edilən zinyət əşyalarını qoyur. Mücrü dolur. Lakin amansız müharibə onun əriniəlindən alır, aclıq başlayır. Gəlin məcbur qalıb mücrüdəki zinyət əşyalarını bir-bir satır və uşaqlarını böyüdür. Mücrü boşalır. İllər keçir müharibə bitir və həmin mücrü uşaqların diplomları ilə yenidən dolmuş olur. Bu filmdəki "Açıldı mücrü, bağlandı mücrü” ifadələri ana xətt idi. Və hər dəfə bu mücrü açılıb bağlananda, iki sözdən ibarət bu ifadə zəmanəni, böyük bir ailənin xoşbəxt və ya ağır həyatını ustalıqla ifadə edirdi. Əlavə hansısa söz artıq olardı.

Bu film 1973-cü ildə çəkilmişdi. Sonra atam dedi ki, Gülhüseyn müəllim Azərbaycanda mənsur şeirin banisidir. Mikayıl Müşfiqin tədqiqatçısıdır. Antisovet "İldırım” təşkilatının qurucularından biridir. Bəxti gətirib ki, güllələnmə o vaxt ləğv edilmişdi, 25 il həbs almaqla canını qurtardı.

Universitetdə oxuyanda Gülhüseyn müəllim mənə Mikayıl Müşfiqdən xüsusi kurs keçdi. Saralmış əlyazmaların nüsxələrini gətirib bizə oxutdururdu. Bunlar o dövrün bəzi yazıçılarının Müşfiqin əleyhinə yazdıqları "donos”lar idi. Bəlkə də sovet zindanında yatması onu Müşfiqə daha yaxın etmişdi, onu daha dərindən duyurdu. Amma atam onun yaradıcılığını yox, daha çox Mikayıl Müşfiqlə bağlı tədqiqatlarını önə çəkirdi. Bütün xüsusiyyətlərini bir ifadədə cəmləşdirirdi. Bu qiyməti sonda deyəcəyəm. Xalq yazıçısı fəxri adı alanda atama verdiyim "Gülhüseyn Hüseynoğlu Xalq yazıçısı fəxri adına layiqdirmi” sualına cavab idi bu qiymət. Məhz bu yazını da yazmağa məni bu ifadə məcbur etdi. Gülhüseyn müəllimlə bağlı bu qədər. Keçək yazımın əsas qəhrəmanı Rafael Hüseynova.

RAFAEL HÜSEYNOV

Rafael Hüseynovun xüsusi təqdimata ehtiyacı yoxdur. Jurnalist, yazıçı, ədəbiyyatşünas alim, millət vəkili, muzey direktoru, daimi komitə sədri və ən əsası qalın-qalın kitabların müəllifi.

Amma mən onu ilk dəfə yuxarıda sadaladığım xüsus və mənsəblərinə görə tanımamışam. Qiyabi tanışlığımız 1982-ci ilə təsadüf edir. İlini necə yadımda saxlamışam?

HAŞİYƏ: Qonşumuz, atamın dostu Salam Qədirzadə bizdə idi. Yeyib-içirdilər. Xatirələr dilə gəlirdi, sağlıqlar bir-birini əvəz edirdi. Mən də yanlarında oturub onların əmrlərini yerinə yetirirdim: "Arağı süz!”, "Apar "morozilka”ya (buzxana) qoy soyusun! Biz deyəndə gətirərsən!”, "Tavadakı yeməyi qızdır!”, "Televizorun kanalını dəyiş, səsini al və ya qaldır!” (onda pult yox idi), "Siqareti yandır!”. Bu əmrləri layiqincə yerinə yetirirdim. Müqabilində mənə nə içki təklif edirdilər, nə də siqaret. Gizlincə də içmirdim, çəkmirdim. Mən 16 yaşlı ağıllı sovet uşağı idim. Birdən televizorda qıvrımsaç, qaraqaş, qaragöz, 25-30 yaş arası oğlan danışmağa başladı. Bəlkə də dediyim təsvirlər başqa rəngdəydi. Amma televizorumuz ağ-qara göstərirdi. Atamla Salam əmi əllərindəki badələri toqquşdursalar da, başlarına çəkməyib gözlərini televizora dikdilər. Başqa vaxt bir-birilərinə "iç də... araq soyudu ki?” deyə irad bildirənlər oğlanın çıxışına diqqətlə qulaq asırdılar. O isə ədəbiyyatdan danışırdı. Sinədəftər və heç bir kağızdan oxumayaraq. Təqribən 5-10 dəqiqəlilik çıxış bitdi, kadr dəyişdi. Badələr boşaldı.

Salam, bu kim idi? Titri oxuya bilmədim.

Adı yadımdan çıxıb, – deyə Salam əmi cavab verdi, – bizim Ruslanla (oğlu) bir yerdə oxuyurdu şərqşünaslıqda – fars dilində.

İstedadlı uşaqdır, – deyə atam əlavə elədi.

Söhbət bununla bitdi. Səhəri atam Salam əmiyə zəng elədi:

Salam, "İstedad” adlı şeir yazmışam. Sənə oxumaq istəyirəm. Dünən televiziyada danışan oğlana həsr etmişəm. Heyf ki, adını bilmədim.

Salam əmi bizə gəldi və atam şeiri ona oxudu.

QABİL

İSTEDAD

İstedadlar tәk-tәk olub hәr zaman

Barmaq ilә göstәrilib, sayılıb.

Qeyri-adi bir ağıldan, kamaldan

Ağıllara qığılcımlar yayılıb.

Elә toxum, elә dәndi istedad,

Minnәti yox nә bağbana, nә bağa.

Hara düşdü göyәrәndi istedad,

Yum gözünü sәp arana, sәp dağa.

Xalvar-xalvar qum әlәyәr әlәklәr,

Bircә ovuc qızıl tozu tapınca.

Heydәn düşәr polad-polad bilәklәr,

Bir tәbәqә qraniti çapınca.

Zәfәran da istedaddır elә bil,

Hardan-hara әtir saçır bir teli.

Göz yaşardan soğan kimi çox deyil,

Bir zolaqdır qızıl seli, nur seli.

Bir rәqqasә rәqqasәlәr içindә

Yeddi rәnglә busat qurur istedad.

Fәrәh, hәsәd, xoş, bәd nәzәr içindә

Susmaq bilmir, cәh-cәh vurur istedad.

"Gözümçıxdı” bilәn deyil istedad,

Sığala da ehtiyacı yox onun.

Öldurәsәn, ölәn deyil istedad,

Şirnikdirsәn – gözü-könlü tox onun.

Tarixlәrdәn-tarixlәrә yadigar

Nadir-nadir adamlardı istedad.

Qәtiyyәtli, iradәli, fәdakar

Qadir-qadir adamlardı istedad.

Qәdr ağacı uman deyil özünә,

Qәdirlidir-qiymәtlidir istedad.

Tәbәssümlә nәzәr salsan üzünә,

Dünyalarca şöhrәtlidir istedad.

1982

Şeirin altından qoyulan tarix isə 1982-ci il idi. Mənim Rafael Hüseynovla qiyabi tanışlığımın ilini dəqiq yadımda saxlamağım bununla əlaqədar idi. (SON)

İKİNCİ TANIŞLIQ

Sovet vaxtı idi. Günlərin bir günü rayona gedirdik. Atam həmişə maşında Azərbaycan radiosuna, ya da "Araz”a qulaq asırdı. Çünki o vaxt başqa radio yox idi. Bu zaman öz səsini eşitdi. Onun haqqında veriliş gedirdi efirə. Müxbir sual verir, o da danışırdı. Hərdən indiki dildə desək şoka salan suallar da verirdi. Atam bu sualların altından ustalıqla çıxırdı.

Sənə sual verdi. Niyə konkret cavab vermədin? – deyə soruşdum.

Olmaz o suala cavab vermək. Müxbir bilir cavabını. Ona görə də bu məsələyə toxunur. İstəyirsənsə sənə deyim. (deyir də..)

Bəs müxbir bilir ki, bu suala cavab verməyəcəksən, onda niyə soruşur?

Onun da qazancı budur da...

Kimdi axı bu müxbir?

Rafael Hüseynov. Bax belə oğlandır, – deyə atam sağ əlini sükandan ayırıb baş barmağını yuxarı qaldırdı.

ÜÇÜNCÜ TANIŞLIQ

1987-ci il idi. Əsgərlikdən qayıtmışdım. Heç kimin kitabını oxumağa həvəsi olmayan və ümumiyyətlə heç kimin kitabını oxumayan mənə atam məsləhətlər verməyə başladı. Birinci kitab qonşumuz Bayram Bayramovun 700 səhifəlik (indinin 1500 səhifəsi) xırda şriftli "Karvan yolu” romanı idi. Oxudum. Cəlil Məmmədquluzadəni, o dövrü, Həmidə xanım Cavanşiri və digərlərini daha yaxından tanıdım. Bəzi məqamlarda Mirzə Cəlillə İlyas Əfəndiyev arasında paralellər axtarmağa başladım. Sonra isə "Kerri bacı”nı oxudum. Üçüncü kitabı isə atam oxuyurdu. Adı "Vaxtdan uca” idi. Xülasə, oxuyub qurtardı. Sonra da amiranə şəkildə dedi: "Oxumalısan!”

Başladım oxumağa. Mirzə Cəlili tanımışdım. Bu dəfə isə tamam naməlum bir yazıçını tanıdım. Çünki Cavidi çox da geniş tədris etmirdilər onda. Baxmayaraq ki, çoxdan bəraət almışdı. Onuncu sinifdə oxuyanda bir şeirini əzbərləmişdim. Bir də rejissor Mehdi Məmmədovun quruluşunda "İblis” tamaşasına 11 dəfə baxmışdım. Niyə 11 dəfə? Çünki filologiya fakültəsi tələbələrinə Azdrama öz biletlərini dönə-dönə sırıyıb, sosiska-limonad-kojikə verəcək pulusunu əlindən alırdı. Özü də ki, yerlər partedə yox, ikinci mərtəbədə-yarusda olurdu. Amma, mən on bir dəfənin on birində də "İblis”i əvvəldən axıracan seyr etmişdim. Xülasə, "Vaxtdan uca”nı iki günə oxudum. Bir yerində ilişdim. Hüseyn Cavidlə bağlı bir adamın adı pisliyə çəkilirdi orda. Adı familiyası tam verilməmişdi. Baş hərfləriydi yalnız: A.Z. Atamdan soruşdum ki, bu A.Z. kimdir? Dedi ki, "akademik Abbas Zamanovdur. Sağdır. Düz edib bütöv yazmayıb adını”. Əvvəl inanmadım. Lakin həmin adamın filologiya fakültəsi partiya iclaslarının birindəki çıxışı və heç kim hiss eləmədən aradan çıxması o adın baş hərflərlə də olsa kitabda çəkilməsinə görə müəllifə haqq qazandırdım. "Vaxtdan uca” gözəl əsər idi.

DÖRDÜNCÜ TANIŞLIQ

AzTV-nin "Xəbərlər” proqramında işləyirdim. Mədəniyyət çəkilişlərini şair çörəyi yeyən mənə daha çox həvalə edirdilər. Bu çəkilişlərdə "hörmət” olmurdu. Amma qəhrəmanlar hamısı hörmətli adamlar idi. Daha doğrusu, cəmiyyətin qaymaqları. Onda vəzifəli, pullu adamlar hələ qaymaq sayılmırdı. Bakıda Amerika Universiteti fəaliyyət göstərirdi. Səhv etmirəmsə Rafael müəllim orda dekan idi. Həftədə bir dəfə görkəmli şəxsləri mühazirə deməyə dəvət edirdi. Gəncləri deyə bilmərəm, amma mən bu mühazirələrə əvvəldən axıracan diqqətlə qulaq asmışdım. Xüsusilə də Anarın mühazirəsinə.

SONRAKI TANIŞLIQLAR

Sonrakı tanışlıqlarım çoxaldı. Ona görə də nömrələməyə lüzum bilmirəm. Artıq Rafael Hüseynov proporsional seçki sistemiylə millət vəkili seçilmişdi. (Düz elədilər. Əsgər Məmmədovdan mənim də xoşum gəlmirdi) Tez-tez televiziya ekranlarında görürdük onu. Amma alimliyini, tədqiqatçılığını, yazıçılığını millət vəkilliyinə qurban verməmişdi. Qalın-qalın kitabları çıxırdı. Qəhrəmanları isə dahi, tanınmış, görkəmli insanlar idi. Adlarını çəkməyəcəyəm. Bir yazıya yerləşməz o insanların hamısının adını çəksəm. Həm də ki, məqsədim başqadır. Mənim yazımın nəticəsinə "Vaxtdan uca” təkcə bəs edər.

Vaxt keçdi. Atam dünyasını dəyişdi. Rafael Hüseynov rəhbərlik etdiyi muzeydə onun guşəsini açdı. Mənə zəng etdi ki, yardımçı olum. Dedim ki, nə vaxt gətirim dediklərinizi? Dedi ki, "dünən”. Həmişə gələcəyə can atan, yenilik etməyə çalışan adam üçün "bu gün” artıq gec sayılar. Dediyi kimi də etdim. Hamısını aparıb təhvil verdim muzeyə. Qabilin saatı, Üstündə şəkli olan yubiley araq şüşəsini (bütöv), araq içdiyi rumkası, papağı, saatı... necə deyərlər orijinal şeylər. Orden-medal, mükafatlarını da dedi ki, gətirərsən. Aparmadım. Çünki, hərdən özüm taxıb nəfsimi öldürürəm.

KLASSİK İNCİKLİK

Rafael Hüseynov Mədəniyyət komissiyasının sədri kimi iclasların birində deputat Zeynəb Xanlarova haqqında söz demişdi. Demə jurnalistlər bunu bəzəyərək aləmə başqa cürə car çəkiblərmiş. Söhbətə mən də bir publisist kimi münasibətimi bildirdim. "Zeynəb Xanlarovaya zəng” adlı yazıyla. İndi deyəcəksiniz ki, yəqin Rafael müəllim sənin bu yazından inciyib. İncisəydi sevinərdim. Söysəydi susardım. Bilirsinizmi ki, o boyda akademik, millət vəkili, komitə sədri, alim, muzey direktoru nə etdi? Mənə öldürücü zərbə vurdu. İndiyəcən özümə gələ bilmirəm. Nə etdi? Məni Feysbuk dostluğundan çıxartdı.

RAFAEL HÜSEYNOV QORXUSU

Atamın 90 illik yubileyi günlərində AzTV-də yayımlanan verilişdə çıxış etdi. Orda "Nəsimi” poemasıyla bağlı mənə gizli qalan bəzi detalları açıqladı. Sonra filarmoniyada keçiriləcək yubileydə "kimin çıxış etməyini istəyirsən” deyə mənə müraciət ediləndə, ilk olaraq iki nəfərin adını dedim: akademik Nizami Cəfərov və akademik Rafael Hüseynov. Razılaşmadılar. Rafael Hüseynovla bağlı onu əsas gətirdilər ki, ürəyi doludur. Açıldısa dayana bilmir. Reqlamentə təslim olmur. Başqalarına danışmağa imkan vermir. Mənə İsa Həbibbəylini məsləhət gördülər. Mən də ona razılıq vermədim. Oldu heç-heçə – 1:1

QABİLLƏ YAXINLIĞI

Atam Rafael Hüseynovun xətrini çox istəyirdi (əlbəttə ki, sağlığında). Bunun ilk olaraq hardan qaynaqlandığını açıqladım. Rafael Hüseynovun "Millətin zərrəsi” adlı kitabı barədə yazdığı "Bu kitab...” adlı məqaləsində əsas fikirlərini açıqlayıb. İstəyən olsa oxusun. Bir yaxınlıq da var. Bu da ondan ibarətdir ki, hər ikisi avqustun 12-də anadan olub. İkisi də əsl sənətin, əsl sənətkarın xiridarıdır. Hə. Lap yadımdan çıxmışdı. Bir şəxsi zarafatyana söhbətləri də vardı. Atamın adaşı olan xolodelnik ustası Qabillə bağlı. Bunu Rafael müəllim özü yaxşı danışır. Mən desəm korlayaram. Hə, bir xüsusiyyətini də qeyd etmək lap yadımdan çıxmışdı. Rafael müəllimin gözəl musiqi duyumu var. Səməd Vurğunun yaratdığı Vaqifin təbirincə desək "az-az oxuyur yeri gələndə”. Hətta deyərdim ki, xormeysterlik də edə bilər. Aşağıdakı videoda bunun siz də şahidi ola bilərsiniz. 



Mən hiss eləməmişəm. Amma deyirlər ki, Rafael müəllim yaman iddialı adamdır. Məncə mənfi cəhət deyil. Deyərdim ki, hətta müsbət xüsusiyyətdir.

SON

Ürəyimi boşaltdım. İndi qayıdaq başlığa. Bəlkə də yadımdan çıxanlar da oldu. Qalsın sonraya. Dünyanın axırı deyil ha...

Gülhüseyn Hüseynoğlu "Xalq yazıçısı” fəxri adı alanda soruşdum:

Papa, Gülhüseyn müəllimə niyə verdilər ki, bu adı? Bir məşhur əsəri var. O da ki, "Mücrü”. Onu da yaxşı ki, AzTV o vaxt balaca bir film kimi çəkib. Yoxsa heç kim tanımazdı. Mücrüyə görəmi verdilər?

Yox.

Onda, Azərbaycan mənsur şeirin əsasını qoyduğuna görə.

Yox.

Yəqin o vaxt antisovet gənclər hərəkatındakı iştirakına, "Azadlıq” deyə hayqırdığına görə.

Yox.

Onda, Azərbaycan ədəbiyyatını bir alim, bir müəllim kimi təbliğinə görə.

Yox. Bəs niyə?

Müşfiqin mənəvi övladı olduğuna görə.

Nədənsə, prezident İlham Əliyevin üç yazıçı haqqında sərəncamını görəndə atamla illər əvvəlki dialoqumuz yadıma düşdü. Və gözümün önünə ilk olaraq adını bu sərəncamda görmədiyim, amma görmək istədiyim Rafael Hüseynov, onun "Vaxtdan uca” əsəri gəldi. Atam sağ olsaydı ona sual verərdim. Deyərdim ki, bəs Hüseyn Cavid haqqında yazılan 363 səhifəlik "Vaxtdan uca” kitabı – gözəl əsər olmağı bir yana qalsın – mənəvi övladlıq deyilmi? 408 səhifəlik "1002-ci gecə” kitabı mənəvi övladlıq deyilmi? "Məhsəti necə varsa” kitabı mənəvi övladlıq deyilmi? "Millətin zərrəsi” kitabı mənəvi övladlıq deyilmi? Bütün əsərləri, kitabları sadalamağa ehtiyac duymuram. Sabah Rafael Hüseynov adı unudulsa da, əsər adları unudulmayacaq. Çünki sənətkarı atası verdiyi ad yox, yaratdığı əsərlərin adı yaşadır. "Koroğlu” operasından üvertura səslənir. Qulaq asırıq. Sonra deyirik: "Allah bunu bəstələyənə rəhmət eləsin”. Hər hansı milli valyutanı qiymətə mindirən qızıl, ləl-cəvahiriyyatdır. Xoşbəxt o yazıçıdır ki, onun heç olmasa bir kitabının, bir misrasının adı yaddaşlarda qala. Uzağa getməyək. Lap Qabili götürək:

Kütbıçaqparıldayıb

Xırçıltısalıb.

Qılıncqındapasatıb

Qındakorşalıb...

Heyf...korşalırıqbiz,

Səhvdüşəndəyerimiz.

2019