Oqtay RZA: Şeir payı da var riyaziyyatın!
- Sıfır
Bir görün necədir, nəçidir sıfır:
Vurulsa – varlığı heç edir sıfır.
Sıfırın ortada dəyəri vardır,
Sağda yazılanda güc qat-qat artır.
Öndə görünəndə ziyansızdır o!
Sıfır müstəqildir, həyansızdır o!
* * *
Möhtərəm filosof! De, nədir həyat!
Bəlkə tamaşadır, səhnədir həyat?
Çatsın nəzərinə şöhrətpərəstin:
Sıfırdan-sıfıra yol gedir həyat!
- Bir
Bir haray əsrlik səda olubdur,
Sinəmə sancılan cida olubdur –
Zəngəzur pay kimi verilib yada,
Naxçıvan quruda ada olubdur…
* * *
Bir böyük həsrətin sonsuz kədəri
Məni yandıracaq hər gün, həmişə:
Anam son mənzilə köçəndən bəri
Yadımdan çıxır ki, yadıma düşə!
* * *
Rəis hərdən gülümsəyir,
Bərkdən «bir-bir gəlin!» deyir.
* * *
Bircə sənsən gümanım,
Ümidim, and-amanım.
* * *
Bilinməzdi kövrəldiyim –
Gözüm yaşla dolmasaydı;
Uzaq səfər yaxşı şeydir,
«Birdən» sözü olmasaydı!
* * *
Birinci sinifdə oxuyanda mən
Dava tufanları gəlirdi Qərbdən…
* * *
Munis heyvanları sayır birbəbir:
Bir bəbir, bir ayı, bir pələng, bir şir…
BİRGÜL
Gəlib əlvan geyimli yaz,
Çiçək çıxıb dizə, Birgül!
«Bir gül ilə bahar olmaz»;
İnanma bu sözə, Birgül.
Torpağı bərk qucaqladın,
Gah sevindin, gah ağladın;
Qiyamətdir hüsnün, adın,
Gəlməyəsən gözə, Birgül!
Oqtay Zənginin balası,
Yadındamı Qız qalası?
Əfsanəyə qulaq asıb,
Döndün oda, közə, Birgül!
Bir də seyr et Bakını sən,
Görün xoşbəxt, danış şən-şən.
Yanardağın zirvəsindən
Bax laləli düzə, Birgül!
Sülh şərqisi yaya-yaya,
Yet köməyə, çat haraya!
Salam apar Ankaraya
Salam gətir bizə, Birgül!
- Beş
Tam orta məktəbdə fəal olmuşam,
Dərslərdə «beş», yəni «əla» almışam.
* * *
Bir vaxt çoxmillətli Sovetlər vardı,
«Beşillik plan»la addımlayardı.
* * *
Bakıda hələlik rəqibi yoxdur –
Ona «Beşmərtəbə» deyənlər çoxdur.
* * *
Tamaşaya baxmaq üçün
Yaxın-uzaq gələrdi –
«Beşmanatlıq gəlin» onda
Tez-tez göstərilərdi,
* * *
Nizami sözlərdən inci düzərək,
Beş dastan yaradıb məşhur «Xəmsə»tək.
* * *
Dövlət rəmzləri yaxşı bəllidir,
Ulduz çox bayraqda beş guşəlidir.
* * *
Bu tüfəng keçmişdən miras qalandır.
Adı əvvəlkitək – «Beşatılan»dır.
* * *
Kvintet – peşəkar beş musiqiçi,
Hamısı mehriban, xoş musiqiçi.
* * *
Hökm var çox uzun, hökm var qısa,
Verilib «Beşinci dəstə»yə cəza…
* * *
Anıram dağ aşıb, çay keçməyimi,
Məşhur «Beşbulaq»dan su içməyimi.
* * *
Tək-tək kristalın səthində hamar
«Pentaqon» adlanan beşbucaqlı var.
* * *
Dayandur şeirlə sağaldar yara,
Doğulub beş əziz qardaşdan sonra.
* * *
«Beşbarmaq» adlanan dağa qalxmışam,
Zirvədən Xəzərə xeyli baxmışam.
* * *
Gəzib dolaşmışam neçə diyarda,
Görəsən «Beştau» yerləşir harda?
* * *
Ölkədə həm uğur, həm yüksəliş var,
Çoxdandır həftədə beşgünlük iş var!
4. Yeddi
Qərinələr yola salan əsər var:
«Yeddi gözəl» – Nizamidən yadigar!
Göyün yeddi qatındakı ehtişam –
Ulduzların məclisidir hər axşam.
Yeddi oymaq. Yeddi oba. Yeddi kənd.
Sonuncunun təzə adı – Yenikənd.
«Yeddi oğul …» filmimizi biz gərək
Mahal-mahal, diyar-diyar göstərək!
Göy qurşağı – fizikada spektr,
Səmadakı yeddi rəngli ipəkdir.
Bitirəndə yeddiillik məktəbi,
Yayılırdı təzə dövrün tələbi.
Həftədəki mərtəbələr – yeddi gün,
Uğurlardan çələng hörək xalq üçün!
Ağacların altısı da cökəymiş,
Bağban gərək yeddincini əkəymiş.
Qışda yatan ayını yaz ayıldır,
Yeddinci ay həm eylül, həm iyuldur.
Altı qardaş – altı dayım var idi,
Anam Xanım – «Bircəbacı» nur idi.
Başqalaşıb həm təcrübə, həm bilik...
Daha yoxdur sirkə qabı «yeddilik».
Xəzərdədir Yeddi gəmi adası,
Hərəsinin öz yükü, səs-sədası.
Nəhəng Atlantida qəflətən batır…
Yeddinci qurutək su altındadır.
Koroğlu zövq alıb hansı ədəddən?
Yeddi min yeddi yüz yetmiş yeddidən!