adalet.az header logo
  • Bakı 21°C
24 Iyun 2019 12:09
15848
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: PIÇILDA MƏNƏ






















Kökləyə bilmirəm sarı sim üstə
Yarı ürəkdədi, yarı sim üstə...
Bütün olanları sarı, sim üstə -
pıçılda mənə...

Bu yayın dan üzü mehinə batım
Mürgülü güllərin şehinə batım...
Qoyma həsrətinin " eh!"-inə batım -
pıçılda mənə...

Eşqə qurban verdim ağıl payımı
Saxladım bu günə nağıl payımı...
Aç boxca payımı , daxıl payımı -
pıçılda mənə...

Çəkib tüstülənən közümü altdan
İndicə düşürtdüm sözümü atdan...
Nələr unudulub, çıxıbsa yaddan -
pıçılda mənə...

Tutdum ətəyindən göydəki Birin!
Dolandım başına yerdəki Pirin!
"Sevirəm !"- sözünü adın tək şirin -
pıçılda mənə!