adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

MiRCƏFƏR BAğIROVU iKiNCi DƏFƏ GüLLƏLƏYƏCƏYiK?!

AQİL ABBAS
31383 | 2010-01-15 00:15
Qəzetələrdə oxudum ki, bəzi ziyalılar belə bir məsələ qaldırırlar ki, Mircəfər Bağırovu təzədən mühakimə eləmək lazımdı. Bilirsiniz də, bu Ukrayna məsələ qaldırıb ki, Stalini təzədən mühakimə eləmək lazımdı və Rusiya da Ukraynaya təzminat ödəməlidi. Səbəbi də odur ki, 30-cu illərdə Ukraynada 2 milyon adam aclıqdan ölüb, günahkar da təbii ki, mərkəzi hökumət olub.
   
   Ukraynada aclıq olanda, görəsən Rusiyada, Sibirdə, Qazaxıstanda, elə Stalinin özünün doğma Gürcüstanında camaat kef partladırdı? Nə isə, Ukrayna bilər, Rusiya bilər.
   
   Amma Mircəfər Bağırovun yenidən mühakimə edilməsi məsələsi gülməlidi, gülməli olduğu qədər də ağlamalıdı. Nədi, mühakimə edib Mircəfər Bağırovu təzədən güllələyəcəyik?!
   
   Azərbaycanda Mircəfər Bağırova yanaşma birmənalı deyil. Mircəfər Bağırov da bu xalqın oğludu. Bütün nöqsanları ilə,bütün ziddiyyətləri ilə, amansızlığı ilə bir yerdə bir şəxsiyyətdi. Heç kəs onun şəxsiyyət olduğunu dana bilməz. 37-ci ildə Azərbaycanda repressiyanı Mircəfər Bağırov həyata keçirirdi?! Adamları Mircəfər Bağırov güllələdirdi?!
   
   Gələk elə şair və yazıçılarımıza. Şair və yazıçılardan donosları Mircəfər Bağırov yazırdı? Hüseyn Cavidi, Əhməd Cavadı, Mikayıl Müşfiqi, Yusif Vəzir Çəmənzəminlini Yazıçılar İttifaqının həmin dövrdə Yazıçıların Ali Məhkəməsi olan "Natəvan" kulubunda top-tüfəngə Mircəfər Bağırov tuturdu, yoxsa yazıçıların özləri? Elə indi də yazıçılar bir-biri haqqında elə ağır ittihamlarla çıxış edirlər ki, 37-ci il olsaydı yenə tuthatut olardı.
   
   Mərkəzi hökumətin tapşırığıydı, millətin qaymaqlarını və bir də millətin yaraşıqlı, boy-buxunlu oğlanlarını aradan götürmək, milləti həm təfəkkür baxımından, həm də fiziki baxımdan cılızlaşdırmaq. Mircəfər Bağırovun gücü çatardı ki, əlini onun qarşısına versin? Bu, Gürcüstanda da belə idi, Ukraynada da belə idi, Özbəkistanda da, nə bilim day harda.
   
   Mircəfər Bağırov həmin dönəmdə Üzeyir Hacıbəyov kimi, Səməd Vurğun kimi , Rəsul Rza kimi və adlarını çəkmədiyim nə qədər ziyalı və alimləri qoruyub saxlaya bilibsə, elə bunun özü bir qəhrəmanlıqdı. Çalışdı Hüseyn Cavidi də qoruyub saxlasın, gücü çatmadı. Mircəfər Bağırov nəinki Allahın, heç Stalinin də bacısı oğlu deyil.
   
   Deyirlər Səməd Vurğun Stalinə, partiyaya yaltaq şeirlər yazıb, ona görə güllələməyiblər. Boş sözdü. Ona qalsa Mikayıl Müşfiq də partiyaya, Stalinə çox yaltaq şeirlər yazıb. Kim bilir Səməd Vurğun qədər, Süleyman Rüstəm qədər yaşasaydı onlardan da çox elə şeirlər yazacaqdı. Bu gün rahat, demokratik bir ölkədə yaşayıb 37-ci ildə sağ qalanları, eləcə də Mircəfər Bağırovu elişdirmək çox asandı. Allaha şükür ki, hər gün də qəzetələrdə belə şeylər oxuyuruq.
   
   Mən bir dəfə bu barədə böyük bir məqalə yazmışdım. Elə Mircəfər Bağırovun bir qəhrəmanlığı odur ki, Azərbaycan Xalq Cümhuriyyətinin kürəyinə xəncər saplayanların, Xalq Cümhuriyyətini satanların demək olar ki, hamısını 37-ci ildə güllələtdi, həm Müsavat hökumətinin, həm də xalqın intiqamını aldı.
   
   Bu da bir faktdır ki, Azərbaycan xalqının Orta Asiyaya və Sibirə sürgününün qarşısını da Mircəfər Bağırov aldı.
   
   Mən bu kiçik yazımda heç də Mircəfər Bağırova bəraət qazandırmaq fikrində deyiləm. Böyük günahları var və bu günahlarına görə də cəzasını alıb.
   
   Amma Xruşşov Mircəfər Bağırovu ona görə güllələtməyib ki, guya 37-ci ildə repressiyalara qurban getmiş azərbaycanlıları çox istəyib. Xruşşov özü onda harda idi? Xruşşov özü də həmin repressiya iştirakçılarından biri deyildimi? Əgər buna görə cəzalanma verilirdisə, elə Xruşşova da verilməliydi də. Nə oldu Xruşşov gülmə-şəkər çıxdı?
   
   Necə ki, Stalin öz hakimiyyətini möhkəmlətmək üçün güclü şəxsiyyətləri aradan qaldırırdı, Xruşşov da həmin yolla gedirdi. O da güclü və tarixi şəxsiyyətləri ya güllələtdi, ya Sibirə sürgün elətdirdi ki, özünün hakimiyyətini qorusun. Guya Xruşşov xalqlara canıyanan çıxmışdı?!
   
   Bəli, hər işimizi düzəltmişik, indi də Mircəfər Bağırovu təzədən mühakimə edəcəyik.
   
   Hələ heç 20 Yanvar hadisələrinin günahkarlarını, Xocalı faciəsini törədənləri, 20 noyabrda vertolyot qəzasına bais olanları tapıb üzə çıxarıb cəzalandıra bilməmişik, Mircəfər Bağırovu təzədən cəzalandırmaq istəyirik.
   
   Millət ölür də boş-boş şeyləri gündəmə gətirib müzakirə eləmək üçün...
   
   Bəlkə belə şeyləri bir kənara tullayıb yığılaq, maşallah, hüquqşünasdan çox hüquqşünasımız var, bir komissiya yaratsınlar, Qorbaçovu beynəlxalq məhkəməyə versinlər?!
   
   Sabah 20 Yanvar faciəsinin 20-ci ildönümüdü.

TƏQVİM / ARXİV