hacklink Adalet.az | İlham İsmayıl: "Bağlı olan yol deyil..." Adalet.az | İlham İsmayıl: "Bağlı olan yol deyil..." Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

İlham İsmayıl: "Bağlı olan yol deyil..."

3286    |   2019-06-25 10:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyətin əsas ağırlıq mərkəzi Azərbaycanın iki əsas nazirliyinin – Azərbaycan Müdafiə nazirliyi və Xarici işlər nazirliyinin üzərinə düşür. Münaqişənin tarixinə və indiki vəziyyətinə baxanda, atəşkəsdən bu günədək hər iki nazirliyin üzərinə düşən vəzifəni yerinə yetirə bilməməsi faktdır. Hər şey göz qabağındadır. XİN sülh danışıqlarında, MN hərb istiqamətində heç bir uğura imza atmayıb. Ola bilsin ki, hansısa görülən iş uğur gətirib, amma bu kiçik və yada düşməyən "uğurlar” nəticəni- Qarabağın işğaldan azad edilməsini həll etməyib. Qarabağ işğaldadır, düşmən məskunlaşmanı davam etdirir, hər gün yeni sosial və yaşayış obyektləri tikir, beynəlxalq tədbirlər keçirir, beynəlxalq nümayəndələri qəbul edir, bir sözlə bir ölkəyə uyğun nə varsa onu həyata keçirir, işğala məruz qalmış Azərbaycan isə bütün baş verənlərə seyrçi mövqedə qalaraq, onsuz da möhkəm olmayan mövqelərini hər gün daha da zəiflədir.

Bu günlərdə Azərbaycanın bu iki vacib strukturuna rəhbərlik edən şəxslərin diqqət çəkən bəyanatları oldu. Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov bəyanatla çıxış edərək:" beynəlxalq vəziyyət müharibəni başlamağa imkan vermir”- dedi. Bu nə deməkdir? Azərbaycan vətəndaşı nə anladı bu bəyanatdan? "Beynəlxalq vəziyyətin imkan verməməsinin” detallarından xəbəri olmayan sıravi vətəndaş üçün bu o deməkdir ki, biz vətənimizi azad etmək üçün özümüzdən asılı olmayan vəziyyətin girovundayıq. Bu, dolayısı ilə məsuliyyəti üzərimizdən atmağın etirafıdır. Bu, kapitulyasiyaya bərabər etirafdır! Bu, torpağı azad edə bilməməyin sığortalanmasıdır və spekulyativ xarakter daşıyır. Bu, düşmənə status-kvonun dəyişməməsi üçün bəhanə verməkdir, atəşkəsi gözləməklə işğalı davam etdirmək üçün hədiyyədir! Bu, Azərbaycan tərəfdən aparılan Qarabağ siyasətinin dalana dirənməsidir. Belə çıxır ki, bu siyasəti, bu şüarı əlində bayraq edib vətəni azad etmək üçün qlobal beynəlxalq vəziyyətin üfüqdə görünməyən dəyişməsini gözləmək lazımdır. Bu məntiqlə ya üçüncü dünya müharibəsi başlamalıdır, ya da ATƏT-in Minsk Qrupu həmsədrləri olan dövlətlərin -ABŞ-ın, Rusiyanın  Fransanın dağılmasını gözləməliyik. Yəni, Qarabağdan əlini üz!

Faktiki olaraq, biz torpaqlarımızı azad etmək üçün müstəqil şəkildə müharibə etmək qərarını verə bilmək iqtidarında olmadığımızı etiraf etdik. Bu, indiyədək aparılan siyasətdə onsuz da hiss olunurdu, amma indi açıq şəkildə bəyan edildi.

Məhz bu bəyanatdan sonra Ermənistan xarici işlər nazirliyi "yaranmış status-kvodan səmərəli idarəetmənin yollarının müzakirəsinin tərəfdarı olduğunu” bildirdi. Düşmən bilir ki, beynəlxalq vəziyyət 25 ildir dəyişmədiyi kimi, 125 il də dəyişməyə bilər. Bu bəyanatı diqqətlə müzakirə edən qarşı tərəfin mövqeyi belədir: "bu bəyanat Azərbaycanı məcbur edir ki, öz xalqına etiraf etsin ki, müharibə yolu həmişəlik olmasa da, uzun müddətə bağlanıb və bununla Azərbaycan dolayısı ilə status-kvonu qəbul etmiş oldu”. Hadisələrin bu cür inkişafı, xalqı Qarabağ məsələsinə biganələşdirib, indiki acınacaqlı durumla barışdırıb və düşmən bunu açıq şəkildə hiss edir.

Ola bilsin ki, beynəlxalq vəziyyət dəyişəcək, hətta 10 dəfə dəyişəcək, amma kim qarantiya verir ki, yaranan dəyişiklikdən biz faydalanacağıq? SSRİ dağılanda beynəlxalq vəziyyət dəyişdi və yaranmış vəziyyətdən ermənilər yararlandılar, biz yox. Sabah Ermənistanın sığındığl Rusiyada siyasi çevriliş olsa, qarışıqlıq düşsə, Rusiyanın rəqibləri-Qərb bizim tərəfimizi tutacaqmı? Qətiyyən! Ermənistanın "məxməri inqilabını” Qərb öz dəyəri kimi qiymətləndirir və bu günkü dəstəyini sabah müttəfiqliklə əvəz edəcək. Bəs, əks durumdan niyə faydalana bilmirik, yəni Rusiyanın indiki vəziyyətində, Putinin dünyanı təhlükədə saxladığı bir zamanda niyə məsləni həll edə bilmirik? Deməli, günahı özümüzdə axtarmalıyıq, "beynəlxalq vəziyyət”də yox!

Ümumiyyətlə, "beynəlxalq vəziyyətin imkan verməməsinin” detalları nədən ibarətdir? Hətta, bu detalların əlverişli olmaması, Azərbaycanı torpaqlarını azad etmək qərarından çəkindirməməlidir. Əks halda, məsuliyyətin qeyri-müəyyən faktorların üzərinə atılması və bunun ordu tərəfindən bəyan edilməsi düşmən tərəfindən birmənalı olaraq təslimçiliyə hesablanmış addımlar kimi dəyərlindirilir. Xalqda isə inamsızlıq, ruh düşkünlüyü yaradır, ”xalqları sülhə hazırlamaq” tələsinin tərkib hissəsi kimi qəbul edilir.

Bəs, Vaşinqton görüşü ərəfəsində bu bəyanatın səslənməsi nə dərəcədə doğru idi? Bu qədər koordinasiyasızlıqla hara getmək olar?

Vaşinqton görüşündən sonra xarici işlər nazirimizin açıqlamalarında isə belə bir müddəa vardı: "görünür siyasi iradənin çatışmaması münaqişənin həllini uzadır”. Nazirin açıqlamasında bu iradəsizliyin kim tərəfindən nümayiş etdirilməsi tam aydın bilinmir. Əgər düşməni nəzərdə tutursa, o hansı çatışmayan siyasi iradədir? Bəlkə ermənilərin torpaqları sakitcə bizə qaytarmaq iradəsi nəzərdə tutulub? Təbii, ermənidən bu sadəlövh iradəni gözləmək özü sadəlövhlükdür. Bəs, bizdən hansı sülhpərvər siyasi iradə gözləntisi var? Torpaqları təslim etmək? Bizim çatışmayan bir siyasi iradəmiz var- işğal edilmiş vətənimizi azad etməyə qərar vermək iradəsi.

Nəhayət, "müharibəni başlamağa imkan verməyən beynəlxalq vəziyyətin ”bizimlə bağlı hissəsini dəyişmək üçün diplomatiyamız hansı gedişləri edib? Qeyd olunan beynəlxalq maneə müharibə etməyə imkan vermirsə, nədən həmin qüvvələr qarşısında sülh yolu ilə həll etmə tələbi qoyulmur? Belə nəticəyə gəlmək olar ki, hər iki yol bağlıdır və dalana dirənmişik. Amma, bağlı olan yol deyil, bağlı olan bizim iradəmizdir.



İmza:

YAZARIN ARXİVİ

2019-12-05 : BİZ HANSINDANIQ?
2019-12-04 : VAQİF İBRAHİM
2019-12-02 : O GÜN GƏLƏCƏK
2019-11-25 : Domokl qılıncı
2019-11-20 : GÜNÜN SİTATI
SON XƏBƏRLƏR
2019-12-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK