adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
22 Iyun 2019 12:55
19376
MƏMLƏKƏT
A- A+

Ceyhun Rzayev: Mən yaxşı adam olsaydım, sən bu vəziyyətdə olmazdın

"Millət, ürəyim partlayır. Tarqovı ilə gedirdim. Arxadan "dayı" səsi eşitdim. Əhəmiyyət verməyib davam elədim. Mən addımladıqca "dayı, ay dayı" səsi yenə gəlirdi. Fikirləşdim, küçə avarasıdı, pul istəyir. Hirslə dayandım. Çevrilib "nə istəyirsən" soruşdum. Arıq, uzun oğlan idi.
- Dayı, ay dayı, acam, mənə "Bravo"dan çörəklə su ala bilərsən?
Əynində nimdaş finka və futbolka, cırıq krossovka...
Girdik "Bravo"ya. Əsirəm...Ağlayıram...
Dedim, dönər alacam sənə, kola və ya fanta götür. Əl uzadıb ən kiçik qablaşdırmada olan kola götürdü...xərcə salmaq istəmədi məni.
- Gedək, sənə dönər alım.
- Dayı, dönərin puluna 2 gün qarnımı doyuzduraram.
Özümə nəzarəti tam itirdim. Əsirəm, ağlayıram. Hayqırtı çıxdı məndən. Mühafizəçi yaxınlaşıb nə olduğunu soruşdu.
Dedim, qurban olum, buna kömək eləyin fəhlədən-zaddan işləsin, internatdan çıxıb, qalmağa yeri yoxdu.
Adı Kənandı. Valideynləri sonuncu dəfə 2 yaşı olanda ziyarətinə gəliblər. Xatırlamır onları, tanımır. Mühafizəçiyə dedi ki, dayı, tanıdın məni, o gün yerdən 100 manat pul tapıb verdim sənə. Mühafizəçi üzünə baxıb tanıdı. Yerdən tapdığı 100 manatı cibinə qoymamışdı Kənan. Mühafizəçi dedi ki, "Megafun"ın yanındakı "Azpetrol"a get, tapşıracam səni.
Marketdən çıxıb "Avtoş" dönərə getdik. Soruşuram, toyuq istəyirsən, ya ət? Çörək, ya lavaş? Deyir, ucuzu hansıdısa, ondan.
Tarqovıdakı skamyada oturduq. Dönəri yarıdan kəsib paketə qoydu. Soruşuram, neynirsən. Deyir, bu günün sabahı da var, axı.
Telefonu yoxdu. Gecələr Tarqovıda gəzir. Səhər metro açılan kimi isə içəri daxil olub vaqonda oturaq vəziyyətdə yatır.
Ayaqqabı ölçümüz fərqlidi, paltarlarım isə olar ona.
Tapşırdım 1-ci gün işimə gəlsin. Evdən geyindiklərimi yığıb verəcəm ona.
Bir az da pul verdim ki, gecəni gedib ucuz, daxma kimi evlərdə keçirib, ayağını uzadıb normal yatsın.
Sağollaşanda dedi, arzum gələcəkdə xeyriyyə fondu yaratmaqdır. İnternat uşaqlarına kömək eləyəcəm. Mənə dedi, dayı, sən yaxşı adamsan. Hər adam eləmir bunu. Dedim, yox, Kənan, mən pis adamam, əclafam mən. Mən yaxşı adam olsaydım, sən bu vəziyyətdə olmazdın."